Türk diplomat: “Qarabağda müharibənin alovlanma təhlükəsi var” - Nöqtə qoyulmayıb! 

“Regionda belə halların saysız-hesabsız nümunələrini illərdir, görürük”

“İşğalçının şərtləri yerinə yetirib-yetirməyəcəyini ən çoxu iki həftəyədək biləcəyik”

“Yaxın gələcəkdə diplomatik və hüquqi istiqamətdə böyük mübarizənin aparılacağını, hərbi uğur qazanan Azərbaycanın yenə qələbə əldə edəcəyini arzulayır və buna inanıram”

Azərbaycan son aylarda Qarabağ yarasının birdəfəlik sağalması üçün həyata keçirdiyi əks-hücum əməliyyatları ilə nəzərləri özünə çəkdi. Bəli, planetin gözü bizdə idi. Amma yuxuları gələn andaca gözlərini yumanlar olduğu kimi, bəlkə, bir köməyə ehtiyac olar deyə, daim ayıq-sayıq qalanlar da var idi. Əlbəttə, qardaş Türkiyə yenə fərqləndi. Prezidentlər arasındakı telefon danışıqları, türk nazirlərin azərbaycanlı həmkarları ilə görüşləri qardaşlığımızın necə möhkəm bağlarla qurulduğunu bir daha təsdiqlədi. Əslində biz bunu çox yaxşı bilirdik. Fəqət indi dünya da gördü. Gördü ki, türk həmişə həqiqətin və ədalətin yanındadır.

44 günlük müharibənin yekununda Rusiyanın da iştirakı ilə imzalanan üçtərəfli bəyanat Ermənistanın məğlubiyyətini rəsmi şəkildə təsdiqlədi. Beləliklə, düyünün açılması istiqamətində yeni səhifə başladı. Dövlətlərin iddiaları və bəyanatları onu deməyə əsas verir ki, bundan sonra hərbi əməliyyatlar dayansa da, diplomatik həmlələr əvvəlkindən daha çox olacaq. Və, əlbəttə, rəsmi Ankara yenə bizimlədir.

 Türkiyənin keçmiş səfiri, “Gələcək” partiyasının xarici əlaqələrlə iş üzrə rəhbəri, politoloq Ümit Yardımın “Sherg.az”a müsahibəsi zamanı dedikləri yuxarıdakı fikirlərin təsdiqidir:

- Müharibə niyə otuz il sonra, məhz indi başladı?

- Əvvəlcə, Qarabağın vacib bir hissəsi olan 5 rayonun azad edilməsi münasibətilə bütün Azərbaycanı, o cümlədən ordunuzu, xalqınızı təbrik edirəm. Həmçinin dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, bu mübarizəyə güc, zəhmət sərf edən, qələmi, yazıları, iclasları, mitinqləri, qısacası, siyasi və hüquqi müstəvinin bütün istiqamətləri ilə dəstək verən qardaşlarımızı da təbrik edirəm. Hamımıza xeyirli olsun. Bu yolda şəhid olanlar əbədi dünyanı qazanıblar. Onlara hər birimizin böyük borcu var. Unudulmayacaqlar. İndi keçək sualınıza, hər bir tarixi hadisənin reallaşması üçün siyasi, hərbi, sosial olmaqla bütün şərtlərin adekvat olması, yəni şəraitin buna imkan verməsi mütləqdir. Hər şey vaxtında olmalıdır. Nə tez, nə də gec. Tez olsa, uğursuzluq qaçılmazdı. Gec olarsa, həmin fürsət bir də ələ düşməz. Müharibənin niyə məhz otuz il sonra, sentyabrın 27-də başlaması sualının cavabları da vurğuladığım kimi, lazımi şərtlərin indi formalaşması ilə əlaqəlidir. Tarixin təqdim etdiyi fürsət ən azından bu mərhələdə dəyərləndirilmiş və əhəmiyyətli nailiyyətlər qazanılmışdır.

