Gediş haqqı eyni olacaq

Şagirdlər şənbə günləri avtobuslardan istifadə edə biləcəklər

İctimai nəqliyyatdan yararlanmaq üçün məktəb tərəfindən müəllim, şagird və valideynlərə arayış veriləcək


Təhsil Nazirliyi həftə sonları ictimai nəqliyyatın fəaliyyət göstərmədiyini nəzərə alaraq müvafiq qurumlarla birgə məktəblərdə əyani tədrisə dəstək üçün yeni layihəyə start verir. "Məktəb avtobusu" pilot layihəsinə start verilir. Məlumatda bildirilir ki, xüsusi karantin rejimi dövründə Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərində şagird sıxlığının səmərəli tənzimlənməsi məqsədilə bir sıra dövlət ümumtəhsil müəssisəsində altı günlük dərs həftəsi tətbiq olunub. Layihə çərçivəsində Bakı Nəqliyyat Agentliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 10 oktyabr tarixindən etibarən seçilmiş istiqamətlərdə şənbə günləri ictimai nəqliyyatın hərəkəti təmin olunacaq.

İlk dəfə pilot qaydada təşkil ediləcək xüsusi marşrutlar üzrə avtobuslardan yalnız məktəb tərəfindən arayış verilən müəllim, şagird və valideynlər istifadə edə biləcəklər. Valideynlər və müəllimlər oktyabrın 9-dan müvafiq təhsil müəssisələrinə müraciət etməklə arayışı əldə edə bilərlər. Növbəti həftələrdə layihənin əhatə dairəsinin genişləndirilməsi davam edəcək.

Təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında bildirib ki, ölkəmizdə "Məktəb avtobusu" pilot layihəsinə start verilməsi olduqca uğurlu bir addımdır. Təhsil eksperti vurğulayıb ki, bu, ilk növbədə təhsilin əlçatanlığı üçün çox mühümdür:

"Bildiyimiz kimi, bir müddət əvvəl Nazirlər Kabinetinin müvəqqəti qaydalarına, əsasən dərslərin həftədə 2 dəfə keçirilməsinə qərar verilib. Lakin bu, dərs yükünün mənimsənilməsi üçün yetərli deyildi.

Yeni qəbul olunmuş qaydalara əsasən, oktyabrın 1-dən Bakı, Sumqayıt və Abşeron ərazilərində dərslər həftədə üç dəfə tədris olunacaq. Bu da müəyyən günlərdə şagird sıxlığına gətirib çıxarırdı.

Sıxlığın aradan qaldırılması üçün bir gün də, yəni şənbə günündə də tədrisin həyata keçirilməsi nəzərdə tutuldu. Lakin həmin gündə ictimai nəqliyyat işləmədiyi üçün bir çox sıxıntılar müşahidə olunmaqda idi.

Amma oktyabrın 9-dan etibarən məktəb tərəfindən müəllim, şagird və valideynlərə arayış veriləcək. Onlar yalnız həmin arayışı təqdim etməklə, nəqliyyatdan istifadə edə bilərlər. Bu, kifayət qədər yoluxma məsələsini nəzarətdə saxlamağa imkan verir".

K.Əsədov vurğulayıb ki, bu nəqliyyat vasitəsindən istifadə birmənalı şəkildə ödənişli olacaq:

"Hərəkət iştirakçıları adi vaxtlarda nə qədər vəsait ödəyirdilərsə, indiki qaydada o vəsaitləri ödəyəcəklər. İnanıram ki, bu layihə özəl məktəblərində olan avtobus xidmətlərini  dövlət təhsil müəssisələrində tətbiq eləməyə imkan verəcək ".