Türkiyə Qarabağda ! – “Prosesə təkcə Rusiyanın nəzarəti şübhə yaradırdı”

Bir müddət öncə Türkiyə  ilə Rusiya arasında Dağlıq Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalanıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Partiya) parlamentdəki qrup toplantısında bildirib:

“İşğal altındakı ərazilərin və Dağlıq Qarabağın bütövlükdə işğal altından azad olunması münasibətilə qardaşım İlham Əliyev başda olmaqla, bütün azərbaycanlı qardaşlarımızı təbrik edirəm. Türkiyə atəşkəs razılaşmasının icrasına nəzarət etmək üçün bölgədə yaradılacaq sülhməramlı mərkəzdə Rusiya ilə birlikdə iştirak edəcək.

Atəşkəsə nəzarət üçün quracağımız ortaq türk-rus mərkəzi ilə bağlı anlaşma memorandumu bu gün səhər imzalandı. Bu mərkəz işğaldan azad edilmiş Azərbaycan torpaqlarında yaradılacaq.

Atəşkəsin pozulmasının qarşısını almaq üçün bütün tədbirlər bu mərkəz tərəfindən görüləcəkdir. Beləliklə, Dağlıq Qarabağdakı 28 illik işğal rəsmi və faktiki olaraq sona çatır”.

Beləliklə, bir çox suallar öz cavabını tapdı, amma hələ də qaranlıq məqamlar var. 



BDU-nun müəllimi, beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov bu barədə “Sherg.az”a danışarkən müqavilənin əhəmiyyətini yüksək qiymətləndirib: 

“Sözügedən məsələ noyabrın 10-da imzalanan bəyanatın 5-ci maddəsinə uyğundur. Prezidentin növbəti çıxışlarının birində məlum oldu ki, türk və rus hərbçiləri Qarabağda birgə nəzarət həyata keçirəcəklər.

Noyabrın 11-də memarandum imzalandı və onların iştirakı təsdiqləndi. Ardınca Türkiyənin Böyük Millət Məclisində türk hərbçilərinin monitorinq qrupunda olmaları ilə bağlı qərar qəbul olundu.

Sonra danışıqlar davam etdirildi. Əlbəttə, müzakirə mövzusu fəaliyyət planının hazırlanması idi. Fəaliyyət planı artıq təsdiqlənib. Müdafiə nazirlərinin nümayəndələri bu barədə məlumat veriblər. Bildirilib ki, monitorinq mərkəzi Azərbaycan ərazisində yaradılacaq və hərbçilərin sayı bərabər olacaq”.

S.Zahidov mərkəzin harada qurulması ilə bağlı fikirlərini də açıqlayıb: 

“Məncə, bu ərazinin Şuşa olması məqsədəuyğundur. Birincisi ona görə ki, Şuşa Qarabağın simvoludur. İkinci bir tərəfdən isə həmin şəhər rus sülhməramlılarının yerləşdiyi ərazilərə yaxındır.

Bildiyimiz kimi, əsas məsələ atəşkəsə nəzarət etməkdir. Odur ki, bunun üçün ən yüksək texnologiyadan, o cümlədən dronlardan istifadə olunması şübhəsizdir.

1990-cı illərdə Türkiyənin konfliktdə siyasi iştirakına dair dəfələrlə cəhdlər irəli sürülsə də, ermənilər əngəllər törətmişdilər. Amma Türkiyə indi aktiv fəaliyyət göstərir və regionda real güc olduğunu dəstəkləyir.

Deməli, qardaş ölkənin monitorinq mərkəzində iştirakı bizim üçün böyük dividentdir. Çünki rəsmi Ankara bütün hallarda Azərbaycanın istəklərinə və maraqlarına uyğun hərəkət edəcək.

Eyni zamanda bu məsələyə yalnız bir dövlətin nəzarət etməsi şübhə yaradırdı. Lakin indi belə şübhələr də aradan qalxdı. Beləliklə, biz böyük nailiyyətə imza atdıq. Azərbaycanın onsuz da var olan qüdrətli mövqeyi bundan sonra daha da möhkəmlənəcək”.