- İlk həftələrdə Rusiya bizi təəccübləndirəcək qədər səssiz idi. Plan nəydi?

- Bu, məncə, daha çox Azərbaycanın qətiyyətilə bağlı idi. Otuz ildir yığılan azadlıq arzusunun qarşını kəsməyə çalışmaq Kremlin mövqeyinə böyük zərər verə və ciddi reaksiyalara səbəb ola bilərdi. Azərbaycanın işğalı sonlandırmaq istiqamətindəki qərarlığını heç bir güc dayandıra bilməzdi. Nə Rusiya, nə də başqası.

- Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatı necə qiymətləndirirsiniz?

- Sənədi mahiyyət etibarı ilə müsbət qiymətləndirirəm. Əlbəttə, bəyanat imzalanmazdan əvvəl bütün siyasi-hərbi şərtlər nəzərə alınıb, müzakirə edilib. Bu, Ermənistan üçün böyük və tarixə düşəcək məğlubiyyətdir. Şübhəsiz, könlümüzdən keçən bütün Qarabağın Azərbaycana qaytarılmasını nəzərdə tutan sənəd idi. Xocalı, Xankəndi və daha bir neçə yerdə də üçrəngli bayrağın dalğalanmasını istərdik. Amma imzalanma şərtlərini ən yaxşı bilənlər liderlərdir. Ona görə iradələrinə hörmətlə yanaşılmalıdır. İndiki məqamdan sonra razılaşmanın necə həyata keçiriləcəyini gözləməliyik. İşğalçının şərtləri yerinə yetirib-yetirməyəcəyini ən çoxu iki həftəyədək biləcəyik. Hərbi uğurların əsl məqsədinə çatmasından ötrü diplomatik və hüquqi vasitələrlə son nöqtə qoyulmalıdır. Bunun üçün BMT Təhlükəsizlik Şurası qərarının lazımlı olacağına inanıram. Bildiyimiz kimi, həmin qurum 822, 853, 874 və 884 saylı qətnamələrilə Azərbaycanın ərazi bütövlüyünü və işğal faktını tanıyır. Növbə hazırkı vəziyyətin ən yuxarı səviyyədə təsdiqində, dünyaya bəyan edilməsindədir.

- Ən çox müzakirə edilən məsələ türk sülhməramlılarının regionda olub-olmamasıdır. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “hə”, rusiyalı həmkarı Sergey Lavrov “yox” deyir. Bəs, sizcə?

- Nazirimizin nəyi nəzərdə tutduğunu deyə bilmərəm. Lakin imzalayan tərəflərdən ikisi-Rusiya və Ermənistan türk əsgərinin bölgədə olmayacağını açıq-aydın deyib. Amma Türkiyənin də Qarabağda olması məsələnin həlli istiqamətində mühüm amil rolunda çıxış edə bilər. Tərəflər bu məsələyə aydınlıq gətirməlidirlər. Qarşıdakı günlərdə mövzunun mahiyyətininin nədən ibarət olduğunu görəcəyik.
  
- Düzdür, Böyük Millət Məclisində artıq bu barədə qanun layihəsi təsdiqlənib. Amma tutaq ki, Lavrovun arzuladığı kimi alındı. Onda ən pis ssenari nədən ibarət ola bilər?

- Türkiyə sülhməramlılarının regionda olması Azərbaycanın təhlükəsizliyini təmin edər. Həmçinin siyasi həllə dəstək verər, bu prosesi sürətləndirər. Azərbaycan xalqının türk əsgərinə nə qədər güvəndiyini bütün dünya bilir. 1918-ci ildə olduğu kimi, bu gün də belədir. Bundan sonra da qarşılıqlı inam aramızdakı ən güclü bağlardan birini təşkil edəcək. Amma artıq sənəd imzalandığına görə, onun icrasını  və digər torpaqların da azadlığa qovuşacağını gözləməkdən başqa əlimizdən heç nə gəlmir.

