Düşmən körpələrimizi qətlə yetirir ! - “Beynəlxalq hərbi tribunal qarşısında cavab verəcək” – İş gedir ! 

“Ermənistanın faşist əməllərinin qisası şərəfli ordumuz tərəfindən alınır”

“Günhasız körpələrimizi qanına qəltan edən Ermənistan məsuliyyətdən yaxa qurtara bilməyəcək”


Dünən və bu gün mənfur düşmənin növbəti faşist əməlinə, vandallığına şahid olduq, oluruq. Sentyabrın 27-dən bu günə kimi Ermənistan ordusu hər fürsətdə mülki əhalimizi hədəf alaraq, dinc sakinlərimizi qətlə yetirib. Savaş meydanında uğursuzluğa düçar olan ermənilər vətəndaşlarımıza qarşı terror törədirlər.

Beynəlxalq hüququn normal və prinsiplərini heçə sayan separatçı rejim dünən günorta saatlarından başlayaraq Bərdə rayonunu intensiv raket və ağır artilleriyadan atəşə tutub. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu məlumat verib. Düşmənin Bərdə rayonu Qarayusifli kəndini ağır artilleriyadan atəşə tutması nəticəsində  21 nəfər həlak olub, 60 nəfər isə xəsarət alıb.

Düşmənin faşist əməlləri barədə fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Ramil Həsən bildirib ki, Ermənistan rəhbərliyi və onun havadarları törətdikləri əməllərə görə mütləq cavab verəcəklər. Parlament üzvü vurğulayıb ki, 30 ildir düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək üçün ordumuz bir ay ərzində ciddi uğurlara imza atıb:

“Ordumuz tarixi torpaqlarımızı bərpa etmək üçün beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində mühüm işlər görür. Ali Baş Komandanın əzmi və taktikası ilə düşməni həm cəbhədə, həm də diplomatiya masasında darmadağın edirik. Ona görə də Ermənistan və onun havadarları bütün cəhdlərlə iyrənc, həmçinin vandalizm siyasətini özündə əks etdirən addımlar atmaqdan çəkinmir”.

R.Həsən qeyd edib ki, düşmən mülki vətəndaşlarımızı, silahsız, cəbhə ilə əlaqəsi olmayan körpə balalarımızı qətlə yetirir. Lakin Azərbaycan Ordusu savaş meydanında, beynəlxalq hüquq normaları çərçivəsində bu vəhşiliklərin qisasını alır:

“Məlumdur ki, düşmən bütün fitnələrdən istifadə edərək humanitar atəşkəslərdən dərhal sonra Gəncə, Tərtər, Bərdə kimi rayonlarımızı raket və bomba atəşinə tutaraq günahsız insanlarımızın qətlinə fərman veriblər. Əminəm ki, şərəfsiz və iyrənc hakimiyyətə mənsub olan Paşinyan və onun havadarları mütləq törətdikləri cinayət əməllərinə görə cavab verəcəklər. Cənab Prezidentin rəhbərliyi altında bütün maneələrə və əngəllərə, təzyiqlərə və təsirlərə baxmayaraq, Azərbaycanın siyasi və diplomatık müstəvidə haqlı və ədalətli mövqeyinin bərqərar edilməsinə dair uğurlu addımlar atılır. Ona görə də düşmənin faşist əməllərinin qisası şərəfli ordumuz tərəfindən alınır. Günhasız körpələrimizi qanına qəltan edən Ermənistan məsuliyyətdən yaxa qurtara bilməyəcək”.

Parlamentari diqqətə çatdırıb ki, dövlətimiz BMT-yə müraciət edərək, beynəlxalq hərbi tribunalın qurulması, Cenevrə və Romada imzalanmış “Savaş cinayətləri və insan haqları” ilə bağlı bütün konvensiyaları özündə ehtiva edən addımlar atacaq:

“İnsanlıq cinayəti törətmiş, mülki vətəndaşların həlak olmasında iştirak etmiş Ermənistanın bütün şəxsləri beynəxalq hərbi tribunal qarşısında cavab verməli və cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu istiqamətdə müvafiq dövlət qurumlarımız tərəfindən addım atılır”.

Ordumuzun haqq savaşı apardığını deyən millət vəkili vurğulayıb ki, Azərbaycanın hansısa dövlətin torpağında gözü yoxdur:

“Cənab Prezident də dəfələrlə bunu qeyd edib. Biz sadəcə torpaqlarımızı işğaldan azad edirik. Dövlətimiz güclüdür və qısa zamanda torpaqlarımız düşmən tapdağından azad olunacaq. Beynəxalq arenada qardaş Türkiyə kimi dövlətlə birlikdə bu əngəlləri aşacağıq və aşırıq da.

Haqq-ədalət və zəfər qalib gələcək. Ölkə başçısının da vurğuladığı kimi, “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”. Rəşadətli ordumuz qələbə qazanacaq”.