Pakistanlı politoloq: “Ermənistan şərtləri pozarsa..." - AKTUAL ŞƏRH

 “Ermənistana etibar etmək olmaz. Çünki əvvəllər də dəfələrlə cığallıq edib” 

“Amma indi Türkiyə proseslərin faktiki iştirakçısıdır”

“Həmçinin 10 noyabr bəyanatı Türkiyə və Rusiyanın əsas iştirakçı olduğunu bir daha təsdiqlədi”  

“İrəvana xəbərdarlıq edilib ki, şərtləri pozarsa, ağır nəticələrlə üzləşəcək"



Dekabrın 10-da paytaxt Bakıda keçirilən möhtəşəm Qələbə paradını təkcə biz yox, bütün dünya izlədi. Əminliklə deyə bilərik ki, bu tarix təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqazdan ötrü müstəsna əhəmiyyətli və yaddaqalan idi. Çünki, necə deyərlər, dövran dəyişdi. Dekabrın 10-da Azərbaycan və Türkiyə qələbəsini qeyd etdiyi bir vaxtda Ermənistan etirazçıların mitinqləri ilə sözün əsl mənasında dağılırdı. Rusiya və İran isə həmişəki kimi yenə də öz ampulalarında idilər…

 Fəqət bu günlərdə məlum oldu ki, deyəsən, Ermənistanın “ağlı başına gəlməyib” və dinc dayanmaq fikri yoxdur. Onlar Hadrutda təxribat törədiblər. Şəhid və qazi olan hərbçilərimiz var. Görünür, ilanın başı hələ tam əzilməyib və bəzi qaranlıq məqamları aydınlatmağa ehtiyac var.

Ona görə təhlillərimizi davam etdiririk. “Sherg.az”ın bu dəfəki müsahibi pakistanlı politoloq Məhəmməd Səiddir:
 
- Sizcə, müharibənin başlanmaasına təsir edən məqamlar nələr idi?

- Əsas iki səbəb var idi. Birincisi, Ermənistan tərəfi təxribat törədərək atəşkəsi pozdu və beləliklə, müharibəni başladan tərəf oldu. İkincisi isə 2018-ci ildə guya inqilabdan sonra hakimiyyətə gələn baş nazir Nikol Paşinyanın aqressiv və qeyri-adekvat davranışı danışıqlara yer qoymamışdı. 

- Rusiyanın ilk həftələrdəki səssizliyini necə qiymətləndirirsiniz? Onun məqsədi nə idi?

- Kreml onsuz da Şərqi Ukrayna, Suriya və Belarusdakı proseslərdə iştirak edir. Ona görə də onun Ermənistanın populyar olmayan diktatorunun Azərbaycana qarşı təcavüzünü dəstəkləməsi çətin idi. Bu, bəlkə də, ümumiyyətlə ağlabatan deyildi. Beləliklə, Moskva sadəcə vasitəçilik etmək üçün uyğun vaxtı gözləyirdi. 

- Məqsədinə çatdımı?

- Məqsədinin regionda sabitliyi təmin etmək və Azərbaycanla Ermənistan arasında atəşkəsin razılaşdırılması olduğunu nəzərə alsaq, bəli, buna nail oldu. 

- Noyabrın 10-da imzalanan bəyanatı necə qiymətləndirirsiniz?

- Böyük regional “oyunçu” olan Rusiyanın iştirakı ilə imzalanan sənəd  əvvəlkilərlə müqayisədə uzunmüddətli bir anlaşma kimi görünür. Bundan əlavə, Azərbaycan beynəlxalq səviyyədə ona məxsusluğu ilə tanınan Dağlıq Qarabağa nəzarət qazandı. Həmçinin məlum maddələr Türkiyə və Rusiyanın əsas iştirakçı olduğunu bir daha təsdiqlədi.  

- Yəni Ermənistanın şərtlərə əməl edəcəyini düşünürsünüz?

