“Düşmən terrorçu, qadın və yeniyetmələrdən istifadə edir” - Nəticə olmayacaq !

Sentyabrın 27-dən başlayaraq ermənilərin növbəti təxribatına qarşı əks-hücuma keçən Azərbaycanın müzəffər ordusu Erməni ordusunu acınacaqlı duruma salıb. Ordumuzun qarşısında duruş gətirə bilməyən ermənilər hər gün yeni təxribata əl atır. Onlar terrorçu qruplaşmalarını, qadınları, indi də yeniyetmələri orduya cəlb edirlər. Qeyd edim ki, Paşinyanın arvadı Anna Akopyan da dünən 13 erməni qadını ilə birgə təlimlərə başlayacağını, sonra isə Qarabağda döyüşəcəklərini açıqlayıb. Bu çağırış erməni qadınlarını döyüşə getməyə “ruhlandırmaq” istəyindən başqa bir şey deyil.

Ermənistan ordusu və cəmiyyətində yaranmış xaotik durumla bağlı “Sherg.az”a  danışan hərbi ekspert Emin Həsənli qeyd edib ki, ermənilərin insan resursu hər zaman az olub. Onun sözlərinə görə indi də müzəffər ordumuzun düşmən hərbi birləşmələrini məhv etməsi onları yeniyetmə və qadınlardan istifadə etməyə məcbur edir:

“Onlar bütün cəbhə boyu müharibə aparmaq gücündə deyillər. Əvvəl təmas xətti var idi, müəyyən qədər “güc”lərini orada yerləşdirə bilirdilər. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, şimal cəbhəsi-bütün cəbhə boyu döyüşlər getdiyi üçün onlar əlavə “qüvvələr”dən istifadə etməyə məcbur olurlar. Amma bunun da heç bir effekti olmayacaq. Çünki artıq ermənilər döyüşə qatılmaq istəmirlər. Onların heç vaxt güclü ordusu olmayıb, güclü ordu adlandırdıqları kəşfiyyatçılar, xüsusi təyinatlıların hamısı məhv edilib”.

E. Həsənli, həmçinin bildirib ki, ermənilər terrorçu, qadın və yeniyetmələrdən istifadə edərək hərbi hissələrini komplektləşdirməyi düşünürlər. Amma bunun da heç bir nəticəsi olmayacaq:

“İllərlə hazırlanmış, təlim görmüş əsgərləri bir nəticə əldə edə bilmədisə, bütün yüksəklikləri itirdisə, əlavə qüvvələr orada heç bir şey edə bilməyəcək”.

Ağarza Elçinoğlu