Onlar üçün nə etsək azdır

Şəhid ailələri və müharibə iştirakçıları maddi baxımdan tam təmin olunmalıdır

"Yəqin ki, proqram icraçıları region fərqini, ailə üzvlərinin, proqrama cəlb olunan şəxslərin istək və bacarıqlarını da nəzərə alırlar"


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi möhtəşəm zəfərimizlə başa çatan Vətən müharibəsinin şəhidlərinin ailə üzvlərindən və müharibə iştirakçısından bir qrupunu özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edir.

Nazirliyin məlumatına görə, Gəncə şəhərində və Göygöl rayonunda şəhid Tunar Əliyevin atası Qoşqar Əliyev, şəhid Sabir Yusubovun həyat yoldaşı Aliyə Yusubova, şəhid Saleh Mustafazadənin atası Qənimət Mustafayev, şəhid Cavid Əliyevin atası Samir Əliyev və Vətən müharibəsinin qazisi Samir Əliyev üçün kənd təsərrüfatı sahəsi üzrə kiçik təsərrüfatlar yaradılıb.

Onlar xüsusi qayğı ilə əhatə olunduqlarına və təsərrüfat yaratmaları üçün göstərilən dəstəyə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.

Nazirlikdən bildirilir ki, şəhidlərimizin ailələri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər üçün kiçik ailə təsərrüfatlarının yaradılması işləri davamlı xarakter alacaq.  

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinin və müharibə iştirakçılarının, erməni terrorundan zərər çəkən mülki şəxslərin və onların ailə üzvlərinin sosial dəstəklə təmin edilməsi tədbirlərini həyata keçirir. Bu tədbirlərə onların aktiv məşğulluqla əhatə olunması da daxildir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən son günlərdə həmin kateqoriyalardan olan 500-dən çox şəxsin məşğulluğuna və özünüməşğulluğuna dəstək işləri aparılıb.

Onlardan 305-i (o cümlədən 215 şəhid ailəsi üzvünün, 70 müharibə iştirakçısı və yaralanmış şəxsin və b.) özünüməşğulluq proqramına cəlb edilib, bir hissəsi aktivlərlə artıq təmin olunub, qalanları da təmin olunmaqdadır.

Həmçinin 200-dən çoxunun (o cümlədən 82 şəhid ailəsi üzvünün, 110 müharibə iştirakçısı və yaralanmış şəxsin, yaxud onların ailə üzvlərinin və b.) haqqı ödənilən ictimai işlərə cəlb edilməsi işləri görülür, 100-dən çoxu artıq cəlb edilib, digərləri də yaxın günlərdə cəlb ediləcək.

Məsələ ilə bağlı fikirlərini “Şərq”lə bölüşən iqtisadçı Natiq Cəfərli hər birimizin şəhidlərə və müharibə qazilərinə borclu olduğumuzu bildirdi: 

- Şəhid ailələri, müharibə iştirakçıları, Vətən müharibəsində yaralanan qazilərimizə nə qədər dəstək verilsə də, maddi baxımdan nə qədər təmin olunsalar da onların şücaəti, qəhrəmanlığının əvəzi ödənə bilməz.

Onlar üçün nə qədər iş etsək də azdır. ƏƏSMN-in Prezidentin tapşırığına uyğun olaraq şəhid ailələri, müharibə iştirakçıları və həmçinin zərər çəkmiş mülki əhali üçün məşğulluq imkanlarının artırılması, onların özünəməşğulluğa cəlb edilməsi proqramlarını həyata keçirməsi, əlbəttə, alqışalayiqdir.

Amma bu məsələdə təbii ki, diqqət edilməli məqamlar da var. Yəqin ki, proqram icraçıları region fərqini, ailə üzvlərinin, proqrama cəlb olunan şəxslərin istək və bacarıqlarını da nəzərə alırlar. Şəhərlər, rayon mərkəzləri ilə kənd yerlərində təklif edilən məşğulluq proqramları bir-birindən fərqli olmalıdır. Şəhər yerində, hətta rayon mərkəzində şəxsin heyvandarlıqla, maldarlıqla məşğul olmaq imkanları ilə kənd yerinə nisbətə ya məhdud çərçivədə, ya da ümumiyyətlə olmur.

Məlum təbəqədən olan insanları aktivlərlə təmin edərkən bu amillər nəzərə alınmalıdır. Həmçinin, şəxslərin hansı təsərrüfat sahəsində təcrübəyə malik olması, ona təklif edilən təsərrüfatda çalışmaq imkanları da müəyyənləşməlidir.

Kiçik təsərrüfat sahələri öz yerində, bu təbəqədən olan insanlara və ailə üzvlərinə proqramı çərçivəsində başqa xidmət sahələri də yaradılmalıdır ki, məsələn, kiçik və ya orta sahibkarlıqla məşğul ola bilsinlər.

Bunlar iaşə obyektləri də ola bilər. Məlumdur ki, burada əsas məqsəd  şəhid ailələri, müharibə iştirakçılarının daimi və dayanıqlı gəlir mənbələri əldə etməsidir. Çünki dövlət tərəfindən bu təbəqədən olan insanlara təqaüd və müavinətlər ödənilir. Lakin bu proqramlar müavinətlərdə kənar gəlirlərdir.

Ailənin normal dolanması üçün şəxsi təsərrüfat və xidmət sahələrinin olması da lazımdır. Şəxsi təsərrüfatlar ailə büdcəsinə gəlir gətirməkdə əsas yardımçı sahə olacaq. Amma yerli imkanlar və bacarıqlar nəzərə alınmaqla.