Zurabişvili pafosla DANIŞIR: “Yeni eranın formasını müəyyənləşdirmək çətindir”

“Sözsüz ki, Azərbaycan torpaqlarının qaytarılması Gürcüstan üçün də maraqlıdır”

“Çünki azad edilmiş ərazilərdən rəsmi Tbilisinin maraqlarına uyğun mühüm nəqliyyat infrastukturu keçir”

“Amma  torpaqların qaytarılması Azərbaycan-Ermənistan münasibətlərinə, gedən proseslərə əsaslı təsir edəcəyi demək deyil”



Gürcüstan Prezidenti Salome Zurabişvili Ermənistan və Azərbaycanı faciəvi müharibənin başa çatması münasibətilə təbrik edib.  O bu barədə özünün “Twitter” hesabındakı paylaşımında bildirib. S.Zurabişvili qeyd edib ki, Qafqazda yeni era başlayır: 
“Mən dostlarımız Ermənistan və Azərbaycanı bu faciəvi müharibənin başa çatması münasibətilə təbrik edirəm. Və bütün vasitəçilərə təşəkkür edirəm. Qurbanların ailələrinə başsağlığı verirəm. Sülh və stabilliyin alternativi yoxdur. Biz birlikdə əməkdaşlığın yeni səhifəsinə başlayırıq”.

Deməli, bir ay çəkən genişmiqyaslı hərbi əməliyyatlar regiona həddindən artıq cəddi təsir edib? Hər halda Zurabişvilinin dediklərindən belə məlum olur. Politoloq İlqar Vəlizadənin fikirləri isə başqa cürdür. O, Gürcüstan prezidentinin dediklərinə dair düşüncələrini “Sherg.az”la bölüşüb: 

“Bunlar pafoslu sözlərdir. Qafqazda yeni eranın başlanmasını hərə bir cür başa düşə bilər. Xanım dövlət başçsının da bununla bağlı öz təsəvvürləri var. Əlbəttə, son hadisələrdən sonra regionda hansısa yenilik gözləmək olar.
Amma onun forma və məzmununu indidən müəyyənləşdirmək çətindir.

Sözsüz ki, Azərbaycan torpaqlarının qaytarılması, ərazi bütövlüyümüzün bərpası hamı, xüsusilə region ölkələri, o cümlədən Gürcüstan üçün maraqlıdır. Çünki azad edilmiş ərazilərdən rəsmi Tbilisinin maraqlarına uyğun mühüm nəqliyyat infrastukturu keçir. Dediyim kimi, ciddi hadisələr baş verdi. Amma  torpaqların qaytarılması Azərbaycan-Ermənistan münasibətlərinə, gedən proseslərə əsaslı təsir edəcəyi demək deyil”.

İ.Vəlizadə yaxın gələcəkdə hansısa üçtərəfli əməkdaşlığı real hesab etmir:

 “Məncə, bu, istisnadır. Amma münasibətlər başqa formada inkişaf edə bilər. Üçtərəfli əməkdaşlıq üçün hələ çox tezdir. Əvvəlcə, Ermənistanla diplomatik əlaqələr normallaşmalıdır.

Bundan ötrü isə işğalçı ölkə gərək Azərbaycanın ərazi bütövlüyünü tanısın və iddialarından əl çəksin. 

Əməkdaşlıq isə indiki halda ancaq sülhməramlılarla bağlı ola və humanitar xarakter daşıya bilər. Bundan başqa nə isə düşünmək mümkün deyil”.