Hadrut necə azad olunub? – Kəşfiyyatçı qazi qızğın döyüşlərdən danışır: “Tapşırıq dəyişdi və...”

“İnanın ki, hər qarış uğrunda qan tökülürdü. Düşmən hər şeyini atıb qaçmışdı. Maşın, texnika, mal-qara  və s.”

“Birinci dəfə Tovuzda ayağımdan, sonra isə Şuşa yaxınlığındakı Daşaltı kəndində döş qəfəsimdən güllə yarası aldım”

“27 Sentyabr, bəlkə də, böyük birlik, həmrəylik günümüzün başlanğıcı idi. Bu birlik nəticəsiz qala bilməzdi”

“Zəfər şəhidlərimizin canı, qazilərimizin qanı, əsgər və zabitlərimizin şücaəti ilə əldə olundu”


Müzəffər Azərbaycan ordusu düşmənlə apardığı 44 günlük haqq savaşından qalib çıxdı... Bu tarixi qələbə Azərbaycanın igid, vətənpərvər, torpağımızın hər qarışı üçün canını qurban verməyə hazır olan oğullarımız sayəsində əldə edildi. Döyüşçülərimizin döyüş rəşadəti haqqında hələ uzun illər danışılacaq.

Qanla tarix yazan, torpaqlarımıza yeni nəfəs və azadlıq bəxş edənlər sırasında onun da imzası var. Söhbət Nəsibov Xudat Fərrux oğlundan gedir.  Qazax rayonunun Orta Salahlı kəndində dünyaya göz açan Xüsusi Təyinatlı Kəşfiyyat bölüyünün kəşfiyyatçısı X.Nəsibov Şuşa şəhərinin Daşaltı kəndində gedən döyüşlər zamanı yaralanıb. Vətən müharibəsində iştirakı və yaşadıqları barədə məlumat əldə etmək, qazimizi daha yaxından tanımaq, eləcə də onu ictimaiyyətə tanıtmaq üçün qəhrəmanımızla həmsöhbət olduq. “Sherg.az” müsahibəni təqdim edir:



-Xudat bəy, özünüz barədə məlumat verərdiniz...

-1992-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşam. 1998-ci ildə Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin 1-ci sinfinə qəbul oldum. 2009-cu ildə həmin məktəbi bitirdim. 2010-cu ildə Tərtər rayonuna hərbi xidmətə yollandım. 2012-ci ilin yanvar ayında isə hərbi xidməti başa vurdum. Ailəliyəm, bir qız övladım var .

-Necə oldu ki, hərbiyə marağınız yarandı?

-Hərbiyə marağım uşaq vaxtlarımdan olub. Məlumdur ki, Qazax rayonu düşmənlə sərhəddə yerləşir. Uşaqlığımda düşmənlərimiz haqqında böyüklərimizdən eşitdiklərim, televizya verilişlərində gördüklərim, Qarabağ və Qazaxın 7 kəndinin yağı düşmən tapdağında olması məndə daim intiqam hissi formalaşdırıb. Ona görə də böyüyəndə hərbçi olmaq istəyirdim. Hərbi xidmətə yollanmaq zamanı yetişdi. Tərtərdə sərhəd bölgəsində hərbi xidmət keçdim, bu xidmət mənə çox şeylər qazandırdı. İstər bir fərd kimi formalaşmağımda, həyatı daha dərindən dərk etməyimdə,  istərsə də nankor düşmənlərimizi  daha dərindən tanımağa çox kömək etdi. Hərbiyə sevgim heç vaxt azalmadı, əksinə məqsədimi daha da dəqiqləşdirdim. Hərbi xidmətimi başa vurduqdan sonra müddətdən  artıq hərbi qulluqçu kimi xidmətə başladım. Bundan  sonra hərbi bilik və bacarıqlarımı daha da təkmilləşdirmək üçün Silahlı Qüvvələrimizin Təlim Tədris mərkəzində Gizirlik kursunu bitirdim. Kursu bitirdikdən sonra Ağstafa rayon N saylı Əlahəddə Kəşfiyyat Taborunun, Xüsusi Təyinatlı Kəşfiyyat bölüyünün kəşfiyyatçı sanitar vəzifəsinə təyin olundum.

