Aminin xalası “Şərq”ə danışdı: “Hədsiz dərəcədə...” - Rayona gətirilib?

Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub. Bunun nəticəsində 14 dekabr 2020-cil tarixindən etibarən əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb.


Azərbaycan vətəndaşları olan əsir və girovların Bakıya gətirilməsi təmin edilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.

Onların içərisində İkinci Qarabağ müharibəsində əsir düşən Amin Musayev də var. Xatırladaq ki, Aminin yaralı halda düşmən tərəfindən ələ keçirilərkən çəkilən videosu sosial şəbəkələrdə yayıldı. Həmin görüntülər hər birimizi üzdü. Lakin  igid əsgərimizin məğrurluğu, düşmənin cavabını verməsi bizi qürurlandırdı.

Günlərdir, bütün Azərbaycan tək ürək olub, onun geri qaytarılmasını gözləyirdi. Dualarımız  Aminlə başlayıb, aminlə qurtarırdı.
Nəhayət o xoş xəbəri eşitdik. Onun Bakıda, həkimlərimizin himayəsində olduğunu gördük.

Hər kəs çox sevinclidir. Hər halda ailəsi bir başqa hisslər keçirir. Elə onların münasibətini, ovqatını öyrənmək üçün özləri ilə əlaqə saxladıq.

Göz aydınlığı verib, təəssüratlarını bizimlə bölüşmələrini xahiş etdik. Aminin xalası Nübar Abadova "Sherg.az"a yüksək əhval- ruhiyyədə olduğunu bildirdi. O söylədi ki, hələ rayona nə vaxt gətiriləcəyi ilə bağlı məlumatları yoxdur:   

“Dövlətimiz özü hər işlə məşğuldur. Bizə ehtiyac qalmır. Hədsiz dərəcədə sevincliyik. Necə ki, cənab Prezident torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdi, eləcə də əsirlərimizi qısa müddətdə Vətənə qaytardı.

Sağ olsun  Ali Baş Komandanımız. Belə Prezidenti olan ölkə büdrəməz. Ailəmiz adından bizə bu sevinci yaşatdığı üçün cənab İlham Əliyevə təşəkkür edirik. Amin əsirlikdə olanda bizimlə maraqlanan bütün soydaşlarımıza minnətdarlığımızı ifadə edirik.

Bütün ictimaiyyət Aminlə maraqlandı, Amin deyən dillər var olsun. Anasının, Ailəsinin,Qazax-Ağstafa camaatının  adından yanımızda olan aidiyyəti qurumlara, hət kəsə təşəkkür edirik, dövlətimiz sağ olsun”.