- Rəsmi İrəvana etibar etmək olmaz. Çünki sizin dediyiniz kimi, əvvəllər də dəfələrlə cığallıq edib. Amma Türkiyə indi proseslərin faktiki iştirakçısıdır. Şübhəsiz ki, İrəvana xəbərdarlıq edilib ki,10 noyabr bəyanatının şərtlərini pozarsa, ağır nəticələrlə üzləşəcək"

Yəni Ermənistan təkbaşına növbəti təxribat törətməzdən əvvəl dəfələrlə düşünməli olacaq. Lakin hansısa beynəlxalq güclərin, xüsusi ABŞ-ın timsalında dəstək hiss edərsə, Rusiyanın mövqeyinə qarşı çıxaraq “dəcəllik etməsi” də istisna deyil. 

- Deməli, hərbi əməliyyatlar yenidən başlaya bilər?

- Yox, buna inanmıram. Beynəlxalq və regional siyasi nizam dəyişikliyi, o cümlədən bölgədəki yeni geosiyasi vəziyyət bunun üçün əlverişli deyil. Yeni reallıqları nəzərə almaq lazımdır: Birincisi, bayaq da dediyim kimi, indi əsas “oyunçu”lar Türkiyə və Rusiyadır. Qarabağ Azərbaycanın nəzarətindədir və regional güclər bu faktı tanıyır, dəstəkləyirlər. Eyni zamanda Ermənistanda siyasi cəhətdən xaotik vəziyyət hökm sürür və bu, uzun müddət davam edəcək. 

- Yeri gəlmişkən, Ermənistanda daxili vəziyyəti necə qiymətləndirirsiniz? Hakimiyyət dəyişikliyi mövcud vəziyyətə necə təsir göstərəcək? 

- Bildiyiniz kimi, Ermənistan müxalifəti sözügedən bəyanatla bağlı olaraq hakimiyyətə qarşı genişmiqyaslı etiraz aksiyalarına başlayıb. Xarici işlər və müdafiə naziri istefa verib. Baş nazir də ciddi təzyiqlər altındadır. Bu durum rejimi dəyişdirmək potensialına malikdir. Lakin çevrilişin məsələyə hansısa təsiri olacağına inanmıram. 

- Bundan sonra diplomatik sferada nələr baş verəcək?

- Ciddi bir dəyişikliyə, düzü, inanmıram. Bu, yalnız Ermənistanda siyasi sabitliyin bərqərar olmasından və ABŞ-la Avropa Birliyinin beynəlxalq “oyunçu”larının məsələyə maraq göstərməsindən sonra baş verə bilər.

-İlk gündən etibarən Türkiyə və İsraillə yanaşı Pakistanın da dəstəyini hiss etdik. Azərbaycan-Pakistan əlaqələrinə dair nə deyə bilərsiniz?

-Hər iki dövlətin tarixi və uzun müddətli əlaqələri var. Pakistan sırf Dağlıq Qarabağ məsələsinə görə Ermənistanı bir dövlət kimi tanımadı. Təsadüfi deyil ki, Azərbaycan son proseslərdəki dəstəyinə görə Türkiyə və Pakistanı xüsusi qiymətləndirib. Ölkələrin iqtisadi və hərbi müdafiə əməkdaşlığı ortaq təlimlər, yeni müqavilələr sayəsində daha da güclənəcək.

-İşğalçı tərəf ard-arda saxta xəbərlər yayırdı. Bu barədə nə düşünürsünüz?

-Bəli, Ermənistan “fake news” kampaniyası aparırdı. Lakin yarı yolda qaldı. Xəzər və Qara Dəniz Təhlil Vəqfi iddiaları araşdırdılar və bunların yalandan başqa bir şey olmadığını müəyyənləşdirdilər.

-Azərbaycan dövlət başçısının xarici ölkə jurnalistlərinə verdiyi müsahibələri necə qiymətləndirirsiniz?

-Azərbaycan Prezidentinin müsahibələri dünyanı haqq səsinizi eşitməyə, həmçinin tarixi və siyasi faktlara, həqiqətlərə əsaslanır. Ona görə də yerli və beynəlxalq KİV onun sözlərinə lazımi əhəmiyyət verdilər və bu, müsbət nəticəsini göstərdi- Azərbaycanın haqq səsi beynəlxalq müstəvidə eşidilir.