Paris şübhə yeri qoymadı

Fransanın təşəbbüsü separatizmə, terrorizmə olan loyal, dəstəkləyici münasibətin açıq-aşkar təzahürü kimi qiymətləndirilir


“Ermənistanın Azərbaycana olan təcavüzkar və təxribatçı hərəkətlərinin qarşısının qətiyyətli formada alınması dünyanın bir çox ermənipərəst dövlətlərini narahat etməyə başladı. Erməni lobbisinin təsiri ilə öz müstəqil qərarvermə imkanlarını itirən Avropanın bir çox siyasi liderləri daha çox şəxsi maraqlardan çıxış etməyə başladılar. Bu addımları ilə daha çox siyasi hakimiyyətlərini qorumağa və xristian təəssübkeşliyi göstərməyə cəhd etməklə əslində dövlətlərinin, xalqlarının milli maraqlarına, beynəlxalq hüquq normalarına qarşı çıxmış oldular. Xüsusilə də “demokratiyanın beşiyi”, “sülhün, təhlükəsizliyin qoruyucu”su kimi özünü təqdim edən Fransa və onun rəhbəri Makronun beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla verdiyi bəyanat birbaşa təcavüzkar, terrorçu Ermənistana açıq dəstəyinin nümayişi idi.

Bu, həm də Fransanın BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq həmin qurumun prinsiplərini heçə almasını göstərdi“.

Bu sözləri politoloq Ramid Hüseynov “Şərq“ə açıqlamasında deyib. O bildirib ki, şübhəsiz ki, Fransa liderinin sentyabrın 27-dən sonra aparılan hərbi əməliyyatlar zamanı nümayiş etdirdiyi siyasi mövqeyi illər əvvəlki reallığa dayanır:

“Söz və fikir azadlıqlarının yüksək səviyyədə “mövcud olmasına” baxmayaraq Fransada erməni lobbisinin təhriki ilə absurd hesab edilən “uydurma erməni soyqırımının” inkar edilməsinə görə cinayət məsuliyyətinin müəyyən edilməsi bu ölkənin əsl mahiyyətini bir daha göstərir. Lakin 1992-ci ildə ermənilər tərəfindən törədilən Xocalı soyqırımının, o cümlədən, 2020-ci ilin oktyabr ayında Gəncədə, Bərdədə törədilmiş terror aktlarına reaksiya verilməməsi qərəzin, ikili münasibətdən olduğunu sübut edir. Bu mövqeyi nəzərə alaraq, Paris meri Enn İdalqonun separatçı Dağlıq Qarabağ qurumunun tanınması təşəbbüsü ilə çıxış etməsini həmin ölkənin siyasətin tərkib hissəsi kimi görmək olar. Təşəbbüsü separatizmə, terrorizmə olan loyal, dəstəkləyici münasibətin açıq-aşkar təzahürü kimi qiymətləndirilir.

Halbuki, 15 iyul 1983-cü ildə erməni terror təşkilatı olan ASALA-nın Parisin Orli beynəlxalq hava limanında 8 nəfər həlak olması və 55 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə həyata keçirdiyi terror aktı Fransa üçün elə də uzaq tarix deyil. Onu da qeyd etmək lazımdır ki, həlak olanlar arasında Fransa, ABŞ, İsveç və Türkiyə vətəndaşlarının olması onu deməyə əsas verir ki, ermənilər üçün hər hansı millətin fərqi yoxdur.

Həbs olunan 6 nəfərin arasında terror aktının əsas təşkilatçısı və terrorçu dəstənin başçısı Suriya ermənisi olan Varujan Karapetyan da yer alması bunun ermənilər tərəfindən törətməsinə heç bir şübhə yeri qoymur”.

“Lakin terrorizmə qarşı koalisiyada yer almasına baxmayaraq Fransanın dünən olduğu kimi, bu gün də erməni terrorizminə sərt reaksiya verməməsi, separatçı qurumu tanımaq cəhdi çox təəssüf doğurur. Düşünürəm ki, bu Türkiyənin artan nüfuzu, Azərbaycanın yanında yer alması, Ermənistanın məğlub olması, rəzil duruma düşməsi, erməni mifinin dağılması, erməni lobbisini ciddi hərəkətə gətirməsi və Fransa dövlətinə təsirləri ilə izah oluna bilər. Digər tərəfdən, Türkiyənin geosiyasi üstünlüyü, dünyadakı hərbi-siyasi gücünün artması Fransa dövlətini də narahat etməyə başlayıb.

Lakin Fransa dövlətinin erməni lobbisinin təsiri ilə öz narahatlığını, qəzəbini terrorçu, separatçı qurumlara dəstək verməklə ifadə edilməsi həmin ölkənin nüfuzu baxımdan çox ziyanlıdır”- deyə, politoloq əlavə edib.