“Türkiyə dünyada nizam quranlardan biridir” - Yolundan dönməyəcək !

“Rusiyadan S-400-ü almağımız bəzi Qərb ölkələrinin “nəfəs almasına” çətinlik yaradır”

“Fəqət bunlar bizi narahat etmir. Dünya dəyişir, rəqəmsal çağ başlayır. Deməli, güclü olmağımız şərtdir”

Bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sanksiya qərarına sərt reaksiya verib. “Haber Global”ın məlumatına görə, bu barədə o, Niğde-Ankara Şosse yolunun açılış mərasimində danışıb:


“Bu sanksiyalar NATO üzvü olaraq ilk dəfə ölkəmizə tətbiq edilib. Bu necə ittifaqdır? Bu necə müttəfiqlikdir? Bu qərar ölkəmizin suveren hüquqlarına açıq bir hücumdur. Qərarın səbəbi nədir? Səbəb Türkiyənin Rusiyanın S-400 hava müdafiə sistemini almasıdır. Bəs Türkiyə niyə bu yola üz tutdu? ABŞ uzun zamandır əlindəki hava hücumundan müdafiə sistemlərinin ölkəmizə satılmasına icazə verməyib.

Bundan başqa Türkiyə “F-35” təyyarəsinin minə yaxın hissəsini istehsal edir və ABŞ-a verir. Bu sistemləri əldə etmək istədiyimiz şərtlərə cavab verməyən ABŞ Senatdakı maneələrdən əlavə, ehtiyaclarımızı başqa bir yerdən qarşıladığımız üçün sanksiya tətbiq etdi.

Qarşımızda duran tək yol isə Türkiyənin S-400 sistemini almasıdır. Və bu sistemin heç bir texniki açıqlama verilməyən “F-35”-lər üçün, pulun böyük bir hissəsini verəcəyimiz halda, təhdid təşkil edən iddiaları sadəcə bəhanədən ibarətdir. Əsas məqsəd ölkəmizin son zamanlarda müdafiə sənayesində başlatdığı nailiyyətləri əngəlləyərək bizi yenidən onlardan tamamilə asılı vəziyyətə salmaqdır. Üstəlik, bunu öz hesabatlarında açıq şəkildə bildirirlər”.
Tarixən ayrı-ayrı dünya dövlətlərinin Türkiyəyə meydan oxuma cəhdləri məlumdur. Amma qardaşımız hansı sınaqlardan çıxmadı, kimlərlə kəllə-kəlləyə gəlmədi ki? Yəni bu cür təzyiqlər də nə bizi, nə də rəsmi Ankaranı qorxudar.

 Türkiyəli beynəlxalq məsələlər üzrə ekspert Əziz Əziz sözügedən sanksiyalarla bağlı “Sherg.az”a danışıb. Onun sözlərinə görə, rəsmi Ankara heç bir halda tutduğu yoldan geri dönməyəcək:

 “Dünya ictimaiyyəti bəzən “görmədim”, “bilmədim”, “xəbərim olmadı” prinsipilə işləyir. Amma unudurlar ki, Türkiyə artıq Avrasiyada və dünyada nizam quranlardan biridir. Təhsil, səhiyyə, təhlükəsizlik, müdafiə, sənayə, ticarət, elm və texnologiya… kimi ən müxtəlif sahələrdə uğur qazanan Türkiyə çox əlverişli coğrafi mövqeyə sahibdir. 

Ölkəmizin üç tərəfi dörd fərqli dənizlə əhatə olunub. Yəni bizim mövqeyimiz bir çoxları üçün xəyaldır. Lakin Qarabağ müharibəsində də göründüyü kimi, Türkiyədə min illərdən bəri gələn dövlət və millət anlayışı var. Biz torpaqlarımızı şəhid qanları ilə yuyaraq əbədiləşdiririk.

ABŞ-ın və Aİ-nin sanksiyaları Türkiyənin qonşu ölkələrlə NATO və digər qurumlardakı roluna, yerinə təsir göstərə bilməz.  ABŞ-ın hakimiyyətdən getməyə hazırlaşan prezidenti Tramp zaman-zaman Rusiyaya, Orta Şərqə, son vaxtlar isə Türkiyəyə qarşı müxtəlif qərarlar qəbul edir. Lakin dediyim kimi, bu, bizim irəliləməyimizə mane olmaz.

Görünür, Rusiya ilə olan qonşuluq və əməkdaşlıq münasibətlərimiz, o cümlədən onlardan S-400-ü almağımız bəzi Qərb ölkələrinin “nəfəs almasına” çətinlik yaradır. Fəqət bunlar bizi narahat etmir. Dünya dəyişir, rəqəmsal çağ başlayır. Deməli, güclü olmağımız şərtdir”.