Minsk qrupundan məkrli plan: “Münaqişəni canlandırmaq istəyir”

“Çox güman ki, Hadrutdakı sonuncu təxribatlar da erməni tərəfi ilə razılaşdırılmış bir addımdır”

“Azərbaycan isə öz ərazisində heç kəsə dövlət yaratmaq imkanı verməyəcək”


Prezident İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun (MQ)Fransa və ABŞ-dan olan həmsədrləri ilə görüşüb. Ölkə başçısı görüş zamanı mühüm məqamlara diqqət çəkib. Prezident qeyd edib ki, Azərbaycan 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həllinə hərbi-siyasi vasitələrlə nail oldu, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu:

“Müvafiq mandata sahib olan ATƏT-in MQ 28 il ərzində münaqişənin həllində heç bir rol oynamayıb. Azərbaycan 30 ilə yaxın müddətdə ATƏT MQ həmsədrlərindən ədalət mövqe, işğalçıya təsir və təzyiq, işğala son qoyulması üçün əməli fəaliyyət gözlədi. Amma bunların heç biri olmadı. Azərbaycan öz gücü hesabına, hərbi-siyasi yolla bu problrmi həll etdi. Azərbaycan Minsk Qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edən BMT TŞ qətnamələrini yerinə yetirdi. Bundan sonra ATƏT MQ həmsədrləri hansı istiqamətdə fəaliyyət göstərə bilərlər? Artıq status-kvo, Madrid prinsipləri kimi anlayışlar olmadığı bir dövrdə ATƏT MQ həmsədrləri regionda yeni reallığa yuğun olaraq xalqların sülhə hazırlanması, etimad quruculuğu, etnik barışığın təmin olunması, yol və kommunikasiya xətlərinin açılması kimi məsələlərlə məşğul ola bilər. Buna uyğun olaraq yeni fəaliyyət proqramı ortaya qoymalıdır. Bu yolla regionda davamlı sülhün təmin olunmasına töhfə bilər. Amma fərdi olaraq Minsk Qrupu üzv dövlətləri xüsusilə Fransa qərəzli mövqeyini kənara qoymalı və neytral tərəf olduğunu sübut etməlidir. Eyni zamanda Minsk qrupu prosesində iştirak edən 11 dövlətin hamısı o cümlədən Türkiyə bu prosesdə yaxından iştirak etməlidir. Hər hansı diskriminasiya və ya prosesin siyasi inhisara alınması baş verməməlidir”.

Cənab Prezidentin fikirlərindən aydın görsənir ki, artıq sülhməramlılıq konsepsiyasının konturları formalaşıb. Hər iki tərəf bunu məqbul hesab edib və 10 noyabr bəyanatında təsdiq olunub.

MQ-nun Fransa və ABŞ-dan olan həmsədrlərinin səfərini “Sherg.az”a şərh edən millət vəkili Asim Mollazadə bildirib ki, Minsk qrupunun taleyi ilə bağlı bütün məsələlər yekunlaşıb. Parlament üzvü qeyd edib ki, həmsədrlər 28 il ərzində bir növ diplomatik turist funksiyasını həyata keçirib:

“İndiki zamanda pandemiya ilə əlaqədar olaraq turizm şirkətlərinin ciddi problemləri var. Düşünürəm ki, həmsədrlər yenidən bölgəyə gəlməklə münaqişəni davam etdirmək üçün hansısa addımları həyata keçirməyi planlaşdırır. Çox güman ki, Hadrutdakı sonuncu təxribatlar da erməni tərəfi ilə razılaşdırılmış bir addımdır. Məqsəd münaqişəni hansısa formada yenidən canlandırmaq və Mink qrupunun zərurətini gündəmə gətirməkdir”.

A.Mollazadə vurğulayıb ki, Minsk qrupu 28 il ərzində münaqişəni uzadaraq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək yerinə işğlaçıya dəstək verib:

“Fikrimcə, Cənab Prezidentin həmsədrlərlə görüş zamanı bəzi məsələləri çox düzgün vurğulması xalqımız tərəfindən ciddi dəstəklənib. Ölkə başçısı bir növ xalqımızın fikirlərini ifadə etdi.

Təəssüflənirik ki, hansısa qurumlar beynəlxalq hüququn aliliyinə qarşı fəaliyyət göstərirlər. Bu, münaqişələrin yenidən canlanması deməkdir. İşğalçıya yenidən dəstək vermək qəbuledilməzdir. Azərbaycanın hər bir təxribata cavab vermək üçün yetərincə gücü var”.

Deputatın sözlərinə görə, Minsk qrupu nümayəndələri erməniləri hansısa formada dəstəkləmək istəyirlərsə, onlara öz ölkələrində dövlət yarada bilərlər:

“Həmsədrlər  münaqişənin yenidən canlanmasında maraqlıdır. Amma başa düşməlidirlər ki, ölkəmizin kifayət qədər gücü var. Azərbaycan öz ərazisində heç kəsə dövlət yaratmaq imkanı verməyəcək.

Ölkəmiz beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyətini qurur və ərazi bütövlüyümüzü bərpa etmək istiqamətində istənilən addımları atmağa hazırdır”.