Qələbə paradı düşmənə göz dağıdır ! - “Bir də başınızı qaldırsanız...”

"Azərbaycan Türkiyə birliyini nümayiş etdirir- Biz birik, vahidik!”

“Türk əsgərlərinin bu dəqiqələrdə ölkəmizdə olması da bunu göstərir”

 
Bu gün paytaxt Bakıda Qələbə paradı keçirilir. Zəfərin gətirdiyi sevinc hissilə insanlarımız şəhərə axın edirlər. Bir çoxları isə elə evlərindən efir vasitəsilə paradı izləyirlər. Hər halda indi nəinki on milyonluq Azərbaycan əhalisinin, bütün türk dünyasının qəlbi bir döyünür, nəbzi bir vurur. Beləliklə, 44 gün çəkən İkinci Qarabağ müharibəsilə tarixi ədaləti bərpa etdiyimizi bir daha bütün dünyaya göstəririk.

Ehtiyatda olan pokovnik Elxan Qəniyev Qələbə paradının əhəmiyyəti barədə fikirlərini “Sherg.az”la bölüşüb: 

“Bildiyiniz kimi, paradda hərbi qənimətlər nümayiş olunur. Bu, düşmənə göz dağıdır. Deyirik ki, bir də başınızı qaldırsanız, yenə əziləcəksiniz! İkinci bir tərəfdən isə Azərbaycan Türkiyə birliyini nümayiş etdirir- Biz birik, vahidik! Türk əsgərlərinin bu dəqiqələrdə ölkəmizdə olması da bunu göstərir”.

E.Qəniyev, həmçinin başqa bir məqama da toxunub: 

“Biz bu paradla planetə, o cümlədən Rusiyaya mesaj verdik. Fikrimcə, tədbirdən sonra dövlət başçıları arasında müəyyən müzakirələr gedəcək, sənədlər imzalanacaq. Düzdür, hələ məsələ barədə məlumat verilməyib. Lakin türk hərbçilərinin ölkəmizdə qalması, Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasına dair dialoqların aparılacağını istisna etmirəm”.