Türk genarallar QARABAĞDA !- “Qanunlar və bəyanat buna imkan verir” - AKTUAL

“Yəni məsələdə qeyri- adi nəsə yoxdur. Əslində belə bir təşəbbüsün gecikməsi narahatedici idi”

“Türkiyə ilk gündən etibarən, özü də Rusiya ilə bərabərhüquqlu şəraitdə Qarabağda olmalıydı”

“Amma nəzərə almaq lazımdır ki, bu sınanmış təcrübədir- daha əvvəl Suriyada da türk və rus sülhməramlılarının birgə fəaliyyətini görmüşdük"

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar bu günlərdə  jurnalistlərə açıqlamasında Qarabağda yaradılacaq Ortaq Mərkəz barədə danışıb. O,  mərkəzin Ağdamda qurulacağını deyib.

“Ağdam Dağlıq Qarabağdakı ortaq mərkəz ərazisi təyin edilib. İnşaat işləri davam edir. Generallarımız və 100-ə yaxın işçimiz oradadır. Onlar həm təlim keçirlər, həm də iki xüsusi mina axtarış qrupu (ÖMAT) ərazini minalardan təmizləyəcək. Atəşkəsə böyük ölçüdə riayət edilir. Ruslar buna diqqətli yanaşırlar”.- deyə, Akar əlavə edib. 

Bu o, deməkdir ki, müharibənin ilk günündən etibarən yanımızda olan Türkiyə hətta atəşkəs bəyanatından sonra da bizi tək qoymur, öz dəstəyini göstərir.



Məsələni “Sherg.az”a şərh edən politoloq Sədrəddin Soltan söyləyib ki, Türkiyənin Qarabağda olması təbiidir: 

"Bu, tam qanunidir. Birincisi, ona görə ki, qardaş ölkə ATƏT- in Minsk qrupunun 12 üzvündən biridir. İkincisi, Türkiyə Qarabağın işğaldan azad olunmasında maraqlıdır.

Çünki  bu, həm rəsmi Ankaranın iqtisadi maraqlarına, həm də bölgənin inkişafına uyğundur. Eyni zamanda Türkiyə hərbçilərinin Qarabağda olması 10 noyabr bəyanatının şərtlərinə də cavab verir. Sadaladığım məqamlardan əlavə beynəlxalq qanunlar, iki ölkə arasında münasibətlər də buna şərait yaradır. Yəni məsələdə qeyri- adı nəsə yoxdur.

Əslində belə bir təşəbbüsün gecikməsi narahatedici idi. Proseslərin gecikməsi bəzi mexanizmlərin ləng işləməsi deməkdir. Türkiyə ilk gündən etibarən, özü də Rusiya ilə bərabərhüquqlu şəraitdə Qarabağda olmalıydı. Amma nəzərə almaq lazımdır ki, bu sınanmış təcrübədir- daha əvvəl Suriyada da türk və rus sülhməramlılarının birgə fəaliyyətini görmüşdük".

S.Soltan, həmçinin atəşkəsin mahiyyəti və ehtimal olunan nəticələr barədə də danışıb:

 "Atəşkəs rejiminin pozulması Qarabağda erməni hərbçilərinin hələ də olması deməkdir. Bəyanatın dördüncü maddəsinə müvafiq olaraq rus sülhməramlıları bölgəyə gələndən sonra erməni hərbçiləri çıxmalı idi. Amma belə olmadı. Birincisi, əgər oradakı ermənilər tamamilə çıxarılıb və ya məhv edilibsə onda təxribatı törədənlər kimlərdir?

Atəşkəs Azərbaycanla rus sülhməramlıları arasındadır? Bəli, deməli, bəyanatın şərtlərinə əməl edilmir. Sual yaranır: sülhməramlılar münasibətləri qorumağa gəliblərsə, onda daha erməni hərbçilərinə, onların müdafiə sistemlərinə nə ehtiyac var?

Qarabağdakı qondarma rejimin silahlı dəstələri qanunsuz fəaliyyət göstərir. Çünki Rusiyada daxil olmaqla, heç bir dövlət bu rejimi tanımır.

Hərçənd qondarma rejimin prezidenti Araik Arutunyanla sülhməramlıların komandiri Rüstəm Muradovun öpüşüb, görüşməsi onu deməyə əsas verir ki, Kreml qeyri- rəsmi, dolayısı da olsa bu rejimi dəstəkləyir. Sülhməramlıların əli silahlı olması nə qanuna, nə də bəyanatın şərtlərinə uyğundur. Rəsmi Moskva onları tərksilah etməlidir. Araik Aratunyanın başçılıq etdiyi rejim cinayətkardır.

Biz onlar haqqında cinayət işi açdırmışıq. Rusiya bütün erməni silahlılarını regiondan çıxarmalıdır. Qalmaları onların işğalçı olmaları deməkdir. Bir sözlə, Rusiya cığallıq edir, işğalçını dəstəkləyir. Nəticə etibarilə bəyanatın şərtləri pozulur".