Tarixi fürsət ! - “Ermənistan ya Zəngəzur və Göyçəni qaytarmalı, ya da...”

“...Həmin torpaqları 99 illik icarəyə verməlidir. Beynəlxalq aləmdə belə bir təcrübə də var”

“İcarə məsələsi də bizim maraqlarımıza cavab verir. Çünki gələcək 99 ildə vəziyyətin necə dəyişəcəyi indidən görünür”

“Onu da deyim ki, ermənilər özləri də buna razıdırlar, reallığı başa düşürlər”


Politoloq Yevgeni Mixaylov Qarabağ məsələsi ilə bağlı danışarkən maraqlı məqamlara toxunub. O, konfliktin Ermənistanın kapitulyasiyası ilə başa çatdığını bildirib: “Dağlıq Qarabağ münaqişəsi” anlayışı artıq işlədilməməlidir. Qarabağ Azərbaycandır və nida! Əlbəttə, gərginlik hələ uzun müddət davam edəcək, çünki Ermənistan ictimaiyyəti məğlubiyyət acısını yaşayacaq. Onlar qisas almaq istəyəcək ki, bu da prinsipcə indiki mərhələdə mümkün deyil”.


Onun sözlərinə görə, Ermənistan dövlətin saxlanılması haqda düşünməlidir. Amma bir ay keçməmiş ölkənin yeni XİN başçısı münaqişə ritorikasını gücləndirməyə başlayıb.

Ermənistan tərəfinin Azərbaycan ərazilərinə vurduğu zərbələrdən danışan ekspert vurğulayıb ki, talan edilmiş abidələr, qəbirlər və dağıdılmış şəhərlər beynəlxalq hüquq normaları üzrə işğalçı ölkəyə qarşı irəli sürülmüş iddiaya daxil edilməlidir: "Fikrimcə, Azərbaycana dəyən ziyanın dəyəri daha əvvəl səsləndirilən rəqəmlərdən qat-qat çoxdur. Qeyd edim ki, İrəvanın pulu yoxdur. Əgər ona borc verilsə, bu, bir neçə nəslin əsarəti olacaq. Digər tərəfdən, xatırladaq ki, İkinci Qarabağ müharibəsinin başlanğıcında dünyanın hər yerindən erməni iş adamları təklif edirdilər ki, Azərbaycandan ermənilər üçün Qarabağ torpağını satın alsınlar. Buna əsaslanaraq İrəvana təklif etmək olar ki, Zəngəzuru və Bakı üçün vacib olan digər strateji obyektləri Azərbaycana versin. Bu bu da işğal dövrünün fəlakətli borclarının silinməsi ilə nəticələnər”.

 BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmləri doktoru Sabir Məmmədli “Sherg.az”a açıqlamasında indiki məqamda qarşı tərəfin başqa yolunun olmadığını deyib: 

“Dünya praktikasına əsasən söyləyə bilərəm ki, müharibələrdən sonra həmişə qalib tərəf  iddialarını ortaya qoyub. Uduzan isə bütün ziyan və zərəri çiyinlərinə almağa məcbur qalıb. Bu, ta qədimdən bəri belədir. Hətta BMT-nin məsələyə dair xüsusi qətnamələri və bu işlə məşğul olan komissiyası var. Ermənistanın Azərbaycana vurduğu ziyan mütləq dəqiq hesablanmalıdır. BMT komissiyası bizim iştirakımız olmadan 2000-ci ilədək dəymiş ziyanı hesablamış və bunun 51 milyard olduğunu bildirmişdi.

İndi isə mütəxəssislər bu göstəricinin trilyona yaxın olduğunu deyirlər. Əlbəttə, belədir. Sadə hesablamalarla hər kəs konkret rəqəmi görə bilər. Unutmayaq ki, hesablama aparılarkın təkcə dəymiş ziyan yox, həm də itirilmiş imkanlar nəzərə alınır. Bəzən ermənilər işğal altındakı torpaqlarımızın heç də hamsınıdan istifadə etmədiklərini dilə gətirirlər. Öz günahlarıdır. Fakt faktlığında qalır. Ona görə də yaxşı olar ki, bu işdə ixtisaslaşmış beynəlxalq qurumların vasitəsilə rəqəm bir daha konkretləşsin və onun ödənilməsi Ermənistandan tələb edilsin. Rəqəmi kiçiltməyə icazə vermək olmaz. Sözsüz, Ermənistanın bir trilyon təzminat ödəməyə imkanı yoxdur. Deməli, başqa alternativlərdən istifadə etməlidir”.

 S.Məmmədlinin fikrincə, Zəngəzurun qaytarılması real məsələdir:

 “Tarix boyu kompensasiyalar müxtəlif formalarda ödənilib. Məsələn 1878-ci ildə Rusiya-Türkiyə müharibəsinin nəticəsi olaraq, Dunay çayının Qara dənizə tökülən hissəsi şimal qonşumuza güzəşt edilmişdi. İndi Ermənistanın bu qədər vəsaiti ödəməyə gücü çatmırsa, o da eyni metoddan istifadə etməyə məcburdur.

Onsuz da həmin torpaqların hər biri, o cümlədən Zəngəzur, Mehri, Göyçə...ayrı-ayrı vaxtlarda bizdən alınaraq ermənilərə verilib. Düşmənlərimiz son bir əsr ərzində, demək olar, hər iki-üç ildən bir torpaq iddiaları ilə çıxış ediblər. İndi tarixi ədalətin, varisi olduğumuz Azərbaycan Demokratik Respublikasının sərhədlərinin bərpası vaxtıdır.

Bu, tarixi fürsətdir. Yaxın gələcəkdə bir də belə imkanın əlimizə düşəcəyini gözləmirəm. Deməli, istifadə etməliyik. Ermənistan ya Zəngəzur və Göyçəni geri qaytarmalı, ya da həmin torpaqları 99 illik icarəyə verməlidir. Beynəlxalq aləmdə belə bir təcrübə də var. Məsələn Çin Avstraliyanın bir adasını icarəyə götürüb, orada yenidənqurma işləri görür və yerli əhalini çoxdan çıxarıb. Əslində dediyim icarə məsələsi də bizim maraqlarımıza cavab verir.

Çünki gələcək 99 ildə vəziyyətin necə dəyişəcəyi indidən görünür. Onu da deyim ki, ermənilər özləri də buna razıdırlar, reallığı başa düşürlər. Artıq bir sıra deputatlar da bu məsələni gündəmə gətirib və əhali arasında ictimai rəy yaradılıb”.