- Bu nöqtədən sonra hərbi əməliyyatlar yenidən başlaya bilər? Ermənistanın Moskva, Cenevrə və Vaşinqton razılaşmalarının heç birinə əməl etmədiyini gördük...

- Dediyim kimi, müharibələr konkret nəticələrlə yekunlaşmadığı və bütün beynəlxalq siyasi-hüquq sisteminə tam əməl edilmədiyi təqdirdə təkrarlana  bilər. Hər zaman alovlanma təhlükəsi var. Regionda belə halların saysız-hesabsız nümunələrini illərdir, görürük. Yaxın gələcəkdə diplomatik və hüquqi istiqamətdə böyük mübarizənin aparılacağını , hərbi uğur qazanan Azərbaycanın yenə qələbə əldə edəcəyini arzulayır və buna inanıram. Məncə, hərbi əməliyyatların bərpası ehtimalı tədricən azalacaq.

- Sizcə, hadisələr bundan sonra necə cərayan edəcək?

- Onu Cənubi Qafqazdakı ehtimal edilən dəyişikliklər, Rusiya və İran kimi ölkələrin regiona məlum təzyiqləri və strateji hədəfləri, Ermənistan daxilində yaşanıla biləcək siyasi yenilənmələr və başqa məqamlar müəyyənləşdirəcək. Bu müddətdə ən əhəmiyyətli faktorlardan biri isə, şübhəsiz ki, Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz, uzunömürlü əlaqələr və əməkdaşlıqdır.

Sadalığım amilləri nəzərə alsaq, Ağdam, Laçın və Kəlbəcərin boşaldılmasını, Qarabağın tamamilə azadlığa qovuşmasını və rus hərbçilərinin nəinki 5 il, bircə gün belə, qalmadan ərazidən çıxmalarını, hərbi uğurun siyasi-hüquqi müstəvidə təsdiqlənilməsini sabitlik, suverenlik və təhlükəsizlik üçün vacib hesab sayıram.

- Sizcə, məsələ ən qısa zamanda birdəfəlik həll edilməyəcəyi halda dünya dövlətlərinin işə qarışması mümkündür?

- Belə bir ehtimal hər zaman var. Əslində konfliktin otuz ildir aradan qalxmamasının əsas səbəblərindən biri də budur. Yəni münaqişənin müddətinin daha da uzadılmadan, ən qısa zamanda həllini tapması üçüncü tərəfin, o cümlədən regiondaxili hansısa gücün işə qarışmamasının təminatı olacaq. Amma bu böyük qələbə münasibətilə Azərbaycanı bir daha təbrik etmək istəyirəm. Uğurların davamını arzulayıram. Dəstək və qayğımız hər zaman sizinlədir. Biz “Gələcək” partiyası olaraq Azərbaycanı özümüzə qardaş və yaxın ölkə olaraq görürük.

Türkiyə-Azərbaycan münasibətləri hər ötən gün daha da inkişaf edəcək, dərinləşəcək və irəliləyərək sadəcə regionda deyil, bütün dünyada bir örnək modelə çevriləcək. Proqram sənədimizdəki bir maddə belədir: “Başda bütün sahələrdə əməkdaşlıq etdiyimiz qardaş ölkə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olmaqla, beynəlxalq hüquqla mövcud status-kvo arasında ziddiyət yaradan işğal və ilhaqların bitməsinin və konfliktlərin sülhlə həll edilməsinin Qaradəniz və Qafqazdakı sülh və suverenliyin təməli olduğuna inanırıq”.

Dünyanın hər yerindəki qardaşlarımıza, gələcəkləri üçün bir ümid gözləyənlərə salam olsun. Gözəl günlərin gəlməyinə çox inanırıq. Bunu hamılıqla tökəcəyimiz alın təri təmin edəcək.