"Hamı yoluxacaq deyə bir durum yoxdur" - Həkim

"8 ayda yoluxmayan, 3 aya da yoluxmaz və vaksinasiya dövrünə yetişə bilər”

“Pik dövrlərdə virusa yoluxmamaq əhəmiyyətlidir. Belə ki, bu dövrlərdə  səhiyyə sistemində yüklənmələrdən dolayı göstəriləcək tibbi xidmətin keyfiyyəti çox enir və bəzən ümumiyyətlə əlçatmaz olur”.

Bu sözləri həkim-nevroloq Pərviz Axundov “Şərq”ə açıqlamasında deyib. O bildirib ki, xəstəxanalarda sıxlıqla yanaşı virus yükü artır, ağırlaşanların sayı çoxalır:

“Üstəlik bu dövrdə evdə müalicə olunmaq istəyənlər üçün dərmanlar ya tapılmır, ya da 5-10 dəfə artıq qiymətə tapılır. Son həftələr yaşadığımız alovlanma ilə əlaqədar, apteklərdə nəinki bilavasitə "COVİD-19" müalicəsində istifadə edilən standart reseptlərə yazılan dərmanlar, digər preparatların da ciddi çatışmazlığı yaşanır. Odur ki, mübarizəyə davam edib, bu dövrdə yoluxmamaq üçün bütün məlum qaydalara əməl etmək, o cümlədən əl gigiyenası ilə yanaşı, ağız və burun boşluğu gigiyenası qaydalarına riayət etmək, yuxu rejiminə və balanslı qidalanmaya əməl etmək zəruridir. Hamı yoluxacaq deyə bir durum yoxdur. 8 ayda yoluxmayan, 3 aya da yoluxmaz və vaksinasiya dövrünə yetişə bilər”.