Qarabağda düşmənin texnikası, canlı qüvvəsi sürətlə azalır

Elçin Alıoğlu: "Ordumuz Ermənistan Silahlı Qüvvələrinin hərbi texnikasının 63 faizini məhv edib"

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi uğurlu döyüş əməliyyatları və dəqiq atəş zərbələri nəticəsində erməni cəmiyyətində təşviş, Ermənistan ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür. Hətta könüllülər və düşmənin ordu bölmələrinin şəxsi heyəti arasında mübahisələr, bir-birinə qarşı silah tətbiq etmək, döyüşə girməkdən imtina, əmr olmadan mövqelərdən geri çəkilmə və kütləvi fərarilik baş alıb gedir.  Xüsusilə belə hallara şəxsi heyətin komandanlığı arasında da rast gəlmək mümkündür.

Siyasi-şərhçi Elçin Alıoğlu deyir ki, bu, ilk növbədə Azərbaycanın keçirdiyi əks-həmlə əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin kütləvi şəkildə itki verməsi ilə bağlıdır.

O bildirib ki, işğalçı ölkə məğlubiyyətə uğradıqca ordudakı fərarilik halları da sürətlə artır və onlar bunun qarşısını ala bilmirlər: "Qarabağda düşmənin canlı qüvvəsi və texnikası sürətlə azalır. Bu səbəbdən Ermənistanın Müdafiə Nazirliyi təcili olaraq Qarabağa əlavə canlı qüvvə və texnika yollamağa başlayıb.

Təbii, Ermənistanın Rusiyadan gizli yollarla alacağı hərbi texnika rəqəmləri daha da artıra bilər. Amma sentyabrın 27-dən bəri gedən döyüşlərdə ordumuz Ermənistan Silahlı Qüvvələrinin hərbi texnikasının 63 faizini məhv edib. Düzdür, yerdə qalan qüvvə ilə ermənilər ciddi müqavimət göstərə bilərdilər.

Lakin çətin, çünki belə müqavimət üçün təcrübəli və istedadlı komandirlər gərəkdir. Ermənistan ordusu isə döyüşlərdə artıq 13 yüksək rütbəli zabitini birdəfəlik itirib və bəziləri də fərarilik edir.

Onu da unutmayaq ki, Ermənistan Müdafiə Nazirliyi üçün döyüşlərə əlavə qüvvə və texnika yollamaq heç də asan deyil. Səbəb isə hərbi məğlubiyyətləri ilə barışa bilmədikləri üçün Ermənistanda çox ciddi siyasi böhran yaşanır".