Yeni ssenari !- “Paşinyanın devrilməsi üçün zəmin hazırlayırlar” - Köçəryan qayıdır ?


“Rober Köçəryan və Serj Sarkisyanın Dağlıq Qarabağa gəlməsi buna işarədir”

 “Köçəryan hakimiyyətə gəlsə, əlbəttə, rəsmi Moskva ilə münasibətlər sıxlaşacaq”

“Amma Rusiya nə edə bilər?! Məsələ o həddə çatıb ki, indi bizə heç kim mane ola bilməz”



Ermənistandakı vəziyyət tədricən çətinləşir. Müharibənin gətirdiyi iqtisadi problemlər ölkəni fəlakətə sürükləyir. Paşinyan isə faktiki olaraq nə edəcəyini bilmir. Belə bir məqamda “Qarabağ klanı” sanki pusquda imiş kimi, Paşinyanı güdür, onu devirmək üçün fürsət axtarır. Sosial narazılılıqlar da artmaqdadır. 

Ermənistandakı daxili vəziyyəti  “Sherg.az”a qiymətləndirən “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, baş nazirin yaxın gələcəkdə devrilməsi ehtimalı tam realdır: 

“27 ildir, Ermənistanın işğalı altında olan əraziləri itirmək siyasi qüvvələrin narazılığına səbəb olur. Hələ tam açıqlanmasa da, tənqidi fikirlərin sayı artmaqdadır. Amma müxalif qüvvələr hələ hərəkətə keçmək istəmirlər. Çünki müharibə aparan baş naziri devirmək müsbət qarşılanmaya bilər. Amma istənilən halda narazı siyasi qüvvələr arasında canlanma hiss edilir.



Rober Köçəryan və Serj Sarkisyanın Dağlıq Qarabağa gəlməsi buna işarədir. Yəni Paşinyanı devirməyə zəmin hazırlayırlar. İqtisadi çöküş, pandemiyanın gətirdiyi xaotik vəziyyət, Azərbaycan ordusunun uğurlu əks- hücum əməliyyatları daxili vəziyyəti daha da mürəkkəbləşdirir.


Odur ki, müəyyən ssenari hazırlanır. Xalq üsyanının olacağını düşünmürəm. Çünki Paşinyan özü də hakimiyyətə bu yolla gəlmişdi və hazırda Köçəryana nisbətən reytinqi daha çoxdur. Hakimiyyətin siyasi yola dəyişiləcəyi də ağlabatan deyil. Bunun üçün seçkilər keçirilməli, vaxt ayrılmalıdır.  Belə bir boşluq indiki halda Ermənistana sərf etmir. Amma hərbi çevriliş yolu ilə Köçəryanın zor gücünə hakimiyyəti gəririlməsinə ehtimal böyükdür”.

 E. Şahinoğlu, həmçinin diqqətə çatdırıb ki, bu məqam Rusiyanın mövqeyinə təsir etsə də, bizi narahat etməməlidir: 

“Hərbi çevrilişlə Köçəryan hakimiyyətə gəlsə, əlbəttə, rəsmi Moskva ilə münasibətlər sıxlaşacaq. Amma Rusiya nə edə bilər?! Qoşunlarını bizim ərazimizə - Dağlıq Qarabağa daxil edərək Azərbaycan və Türkiyə ilə düşmən olmaq istəməz. Həm də məsələ o həddə çatıb ki, indi bizə heç kim mane ola bilməz”.