Baş ravvin Gəncədə: “Dünya bu vəziyyətə son qoymalıdır”

Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqal Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində dağılan ərazilərə baxıb.

"Sherg.az" məlumat verir ki, baş ravvinə məlumat verilərkən sentyabrın 27-də mülki əhaliyə qarşı hərbi təxribata əl atan Ermənistan silahlı qüvvələrinin Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, infrastrukturu, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən intensiv atəşə tutaraq mülki obyektlərə ciddi ziyan vurduğu bildirilib.

Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində ilkin məlumata görə, 13 nəfər həlak olub, 45-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

O da qeyd olunub ki, oktyabrın 11-də də düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – SCUD raketlərindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 40-dək insan yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqal Ermənistan ordusunun dinc sakinləri hədəfə almasını pisləyərək deyib:

“Burada mənə həmin gecənin dəhşətlərini danışdılar. Dinc əhaliyə qarşı belə cinayət törətmək çox dəhşətlidir. Dünya bu barbarlığa göz yummamalıdır. Bu cinayətlərin qarşısı alınmalıdır. Belə sakit yaşayış yerini dağıntılar içində görmək çox dəhşətlidir. Kim bizi eşidirsə, ona müraciət edirəm, bu terroru dayandırmaq lazımdır.

Təəssüf ki, mənim bugünkü səfərim bir növ qeyri-adi oldu. Mən yerli icma nümayəndələri ilə söhbətdə onların dəhşətli raket bombardmanları şəraitində necə yaşamaları barədə söylədiklərini eşitdim. Mənə bildirdilər ki, bəzi sakinlərin evlərinə ciddi ziyan vurulub, uşaqlar gecə vaxtı qışqıraraq yuxudan oyanırlar. Əlbəttə, bütün bunlar çox dəhşətlidir. Dəhşətlidir ki, dinc əhali əzab-əziyyət çəkir, dinc vətəndaşlara vəhşicəsinə hücumlar edilir. Buna son qoyulmalıdır. Bu, çox pis haldır, dünya bunları eşitməli və bu vəziyyətə son qoymalıdır. Beynəlxalq birlik dinc əhaliyə qarşı bu vəhşicəsinə hücumları dayandırmalıdır. Mən birbaşa yaşayış məhəlləsinə getdim, bütün bu dəhşətli dağıntıları öz gözümlə gördüm”.