“Sülhməramlıların gəlişinə icazə vermək olmaz” - Ermənistan təslim olur !

“Prezidentin də dediyi kimi, biz status-kvonu artıq dəyişmişik. Qələbəyə çox yaxınıq. Elə isə sülhməramlılara nə ehtiyac var?”

“Ölkə başçısı da öz çıxışlarında dəfələrlə deyib ki, biz nə sülhməramlıları, nə status məsələsini müzakirə etmək fikrindəyik”

“Bakıda, Gəncədə və digər şəhərlərimizdə minlərlə erməni yaşayır. Qarabağda da yaşayarlar”


Bu günlərdə Prezident İlham Əliyev  "TASS" informasiya agentliyinə videomüsahibə verib. Dövlət başçısı müxbirin növbəti suallarından birinə belə cavab verib: “...Status-kvo yoxdur, təmas xətti yoxdur. Hərbi müşahidəçilər texniki baxımdan necə və harada yerləşdirilə bilər? Axı döyüş meydanında vəziyyət hər gün dəyişir. Hansısa xarici müşahidəçilər oraya gələndə harada dayanacaqlar? Haradasa dağlarda, vadilərdə, körpülərin üstündə? Yəni bütün bunlar çox ətraflı işlənib hazırlanma tələb edir. Bu, öz hərbi kontingentini oraya göndərməyi lazım bilənlər üçün böyük riskdir.

Ona görə də bütün bunlar - sülhməramlıların tərkibi, mandatı, müddəti, məqsədləri razılaşdırılmalıdır...”. Deməli, ən azı yaxın perspektivdə sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsi məsələsinə razılıq vermək fikrimiz yoxdur. Elə isə vəziyyət bundan sonra necə inkişaf edəcək?

Sualmızı cavablandıran politoloq Azər Rəşidoğlu “Sherg.az”a bildirib ki, indiki məqamda sülhməramlıların yerləşdirilməsinə dair fikirləşmək tezdir:

 “Düzdür,  sülhməramlılar barədə baza prinsiplərində nəzərdə tutulub. Amma sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsi sonrakı prosesdir. Ermənilər ilk növdədə ətraf rayonları qeyd-şərtsiz boşaltmalı, qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmalı, kommunikasiya xəttləri bərpa edilməlidir. Ardınca Dağlıq Qarabağa aralıq status verilməli və ora sülhməramlılar yerləşdirilməlidir.

Bundan sonra isə yekun status barədə düşünülməlidir. Amma sülhməramlılar barədə indidən danışmaq çox tezdir. Digər əsas məsələ onların kimlərdən ibarət olmasıdır. Rəsmi Bakı vaxtı ilə təklif etmişdi ki, sülhməramlıların tərkibində Minsk qrupunun üzvləri olmasın. Məncə, ən ideal seçim budur”.

Rəşidoğlunun fikrincə, indiki situasiya beynəlxalq müşahidəçələrin bölgəyə yerləşdirilməsinə adekvat deyil:

 “Azərbaycan təkcə erməni seperatçılarını darmadağan etmir, həm də iranla sərhəd artıq ordumuzun nəzarəti altındadır. Ora sərhəd qoşunlarının qüvvələri yerləşdirilməlidir. Sülhməramlıların gəlişinə isə əsla icazə vermək olmaz. Ermənistanın, az qala, təslim olduğu vaxtda buna razılıq vermək doğru deyil.

Prezidentin də dediyi kimi, biz status-kvonu artıq dəyişmişik. Qələbəyə çox yaxınıq. Elə isə sülhməramlılara nə ehtiyac var? Ali baş komandan da öz çıxışlarında dəfələrlə deyib ki, biz nə sülhməramlıları, nə status məsələsini müzakirə etmək fikrindəyik. Bakıda, Gəncədə və digər şəhərlərimizdə minlərlə erməni yaşayır.

Qarabağda da yaşayarlar. Biz onların təhlükəsizliyinə təminat verərik. Bunu sülhməramlılar olmadan da edərik”.