“Fransa Senatının qərarı müharibəyə çağırışdır” - Beynəlxalq hüquqa ziddir ! 

“Bu qərarın arxasında korrupsiyaya uğramış siyasətçilərin oyunları, zəngin erməni diasporu ilə əlaqələr dayanır”

“Bu qərarın hər hansı bir hüquqi əsası yoxdur”

“Bütün bunlar dünyada bəyan edilən dəyərlərə və beynəlxalq təşkilatların təməl sənədlərinə zidd olan qərardır”


Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınmasına dair qətnamə layihəsi qəbul edilib. Noyabrın əvvəlində Fransanın 42 tanınmış xadimi - yazıçılar, jurnalistlər və s. prezident Emmanüel Makrona birgə məktub yazaraq "Qarabağ ermənilərini müdafiə etməyə" çağırıblar. Dünyada ikili standartlarla, eyni hadisəyə fərqli yanaşma ilə ədalət təmin edilə bilməz. Fransanın yanlış yanaşmalarının nəticəsi olaraq Avropa İttifaqı bu gün bir xristian klubu kimi qəbul olunmaqdadır.

Məlum olduğu kimi, 10 noyabr 2020-ci ildə münaqişə tərəflərinin və Rusiya  prezidentinin imzaladığı Bəyanata uyğun olaraq Azərbaycan işğal altında olan ərazilərini azad edir . Bununla da Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyulur. Lakin Fransanın münaqişə bölgəsindəki yeni vəziyyətə müdaxilə etməsi bölgədə sülhün bərqərar edilməsinə yox, münaqişənin yenidən qızışdırılmasına xidmət edir. Fransa Senatında qəbul olunmuş qərar məhz belə bir kobud müdaxilədir .

Millət vəkili Asim Mollazadə “Sherg.az”a açıqlamasında bildirib ki, Fransa senatının qəbul etdiyi qərarın hər hansı bir hüquqi əsası yoxdur. Parlament üzvü qeyd edib ki, bu qərarın arxasında korrupsiyaya uğramış siyasətçilərin oyunları, zəngin erməni diasporu ilə əlaqələr dayanır:

“Bütün dünya Minsk qrupunun fəaliyyətinin nə üçün nəticəsiz olduğunu bildi. Fransanın mövqeyi münaqişənin həllinə mane olurdu. Müzəffər Azərbaycan Ordusu Minsk qrupu və BMT-nin bütün qətnamələrini icra etdi. Fransanın bu prosesə hansısa formada qatılmağına ehtiyac görmürük”.

A.Mollazadənin qənaətincə, Fransa Senatının qəbul etdiyi qərar müharibəyə çağırışdır:

“Düşünürəm ki, bütün dünya beynəlxalq hüquq normalarının kobud surətdə pozulduğunu anlayacaq. Fransa yenidən imperiya təfəkkürünə gələrək, hansısa proseslərdə yeni müharibəni yaratmağa çalışır.

Sanki Afrikada, Vyetnamda törədilən hərbi cinayətlər senatorlar üçün yetərli deyil. Onlar indi özlərindən uzaq olan Cənubi Qafqazda da yeni müharibə istəyirlər. Bütün bunlar dünyada bəyan edilən dəyərlərə və beynəlxalq təşkilatların təməl sənədlərinə zidd olan qərardır.

Bu sənəd hətta Fransanın BMT-də, Avropa Parlamentində dəfələrlə qəbul etdiyi qətnamələrə ziddir. Fikrimcə, Fransanın Minsk qrupunda iştirakına son qoymalıdır”.