Qarabağda Rusiya sülhməramlılarının sayının artırılması ciddiləşir

"Maraqlıdır, erməni yaraqlılarına güldən ağır söz deməyən rus əsgərlərinin Qarabağda artırılmasına nə hacət var?"

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinlə görüşü zamanı Qarabağda 330 yerlik blok-modul hərbi şəhərciyin işə salındığını bildirib. O həmçinin əlavə edib ki, 1 aprel 2021-ci ilə qədər daha 32 modul şəhərciyin salınması planlaşdırılır. Bu o deməkdir ki, müvəqqəti kontingentin sayı dəfələrlə artacaq – 2000-dən 10000 nəfərədək. Kontingentin sayının artırılması haqda rəsmən heç nə deyilməyib və onun genişləndirilməsi Azərbaycanla əlavə razılaşdırma tələb edəcək. Lakin nəzərə alsaq ki, Şoyqu Müdafiə Nazirliyinin planlarını səsləndirib, bu o deməkdir ki, məsələ daha ciddidir. 2 min kv. km. sahəsi olan belə kiçik region üçün 10 minlik kontingent xeyli çoxdur və daha çox burada Rusiya hərbi bazasının yerləşdirilməsi planlarına işarə edir. Məlum olduğu kimi, Rusiya hərbçilərinin münaqişə zonasında qalma şərtləri Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın 9 noyabr 2020-ci il tarixli bəyanatında əksini tapıb.

Sənədə əsasən Rusiya kontingenti 1960 hərbi qulluqçudan, 90 BTR və 380 ədəd avtomobil və digər xüsusi texnikadan ibarətdir. KİV-in məlumatına görə, Rusiya kolonların havadan müdafiəsi üçün vertolyotlardan istifadə edir. Kontingentin qalma müddəti beş ildir. Tərəflərdən heç birinin etirazı olmadığı halda avtomatik olaraq məhdudiyyətsiz şəkildə həmin müddətə uzadılır.

Məsələyə münasibət bildirən politoloq Natiq Miri “Şərq”ə açıqlamasında bildirib ki, Qarabağda Rusiya qoşunlarının artırılması məsələsi artıq ciddiləşir. Politoloqun sözlərinə görə, əvvəlcə ictimai rəyi Rusiya prezidentinin il sonu mətbuat konfransında verdiyi açıqlamalarla hazırladılar. Ardınca isə Rusiyanın Müdafiə naziri Şoyqu prezident Vladimir Putinlə görüşü zamanı Qarabağda 330 yerlik blok-modul hərbi şəhərciyin işə salındığını bildirdi:

“Şoyqunun bildirdiyinə görə, 1 aprel 2021-ci ilə qədər daha 32 modul şəhərciyin salınması planlaşdırılır. Bu isə o anlama gəlir ki, müvəqqəti kontingentin sayı dəfələrlə artaraq 10000 nəfərə çatdırılacaq. Maraqlıdır, erməni yaraqlılarına güldən ağır söz deməyən rus əsgərlərinin Qarabağda artırılmasına nə hacət var? Halbuki, bu günə qədər Azərbaycan əsgəri deyil, erməni terrorçuları təhdid rolunda çıxış edir. Azərbaycan əsgəri təhdid deyilsə, onda rus qoşunlarının 5-6 dəfə artırılması hansı məqsədlərə xidmət edir?

Demək ki, Rusiya Qarabağda hərbi baza yaratmağı düşünür. Bu da o deməkdir ki, ruslar Qarabağdan çıxmayacaq. Qarabağ bütövlükdə isə Azərbaycan üçün ən böyük təhdid olmağa davam edəcək. İndi erməni yaraqlılarının Qarabağa sızması və Azərbaycan əsgərlərinə hücum etməsinin altında yatan qara niyyəti anladınızmı? Aydın olur ki, bütün bunlar Rusiya qoşunlarının Qarabağdakı sayını artırmağa zəmin hazırlamağa xidmət edib”.

Politoloq vurğulayıb ki, ancaq rus qoşunlarının sayının artırılması birtərəfli qaydada mümkün deyil: “Bunun mümkün olması üçün Azərbaycan tərəfinin razılığı olmalıdır. Əgər Qarabağdakı rus qoşunları artacaqsa, bu Azərbaycan hakimiyyəti ilə razılaşdırılacaq”.