Prezidentin Ağdam səfərinə MÜNASİBƏT: “Dünyadakı haqsız tərəflər üzərində də qələbə qazandıq” 

"Ölkəmiz bütün parametrlərə görə Ermənistandan üstün olduğunu göstərdi"

"Ordumuz birmənalı şəkildə üstünlüyünü, zabit və əsgərlərimizin qəhrəmanlığını bütün dünyaya sübüt etdi"

"Azərbaycan xalqı ilə dövlət arasında nümunə olan birlik yarandı. Bu birlik bizi qələbəyə apardı"


Dünən ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar. Ölkə başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb. İyirmi yeddi ildən sonra dövlət bayrağımız Ağdamda qürurla dalğalanır.
Cənab Prezident və birinci xanım Ağdam məscidini ziyarət ediblər. Ağdam məscidinin qarşısında çıxışı zamanı ölkə başçısı mühüm məqamlara toxunub:
“Mən Füzuli şəhərində demişəm, bir daha demək istəyirəm, biz Koçaryan, Sarkisyan ordusunu məhv etmişik. Biz Koçaryana, Sarkisyana qarşı qüdrətimizi göstərmişik. Biz onları məğlub etmişik.

Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm. Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız.

İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər. Bəs, haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmandırlar bunlar.

Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm. Paşinyan heç kimdir. İndi onun dərdi, azarı hakimiyyətdə qalmaqdır.

Buna görə də bütün müxalifəti tutdurur. Qərb də susur buna, susur, ağzına su alıb. Görmür ki, nələr baş verir orada?! Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb də eləyib!”.



Prezidentin söylədiklərinə dair fikirlərini “Sherg.az”la bölüşən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, 30 ildir davam edən hərbi qarşıdurmanın bütün dövrlərində Ermənistana qarşı mübarizə aparmışıq. Məqsədimiz o idi ki, torpaqlarımız işğaldan azad edilsin.

QAT sədrinin sözlərinə görə, son illər Azərbaycan tərəfi dəfələrlə bildirdi ki, biz qan tökülməsini istəmirik:

“Cənab Prezident hər dəfə söyləyirdi ki, düşmən öz mövqeyindən geri çəkilməli, beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirməlidir. Azərbaycan yorulmadan bu istiqamətdə mövqeyini ortaya qoydu, danışıqlar apardı. Amma Ermənistana hər hansı bir təsiri olmadı. Düşmən ölkə başa düşmədi”.

A.Nağı qeyd edib ki, həm Köçəryan, həm Sarkisyan, həm də Paşinyan elə bildilər ki, dünya onların arxasındadır deyə istədiklərini edə bilərlər:

“Haqsız işlərini qabarıq şəkildə dünyaya qələbə kimi təqdim edirdilər. Dağlıq Qarabağa gəlib, özlərini qalib şəkildə nümayiş etdirirdilər. Ona görə də Azərbaycan hərtərəfli hazırlıqdan sonra hərbi əməliyyatlara başladı.

Vətən müharibəsinin gedişi zamanı ölkəmiz bütün parametrlərə görə Ermənistandan qat-qat üstün olduğunu göstərdi. Ordumuz birmənalı şəkildə üstünlüyünü, zabit və əsgərlərimizin qəhrəmanlığını bütün dünyaya sübüt etdi. Azərbaycan xalqı ilə dövlət arasında nümunə olan birlik yarandı. Bu birlik bizi qələbəyə apardı.

Nəticədə təkcə Ermənistan üzərində yox, dünyadakı haqsız tərəflər üzərində qələbə qazandıq. Ermənilər və başqaları bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır”.