"Bədənimdən 3 qəlpə çıxarıblar, 11-i hələ qalır"

Eldar Quliyev: "Təkcə ailəm yox, rayonda hamı elə bilirmiş ki, şəhid olmuşam"

Sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ savaşını əbəs yerə həm də Vətən müharibəsi adlandırmırıq. Çünki bu çətin hərbi əməliyyatlarda Vətəni canı qədər çox sevənlər Vətən uğrunda can verdilər, can aldılar. Kimi şəhid, kimi qazi oldu. Amma döyüşlərdə iştirak edən hər kəs qalibdir. Çünki tarixi zəfərimizin əldə edilməsində vəzifəsindən, rütbəsindən asılı olmayaraq, onların hər birinin böyük payı var. 

 Onlardan biri də tuşlayıcı-operator əməliyyatını həyata keçirən MAXE çavuş Eldar Quliyevdir. Eldar 1987-ci ildə Astarada anadan olub. Uşaqlıqdan döyüş səhnələrinə, hərbiyə maraq göstərib, torpaqların xiffətin çəkib. Beləliklə, sonradan həyatını tamamilə hərbiyə bağlamağı qərara alıb. O, yeddi ildir ki, əlində silahla Vətənin müdafiəsində idi. Elə yeddinci ilində İkinci Qarabağ savaşında iştirak etdi, torpaqlarımızın azadlığı uğrunda mərdanə döyüşdü. 

 Qəhrəmanımız onu Qaziliyə aparan yol barədə daha ətraflı “Şərq”ə danışıb: 

“Füzulidə döyüşürdüm. Müharibə başlayandan, yəni sentyabrın 27-si iki dəfə ard-arda minaya düşsəm də, yoldaşlarımı tək qoymurdum. Sonra komandirim dedi ki, qarşıda erməni silahlıları var, gör, onu vura bilirsənmi? Vurdum və bir manqa əsgəri məhv etdim - altı ermənini öldürdüm. Çox dəhşətli anlar idi. Mərmilər yağış kimi üstümüzə yağırdı. Amma heç birimiz geri dönmək barədə düşünmürdük.

Əksinə, gülə-gülə irəli gedir, döyüşə atılırdıq. Bir-birimizə baxaraq daha da güc alırdıq. Sanki komandirin ürəyinə nə isə damıbmış kimi mənə müraciətlə “Bilirəm, şəhid olacam” dedi. Mat qaldım, bilmirdim nə deyim. Şiddətli döyüşlər isə davam edirdi. Bir neçə saat sonra 9 nəfər - komandirimiz, sürücü, mən və altı desantın olduğu BTR-imizi vurdular. Maşın yanırdı. Özüm ağır vəziyyətdə olsam da, huşunu itirmiş bir yoldaşımızı maşından çıxardım. Sonra komandirə kömək etməyə çalışdım, lakin qüvvətli alov məni səngərə tulladı. Komandirimi yanan BTR-dən çıxara bilmədim. 55 dəqiqə səngərdə qaldım. Bizi təxliyə etməyə çalışanda iki döyüş yoldaşımın da o vəziyyətdən çıxmağına kömək etdim. Heyətdə 9 nəfər idik. Komandirimiz şəhid, mənlə birlikdə 8 nəfər isə qazi oldu”.

E.Quliyev, həmçinin bildirib ki, ağır döyüşlər indi onu həm fiziki, həm mənəvi cəhətdən narahat edir:

“Döyüşdən sonra qardaşıma zəng etdim. Sən demə, təkcə ailəm yox, bütün rayon elə bilirmiş ki, şəhid olmuşam. Amma onlara yaşadığımı, sağ olduğumu dedim. Hansı hissləri keçirdiklərini təsəvvür edirəm.

Yaralanandan sonra ilk tibbi yardımı Saatlıda göstərdilər. Ardınca müxtəlif xəstəxanalarda müayinə və müalicə olundum. Hər iki ayağım yanıb, qulaq pərdələrim cırılıb, sağ gözüm zəif görür, nitqimdə rabitəsizlik var, nəfəs almaqda çətinlik çəkirəm və ən əsası, beynimdə kantuziya var. 14 qəlpə ilə gəzirdim.

Həkimlər 3-nü çıxarıblar. Lakin 11-i hələ də bədənimdədir. Həkimlərin sözlərinə görə, indi çıxarmaq olmaz. Əks halda, sinir sistemim pozula, dəli ola bilərəm. Həmçinin döyüşlərdəki səs-küy, qışqırıqlar hələ də qulağımdadır.

Gecələr narahat yatıram. Bəzən yuxuda cəbhəni görüb qəfil ayılıram. Gəzəndə özüm də nə olduğunu bilmədən hərdən duruxuram.

Fəqət məni daha çox narahat edən komandirimin gözümün qabağında yanmasıdır. Bu, çox dəhşətlidir. Biz döyüşə birlikdə girmişdik. Birlikdə də çıxmalı idik. İki qızım var.

Kirayədə qalıram. Görünür, Allah məni ailəmə bağışladı. Torpaqlarımızın azad olunması, Qarabağda Azərbaycanın üçrəngli bayrağının dalğalanması ilə fəxr edirəm. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm".