Türkiyə Azərbaycanla nəfəs alır ! - Akarın Bakı səfəri: “Hərbi məsələlər koordinasiya ediləcək”

Bu günlərdə Bakı Türkiyədən gələn xeyli sayda yüksək rütbəli qonağa ev sahibliyi edir. Ötən gün qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu, növbəti dəfə ölkəmizə gəldi. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, keçmiş baş nazir Binəli Yıldırım, millət vəkilləri və digər vəzifəli şəxslər də artıq Bakıdadırlar.

Müdafiə naziri Hulusi Akarın da Azərbaycana səfəri gözlənilir. Türkiyənin bütün dövlət və hökumət qurumları bir aydan atıqdır ki, saatlarını Bakı vaxtı ilə qururlar. Bu günlər bütün Türkiyə Azərbaycanla nəfəs alır. Şübhəsiz ki, qardaş ölkənin diqqəti və dəstəyi ölkəmiz üçün çox vacibdir. Bir neçə gün öncə İzmirdə baş verən dəhşətli zəlzələyə rəğmən Türkiyə rəsmiləri Azərbaycana üz tuturlar. Bütün bunlar bir daha sübut edir ki, belə həssas və vacib məqamda qardaş ölkə Azərbaycanın yanındadır.



Prosesləri “Sherg.az”a şərh edən siyasi analitik Turab Rzayev bildirib ki, Türkiyənin dəstəyi bizim üçün önəmlidir və bu dəstəyi hər zaman görmüşük. Ekspertin sözlərinə görə, xüsusilə Dağlıq Qarabağ münaqişəsində Türkiyənin Azərbaycanın yanında olması və bunu açıq şəkildə bəyan etməsi çox əhəmiyyətlidir:

“Xarici işlər naziri Mövlud Çavuşoğlunun ilk səfərində məqsəd iki ölkə arasındakı koordinasiyanı həyata keçirmək, həm də beynəlxalq aləmdə birgə fəaliyyət idi. Yəni bir neçə ölkə, xüsusilə ATƏT-in Minsk Qrupuna üzv olan ölkələr haqq savaşımıza mane olmağa çalışırlar.

Lakin biz istər Türkiyə, istərsə də digər diplomatik kanallardan istifadə edərək mübarizəmizi davam edirik. Haqq yolunda irəli getməyimizdə isə qardaş ölkənin dəstəyi xüsusi rol oynadı. Müdafiə naziri Hulisi Akarın səfərində məqsəd Azərbaycanla hərbi məsələləri koordinasiya etməkdir”.

T.Rzayev qeyd edib ki, İzmir şəhərində baş tutan zəlzələ Azərbaycan cəmiyyətini də dərindən sarsıtdı:

“Özlərinin yardıma ehtiyacı olan bir zamanda Türkiyə rəsmilərinin ölkəmizə gəlməsi dostluq və qardaşlığımızın hansı səviyyədə olduğunu göstərir. Azərbaycan da eyni həssaslığı qardaş ölkəyə Türkiyəyə göstərməlidir və göstərir. Bu, hər birimizin vəzifə borcudur. Türkiyə rəsmilərinin İzmirdə olanlara baxmayaraq, Azərbaycana gəlməsi bir jestdir”.