General: - “Türkiyə sülhməramlıları da Qarabağda... - ŞƏRH

Osman Qazi Kandemir: "Hazırda bu istiqamətdə danışıqlar gedir"

"Fəqət Kəlbəcər, Laçın və Ağdamın Azərbaycana  döyüşsüz verilməsi böyük nəticədir" 


Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatlara son qoyuldu. Amma hələlik. Bundan sonra nə olacağını heç kim bilmir. Əminliklə səsləndirə biləcəyimiz yeganə fikir Ermənistanın məğlub olmasıdır. Bəli, it qovuldu. Deməli, məsələ bitdi? Bax, bunu demək çətindir. Azərbaycanın əzmkarlığı, Türkiyənin qətiyyəti, Rusiyanın “sülməramlı”canfəşanlığı və Ermənistanın həyasızlığı onu deməyə əsas verir ki, “bu xəmir hələ çox su aparacaq”. Yaxşı, bəs doqquz bəndlik sənədin əhəmiyyəti nədən ibarətdir? 

Türkiyəli ehtiyatda olan general Osman Qazi Kandemir sənədin mahiyyətini “Sherg.az”a təhlil edib: 

“Beləliklə, 1991-ci ildən başlayan müharibənin sona çatdı. Azərbaycanın qalib, Ermənistanınsa məğlub olması şübhəsizdir. Halbuki işğalçı tərəf üç- dörd gün əvvələ kimi “Azərbaycan Şuşaya daxil olmaz” deyir, bizi silahlı qüvvələrimizin zərərsizləşdirilməsi, hətta digər torpaqlarımıza da girə bilməsilə hədələyirdi. Azərbaycan dövləti, xalqı və ordusu bunun belə olmadığını, rəsmi İrəvan iddialarının yalnız sözlə məhdudlaşdığını göstərdi. Nəzərə almaq lazımdır ki, Azərbaycan və Ermənistan iki müstəqil dövlətdir.

Adətən belə hallarda kompromisə getmək şərtə çevrilir. Ona görə də yüz faizli qələbə gözləmək lazım deyil. Hər halda konkret olmayan və qaranlıq qalan məqamlar var. Amma istənilən halda “Böyük Ermənistan” xəyalı puç oldu. Hadisələr belə davam etməsəydi, düşmən işğaldan əl çəkməz, hətta Türkiyə və Gürcüstan torpaqlarına iddia edə bilərdi. Lakin daha belə şansı yoxdur. Yəni türk dünyasının gələcəyi baxımından çox vacib nəticə qazanıldı.

Eyni zamanda erməni şıltaqlığına zərbə vuruldu. Bu dövlət təkcə son otuz ildə deyil, əsrlərdir, daha konkret desək, 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən bu yana daim Qərbin qayğısını hiss edib. Amma bu dəfə elə olmadı. Putinin “müharibə Ermənistan torpaqlarında getmir” bəyanatı ilə rəsmi İrəvanın da iddialarının sorğu-sual edildiyi üzə çıxdı”.

 Ekspertin fikrincə, əldə olunmuş nəticə ilə Ermənistana çoxtərəfli zərbə endirildi:

“Diaspor da uduzdu. Həmçinin ASALA, PKK kimi terror təşkilatlarına lazımi cavab verildi, mülki insanların hədəf alınmasının nə demək olduğu göstərildi. Daxildəki xaotik vəziyyət, hakimiyyətin tədricən zəifləməsi də dediyimiz fikrin sübutudur. Həmçinin otuz ildir heç bir effektiv işlə məşğul olmayan ATƏT-in Minsk qrupu da sıradan çıxdı. Noyabrın 8-da Şuşa alınarkən Ərdoğanla Putin arasındakı telefon danışığı bundan sonrakı mərhələlərdə Türkiyə və Rusiyanın mühüm rol oynayacağını göstərir. Əlbəttə, Rusiyanıın Laçın dəhlizinə nəzarət etməsi arzuolunan deyil. Əgər Türkiyə sülhməramlıları da orada olarsa, gözümüz arxada qalmaz.

Hazırda bu istiqamətdə danışıqlar gedir. Fəqət Kəlbəcər, Laçın və Ağdamın Azərbaycana  döyüşsüz verilməsi böyük nəticədir. Hər şeyin birdən-birə olmadığını gərək nəzərə alaq”.