-Sentyabrın 27-dən başlayan  hərbi əməliyyatlar sizin kimi döyüşçülərimizin qəhrəmanlığı sayəsində qələbə ilə sonlandı. Nə hislər keçirirsiniz?

-Əlbəttə ki, qəlbi vətən həsrəti, yurd sevgisi ilə döyünən hər bir Azərbaycan vətəndaşı, hərbi and içmiş, Silahlı Qüvvələrdə xidmət göstərən hərbçi kimi mən də bu günü səbrsizliklə gözləmişəm. Döyüşlər başlayanda bizdə yaranan əhvali-ruhiyyə, ab-havanı sözlə ifadə edə bilmirəm... Sentyabrın 27-də Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab İlham Əliyevin əmri ilə rəşadətli ordumuza əks- hücum tapşırığı verildi . Əks- həmlə əməliyyatında ordumuzun, hərbi arsenalımızın gücü ilə 30  illik həsrətə son qoyuldu. Düşmən tapdağında olan torpaqlarımızı azad etdik. Zəfər şəhidlərimizin canı, qazilərimizin qanı, əsgər və zabitlərimizin şücaəti ilə əldə olundu. Bu zəfərin toxumlarında payım olduğu üçün özümü çox şanslı və xoşbəxt hiss edirəm.



-Amma qələbəmizə kölgə salmaq istəyənlər də oldu. Bir çoxları cəmiyyətdə parçalanma yaratmaq məqsədilə böyük qələbə qazanmadığımızı iddia etdilər. Bu barədə nə düşünürsüz?

- Azərbaycanın uğurları, regionda olan inkişaf tempi həmişə bizi istəməyən qüvvələr tərəfindən qısqanclıqla qarşılanıb. İstər daxildə, istərsə də xaricdə olan və düşmənlərimiz sayılan bu nankor qüvvələr uğurlarımıza sevinə bilməzdilər,heç zaman sevinməyiblər də... Qələbəmizi həzm edə bilməyənlər də çox oldu.  Bu qələbəmizə qara yaxmaq istəyənlər çox olsa da, millətimiz sözün əsl mənasında ordu və Ali Baş Komandanın yanında olduğunu göstərdi, sübut etdi... 27 Sentyabr, bəlkə də, böyük birlik, həmrəylik günümüzün başlanğıcı idi. Bu birlik nəticəsiz qala bilməzdi. Ali Baş Komandanımızın söylədiyi kimi dəmir yumruq kimi birləşib yağı düşməni doğma ata-baba torpaqlarımızdan iti qovan kimi qovduq. Nəticə göz qabağındadı. Uğurlarımıza ləkə qobdurmaq istəyənlərin niyyəti arxadan atılan daş kimi topuğa dəydi...

-Bir az da yaralanmanız barədə danışaq, necə oldu? 

-2020- ci ildə cəbhədə iki dəfə yaralandım. Birinci dəfə iyulun 12-də Tovuz istiqamətində gedən döyüşlər zamanı ayağımdan qəlpə yarası aldım. Yaram elə də ağır olmadığı üçün qısa müddətdə ordu sıralarında xidmətimi davam etdirdim. Sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı Kəlbəcər, Füzuli, Hadrut, Suqovuşan istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlı kəşfiyyatçı kimi iştirak etmişəm. Noyabr ayının 6 -da Şuşa şəhəri Daşaltı kəndində qızğın döyüşlər zamanı döş qəfəsimdən güllə yarası aldım.

-Sağaldıqdan sonra hərbidə qalmağı düşünürsüz?



