“Prezidentin hər bir vədinin arxasında konkret əməl dayanır”

“Məhz buna görə də ölkə başçısının verdiyi bütün vədlər gerçəkliyə çevrilir”

“Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir”

“Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz sanki yenidən doğulacaq, canlanacaq, dirçələcək”



Prezident İlham Əliyev 2003-cü ildən etibarən qarşıya qoyduğu strateji hədəflərə nail olmaq üçün  ölkə daxilində və beynəlxalq səviyyədə məqsədyönlü siyasət həyata keçirib. Bunun üçün ölkə başçısının son 17 ildə atdığı addımlarının xronologiyasına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev bu müddətdə ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təmələ yeni əlavələr etməklə Azərbaycanı dünya miqyasında iqtisadi möcüzələr, ən islahatçı ölkə kimi təqdim etdi.

Ölkə başçısı daim bəyan edir ki, zaman, dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Təbii ki, onların icrası islahatların dərinləşdirilməsini bir tələb kimi qarşıya qoyur. Son 17 il bu məqama da işıq saldı ki,  reallaşdırılan  siyasətin  mərkəzində vətəndaş amili dayanır.  Məhz bu siyasətə sadiqliyin nəticəsidir  ki, neft kapitalının insan kapitalına  çevrilməsi bugünkü Azərbaycanın reallıqları sırasındandır.

Bu gün Ali Baş Komandanın doğum günüdür. Təəsadüfi deyil ki, Azərbaycan indi beynəlxalq statistikalarda dünya dövlətlərinin tanıdığı, hesablaşdığı ölkələrdəndir. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi zəfər isə heç şübhəsiz, Prezidentimizin bu xalq, bu millət üçün gördüyü ən mühüm işlərdən biridir. 



Millət vəkili Müşfiq Məmmədli “Sherg.az”a açıqlamasında dövlət başçısını ad günü münasibətilə təbrik edib. Deputat qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya cəbhəsində də uğurlarımızı şərtləndirir:

“Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Ali Baş Komandanımız nəyi nə zaman edəcəyini çox yaxşı bilir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan  müasir müstəqil Azərbaycan dövləti  son 17 ildə daha möhtəşəm zirvələrə yüksəldi.

Cənab Prezident 44 günlük İkinci Qarabağ müharibəsi dövründə  30-a yaxın dünyanın nüfuzlu agentlik və televiziya kanallarına müsahibələrinin birində  jurnalistin “Tarixdə necə qalmaq istərdiniz” sualına cavabını bir daha xatırlatmaq istərdim.

Prezident həmin cavabında bildirdi ki, mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir”.

M.Məmmədli vurğulayıb ki, ölkə başçısının hər bir vədinin arxasında konkret əməl dayanır:

“Məhz buna görə də cənab Prezidentin verdiyi bütün vədlər gerçəkliyə çevrilir. Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz sanki yenidən doğulacaq, canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcək. Cənab Prezidenti doğum günü ilə təbrik edirəm”.