Bölgədə möhtəşəm barışıq və sülh razılaşması baş tuta bilər

Türk ordusunun bölgəyə gəlişinə hüquqi və fiziki maneə yoxdur


“Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladığı memorandum razılaşmanın sadəcə görünən tərəfidir”. Bu sözləri “Şərq”ə açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. Partiya təmsilçisi bildirib ki, Rusiyanın bölgədə fəallığı və münaqişə bölgəsinə sülhməramlı qüvvələr yerləşdirməsi geosiyasi vəziyyət nəzərə alınmaqla Azərbaycan və Türkiyənin birgə qəbul etdiyi qərara əsasən reallaşıb: “44 günlük müharibə ilə topaqlarımızın işğaldan azad olunması Azərbaycan və Türkiyə siyasi rəhbərliklərinin üçüncü ölkənin iştirakı olmadan qəbul etdikləri qərarın nəticəsi idi.

Türkiyənin bölgədə Azərbaycan tərəfindən qarant kimi iştirakı “centlmen razılaşması” ilə təsbit olunub və Prezidentin 10 noyabrda xalqa müraciəti zamanı onun dilindən səsləndirilib.

Son günlər Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın mütəmadi telefon danışıqları türk hərbçilərinin Qarabağ ərazisində patrul xidməti ilə əlaqədardır.

Tərəflər marşrutun müəyyən edilməsi üçün müzakirələr aparırlar”. Politoloq vurğulayıb ki, Türkiyə silahlı qüvvələrinin Azərbaycanın nəzarətində olan bölgələrdə yerləşdirilməsinə hüquqi və fiziki maneə yoxdur:

“Bu, bizim daxili işimizdir. Putin son müsahibəsində bu məqamı xüsusi olaraq vurğulayıb. Düşünürəm ki, danışıqların əsas predmeti Türkiyə silahlı qüvvələrinin Qarabağa Naxçıvandan Mehri dəhlizi ilə gəlişinin təmin olunmasıdır. Bu reallaşarsa, bölgədə möhtəşəm barışıq və sülh razılaşması baş tuta bilər”.