Kreml açıq oyun oynayır

Rusiya İrəvana görə Azərbaycan və Türkiyə ilə münasibətləri pozmaq fikrində deyil

“Rus sülhməramlılarının Qarabağda yerləşməsindən narahatlıq anlaşılandır, lakin bu, təhlükəli hesab edilməməlidir. Niyəsini qısaca deyim. Birincisi, 102-ci Rusiya bazası Ermənistanın təhlükəsizliyinin qarantı olsa da, bu ilin avqustunda Tovuz ərazisində gərginləşməyə müdaxilə etdimi? Rus qoşunları Ermənistanı müdafiə etmək üçün nə bu əraziyə irəlilədi, nə də bölmələrini sərhəd bölgələrinə yerləşdirdi.

Bəs 2020-ci ilin payızında, Vətən müharibəsi zamanı ruslar müdaxilə etdimi? Kimsə rusların varlığını və ya təsirini hiss etdimi? Əksinə, erməni poliqonlarında məşqlərini belə dayandırdılar, çünki təhlükəni hiss etdilər. 2015-ci ildə Avetisyan ailəsinin rus hərbçi Valeri Permyakov tərəfindən öldürülməsi ilə bağlı, 2018-ci ilin dekabrında erməni təmizlikçi xanım Culyetta Qukasyanın rus əsgər Razqildeyev tərəfindən öldürülməsi kimi hadisələri xatırlayaq. Onları Rusiya erməni məhkəməsinə çıxarmağa imkan vermədi. Başqa sözlə ermənilərə "işinizlə məşğul olun" mesajını verdi”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev “Şərq”ə açıqlamasında deyib. Hərbi ekspert qeyd edib ki, Rusiya üçün Ermənistan sadəcə poliqondur:

“Əslində ruslar ermənini qorumağa heç hazırlaşmırdı. Ya bunu istəmirdilər, ya edə bilmirdilər, ya da çəkinirdilər. Çünki Azərbaycan və Türkiyə birlikdə Rusiya üçün çox ciddi bir rəqibdir. Burada rusların Suriya və Liviyadakı planları ilə bərabər Türkiyənin bu coğrafiyada təsir dairəsi də nəzərə alınmalıdır. Tək reallıq budur ki, Ermənistan artıq nə sərhədlərini müstəqil qorumaq, nə də öz təhlükəsizliyini təmin etmək iqtidarındadır. Ordusu da 30-40 faiz potensialını saxlaya bilib. Ermənistan bəlkə də yeni təhlükəsizlik qarantı tapmalıdır. Lakin Rusiya buna razı olacaqmı? Yoxsa Kreml ermənilərə "istəsəniz də, istəməsəniz də sizi zəruri hesab etdiyim formada istifadə edəcəm" mesajını verəcək? Zəif Ermənistanı rusdan başqa qorumağa kim razı olacaq? Bütün bu gərginliklər kontekstində məlum olan və aşkar seçilən odur ki, Kreml İrəvana görə Azərbaycan və Türkiyə ilə münasibətləri pozmaq fikrində deyil. Buraya ayrı-ayrı rus generalitetinin fəaliyyətləri daxil deyil. Onlar hələ uzun müddət ermənilərin döyüşlərdə itirdikləri və Bakıdakı Zəfər paradında nümayiş olunan qənimətlərin görüntüsünü unuda bilməyəcəklər”.