Paşinyan İsraillə oyun oynaya bilməz

Sərdar Cəlaloğlu: "O, özünə ciddi tərəfdaş axtarmaq istəyir"

Avstriyanın paytaxtı Vyanada sinaqoq yaxınlığında baş vermiş terror aktından sonra Ermənistanın baş naziri Nikol Paşinyan İsrailin ünvanına səsləndirdiyi ittihamlara görə üzr istəyib.

N.Paşinyan bununla bağlı öz “Facebook” səhifəsində yazıb. Xatırladaq ki, erməni nazir bir gün əvvəl “Jerusalem Post” qəzetinə müsahibəsində İsraili Azərbaycana silah satmaqla erməni soyqırımında iştirak etməsini bildirmiş və İsrailin təklif etdiyi humanitar yardımı “Azərbaycan tərəfində döyüşən muzdlulara” göndərməyi tövsiyə etmişdi. Vyanada baş vermiş hücumdan sonra Nikol Paşinyan səhvini etiraf edib:

“Bu müsahibənin dərc olunmasından bir neçə saat sonra İsrailin dolayı da olsa, Vyanadakı sinaqoqa hücum qismində hədəf alınmasından təəssüflənirəm”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Şərq"ə açıqlamasında bildirib ki, Paşinyan əvvəl İsraili təhdid edib, sonra geri addım atmasının əsas məqsədi onun artıq mövcud reallıqları qəbul etməsindən irəli gəlir:

"Paşinyan bütün həqiqətləri açıq-aşkar görür və onları artıq qəbul etmək iqtidarındadır.  Paşinyan indi yeni bir siyasət -Rusiyadan ayrılmaq siyasəti  aparacaq.

Ona görə də, özünə ciddi tərəfdaşlar axtarmaqdadır.

O yaxşı bilir ki,  İsraillə münasibətləri yoluna  qoymadan Amerikada, Avropada ciddi müttəfiq tapa bilməyəcək".