-Allahın köməkliyi ilə tam sağaldıqdan sonra yenə hərbi xidmətimi davam etdirəcəm. Çünki, bu mənim sevib- seçdiyim şərəfli həyat yolumdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyim üçün fəxr edirəm!

- İkinci Qarabağ müharibəsi ilə bağlı xatirələriniz maraqlıdır. Yaddaşınızda qalan çətin və maraqlı anlar barədə danışmağınızı istərdik...

- Şəhidlərimiz, qazilərimiz, əsgər və zabitlərimizin sayəsində və ümumxalq birliyimiz ilə qələbə çaldıq. Allah şəhid qardaşlarımıza rəhmət eləsin, məkanları cənnət, ruhları şad olsun... İnanın ki , hər günümüz yaddaqalan xatirələrlə dolu idi. Acılı-şirinli xatirələrim çoxdur. Müharibənin öz qanunları var. Şəhidsiz, qazisiz qələbə olmur...


Günlərlə ac qaldığımız, yemək yəməyi yaddan çıxardığımız günlər olurdu. Hətta belə bir maraqlı hadisə oldu: tam iki gün idi ki, bir tikə çörək də yeməmişdik. Hadrut istiqamətində irəliləyirdik, “pexota” (quru qoşunları) bizdən çox arxada idi. Qəsəbəni aldıq, tam nəzarəti ələ keçirdik. Tapşırıq verildi ki, bir müddət burda qalacağıq. Düşmən hər şeyini atıb qaçmışdı. Maşın, texnika, mal-qara  və s. Uşaqlar tez bir dananı kəsdilər ki, iki günlük aclıq hissimizi yatıraq, həm də biraz istirahət edək. Dananı yenicə kəsib-soymuşduq ki, tapşırıq dəyişdi və irəli əmri verildi, dana qaldı biz getdik (gülür).

-Hansısa rayon və kəndlərimizin işğaldan azad edilməsi bizə çox gözəl hislər bəxş edirdi. Hər birimiz bütün günü sosial şəbəkələrdə ancaq cəbhə xəbərlərini izləyirdik. Yəqin ki, bunları canlı yaşamaq tamam fərqli duyğudur. İşğaldan azad edilən torpaqlarımıza ilk ayaq basanlardan olmaq necə hiss idi?

-Biz əks-həmlə əməliyyatları başlayan zaman qarşımıza bir məqsəd qoymuşduq. Bir olacağıq və torpaqlarımızı azad edəcəyik! Vətənin hər qarışı bizim üçün əzizdi. İnanın ki, hər qarış uğrunda qan tökülürdü. Məşhur bir deyim var: “Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olar”.

Vətənin hər qarış torpağı, kəndləri, qəsəbələri azad olduqca ruh yüksəkliyimiz daha da artırdı. Doğrudur, düşmənin son 30 il ərzində qurduğu istehkamlarını dağıtmaq çətin idi. Amma düşmən ordusunu məhv etmək, hərbi silah-sursatlarını qənimət kimi götürmək, hansısa kəndimizi və rayonumuzu işğaldan azad etmək tamam fərqli hislər yaradırdı. Bunu ilk biz bilirdik, lakin cənab Prezidentin xalqa müraciəti, xalqın coşğusu, həmçinin hərbçilərimizə olan xalq dəstəyi bizə əlavə güc və stimul verirdi.

-Son olaraq Azərbaycan Ordusunun zabit və əsgərlərinə arzularınız...

-Ordumuzun əsgər və zabitlərinə ilk olaraq can sağlığı, uzun ömür arzulayıram. Şəhidlərimizə Allahdan rəhmət, qazilərmizə şəfa diləyirəm . Döyüşlərdə iştirak etmiş əziyyəti keçən hər bir zabiti, əsgəri bu tarixi zəfər münasibətilə təbrik edir, uğurlar arzulayıram. Sizlərə və redaksiyanızın rəhbərliyinə  dərin təşəkkür edirəm ki, bizi daim diqqətinizdə saxlayırsınız...

Söhbtləşdi: Yeganə Bayramova