“Aİ-nin işi yalan vədlərdən ibarətdir” – “Dişsiz" fəaliyyət !

 “Azərbaycanın işğal faktını tanıyan məlum dörd qətnamədə yazılıb ki, erməni işğalçı qüvvələri Azərbaycan torpaqlarını tərk etməlidir”

“Beynəlxalq təşkilatlar isə heç tüklərini də tərpətmirlər”

“Onların fəaliyyəti fəaliyyətsizlikdən ibarətdir”


Avropa İttifaqının  Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla birgə görüşünü təşkil etmək istəyib. Bunu Josep Borrellin özünü deyib.
“Hər iki nazir (Azərbaycan və Ermənistan) mənimlə danışdıqları üçün üçtərəfli təmas qurmağa çalışdıq - Avropa İttifaqı, Ermənistan və Azərbaycan. Mümkün deyildi, buna görə hər iki nazirlə ayrıca görüşəcəyəm”,-deyə o, bildirib.

Borrell Rusiyanın köməyi ilə Dağlıq Qarabağda əldə olunan atəşkəs razılaşmasının daha çox insan itkisinin qarşısını aldığını qeyd edərək, buna tam əməl edilməli olduğunu vurğulayıb:

“Ancaq keçən həftə, təəssüf ki, atəşkəsin pozulması ilə bağlı xəbərlər eşitdik. Atəşkəsə tam riayət edilməsi vacib şərt olaraq qalır”.

Görünür, beynəlxalq təşkilatlar yenə "mənəm, mənəmlik" etməyə başlayıblar. 

Politoloq İlqar Vəlizadə bu barədə "Sherg.az"a danışarkən bildirib ki, onlara əhəmiyyət vermək lazım deyil: 

"Bu görüşlər nəsə vəd etmir. Sadəcə ortalıqda boş və mənasız gözləntilər var. Avropa İttifaqı tərəflərin mövqelərini öyrənmək və özü üçün, belə demək mümkünsə, hərəkət trayektoriyası cızmaq istəyir.

Gəlin, sizə bir misal çəkim: Şrilanka hökuməti separatçı qüvvələrlə müharibə aparanda onlara iki həftə vaxt vermiş, əks halda məhv olacaqlarını demişdi. Avropa İttifaqının o vaxtkı sözçüsü münaqişənin sülh yolu ilə həll olunmasının zəruriliyini bildirmiş və Şrilankaya yollanmışdı.

Təyyarə havada olarkən Şrilanka hökuməti məsələni müharibə ilə yekunlaşdırmış, separatçıları məhv etmişdi. Yəni Avropa İttifaqının fəaliyyəti boş sözlərdən, yalan vədlərdən ibarətdir. İndiyədək qəbul etdikləri onlarca qətnamənin niyə heç biri yerinə yetirilməyib?!

Sözügedən qurum niyə onlara etinasız yanaşır?! Halbuki Azərbaycanın işğal faktını tanıyan dörd qətnamədə yazılıb ki, erməni işğalçı qüvvələri Azərbaycan torpaqlarını tərk etməlidir.

Beynəlxalq təşkilatlar isə heç tüklərini də tərpətmirlər. Yəni onların fəaliyyəti fəaliyyətsizlikdən ibarətdir. Siyasətləri isə boş vədlər üzərində qurulub".