Düşmən 44 günlük savaşdan dərs almalıdır

Proseslər göstərdi ki, ən çox aldadılan Qarabağ erməniləri olub

"Erməni əsilli Azərbaycan vətəndaşları olan həmin şəxslər bir daha düşünməli və əvvəlki kimi yanlış qərar verməməlidirlər. Çünki onlar bundan sonra, öz ərazilərini tam şəkildə işğaldan azad etmiş Azərbaycan ərazilərində yaşayacaqlar"

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalanandan sonra Qarabağda Vətən müharibəsi başa çatdı. 44 günlük savaşda məğlub olan və kapitulyasiya edən Ermənistanda indi revanşist meyllər çox güclənib. Ermənilər sosial şəbəkələrdə yeni savaş istədiklərini, bu savaşa hazırlaşdıqlarını deyirlər. Reallıq isə tam fərqlidir. Ordusu darmadağın edilmiş Ermənistan 28 il işğalda saxladığı və indi azad edilən Qarabağdakı ermənilərə belə yardım edə bilmir.

Savaş günlərində Ermənistana qaçan qarabağlı ermənilər orada çox soyuq, laqeyd münasibətlə, ayrı-seçkiliklə qarşılaşdıqlarını, rəsmi İrəvanın onlara yardım etmədiklərini deyirlər. Dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin diaspor təşkilatının yolladığı milyonlarla dollar, habelə "Hayastan" Ümumerməni Fondunun hesablarına köçürülən və Ermənistana göndərilən 130 milyon dollar qarabağlı ermənilərdən yan keçib. Köməksiz və naçar qalan qarabağlı ermənilər geriyə, Qarabağa qayıtmağa üstünlük verirlər.

Mövzuya münasibət bildirən politoloq Xəyal Bəşirov “Şərq”ə açıqlamasında qeyd edib ki, münaqişə başlandığı dövrdən bugünədək Ermənistan əhalisi aldadılıb. Politoloqun sözlərinə görə, bütün bu otuz il ərzində Ermənistanı idarə edən cinayətkar qruplaşmalar Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarını da aldadıblar:

“Elə bu təcavüzün başlamasının Sovetlər Birliyinin süquta uğradığı dövrə təsadüf etməsi də bununla bağlıdır. Ancaq artıq bu gün bütün Ermənistan əhalisi və Azərbaycan əraziləri olan Qarabağ ərazisində yaşayan erməni əsilli şəxslər anlayıblar ki, onlar bu günə qədər aldadılıblar. Onların bugünkü sosial və iqtisadi vəziyyətləri ilə yanaşı, təhlükəsizlikləri ilə bağlı təminatları da qeyri-müəyyəndir. Çünki həm bütün münaqişə dövründə, həm də 44 günlük ikinci Qarabağ müharibəsi dövründə baş verənlər də bu məsələdə ciddi əhəmiyyət daşıyır. Onlar da şahidi oldular ki, Ermənistan tərəfi Azərbaycandan fərqli olaraq nə mülki vətəndaşlarının, nə də ki, hərbçilərinin təhlükəsizliyi ilə bağlı heç bir addım atmadı. Bu müddət ərzində döyüş meydanından erməni hərbçilərinin cəsədlərinin və yaralıların götürülməməsinin, habelə Azərbaycan tərəfindən onlara təqdim olunan mülki vətəndaşlarından imtina etməkləri bunun bariz nümunəsidir”.

Politoloq qeyd edib ki, ancaq bu dönəmdə Azərbaycan dövlətinin və onun rəhbərinin mövqeyi tam fərqli oldu:

“Bir sıra şəhərlərimizə, o cümlədən də Gəncə şəhərinə qarşı Ermənistan tərəfindən edilən terror hadisələri zamanı orada yaşayan erməni qadınının təhlükəsizliyinə və sağlamlığına dövlətimizin münasibəti də bir sıra məqamlara aydınlıq gətirdi. Bundan savayı, Azərbaycan Prezidenti İlham Əliyev də özünün bütün çıxışlarında Azərbaycanın ərazilərində yaşayan bütün vətəndaşlarımız kimi, Qarabağ ərazisində yaşayan erməni əsilli insanların da bərabər hüququ və vəzifələrə malik olduğunu dəfələrlə vurğulayıb. Azərbaycan qanunlarına riayət edəcək bütün şəxslər kimi, erməni əsilli vətəndaşlarımızın da təhlükəsizliklərinə təminat verilir. Bunu Azərbaycanda hazırda yaşamaqda olan təxminən 30 minlik erməni əsilli insanların vəziyyətindən də müəyyən etmək mümkündür. Hesab edirəm ki, erməni əsilli Azərbaycan vətəndaşları olan həmin şəxslər bir daha düşünməli və əvvəlki kimi yanlış qərar verməməlidirlər. Çünki onlar bundan sonra, öz ərazilərini tam şəkildə işğaldan azad etmiş Azərbaycan ərazilərində yaşayacaqlar”.