Tarixə qızıl hərflərlə yazılacaq Qələbə !- “Qarabağ və onun tacı olan Şuşa bizimdir”

"Türkiyə və Rusiya sülhməramlılarının Ermənistanla sərhədlərimizdə yerləşdirilməsi də bizim xarici siyasət xəttimizin uğurlu addımıdır"


Bu gün Azərbaycan tarixində əlamətdar gündür. Rusiyanın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış bəyanata müvafiq olaraq İkinci Dağlıq Qarabağ savaşı başa çatdı. Bizim qələbəmizlə, ədalətin bərpası ilə! Sentyabrın 27-dən etibarən xeyli ərazimizi düşməndən azad etmişdik. Dekabrın 1-dək isə işğalçı ölkə daha üç rayonumuzu-Laçın, Kəlbəcər və Ağdamı bizə qaytaracaq. Deməli, biz həm hərbi, həm də diplomatik sferada Ermənistanı məğlub etdik. Prezident, Ali baş komandan İlham Əliyevin təbirincə desək:

-Nə oldu, Paşinyan?



Millət vəkili Rüfət Quliyev tarixi qələbə ilə bağlı keçirdiyi hissləri “Sherg.az”la bölüşüb: 

“İlk növbədə xalqımızı, qalib Ordumuzu, bu qələbənin bayraqdarı olan Ali Baş Komandanımız cənab İlham Əliyevi, bütün dünya azərbaycanlılarını tarixə qızıl  hərflərlə yazılacaq şanlı Qələbəmiz münasibətilə təbrik edirəm.

Azərbaycanın bu tarixi qələbəsi bizə layiq olduğumuz təsəvvürəgəlməz qürur hissi bəxş etdi. 30 illik narahatlığımıza son qoydu. İndi biz fəxrlə deyirik: əzəli torpağımız olan Qarabağ və onun tacı Şuşa bizimdir. Düşmənin fəqərə sümüyünü qıran Ordumuzun zəfər sorağı dünyanın hər yerinə yayılıb.

Və bizi istəyənlərin təbrikləri saysız, sevincləri sonsuzdur. Fərəhli bir gün yaşayırıq. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının müjdəçisi olan xoşbəxt bir gün. Bu gündən başlayaraq Azərbaycan əsgəri vuruşmaqla yox, sərhədlərimizi qorumaqla məşğul olacaq. Türkiyə və Rusiya sülhməramlılarının Ermənistanla sərhədlərimizdə yerləşdirilməsi də bizim xarici siyasət xəttimizin uğurlu addımıdır.

Belə bir vəziyyət imkan verəcək ki, sərhədlərimiz daha etibarlı qorunsun. Çünki bu sərhədləri əsgərləmizlə birgə dost ölkənin sülhməramlıları da qoruyacaq. Bu, Azərbaycanın beynəlxalq aləmdəki önəminin  miqyasını göstərir. Bir daha bayramınız mübarək!”.