Ermənistanda xaos ! - “Bütün sahələr çöküb” – Aksiyalar genişlənir !   

“Paşinyan danışıqlar prosesi zamanı “Qarabağ Ermənistandır və nöqtə” sərsəm bəyanatını verdi”

“Baş nazir bu açıqlaması ilə danışıqlar prosesinə nöqtə qoydu. Bütün bunlar Ermənistanda daxili vəziyyətə mənfi təsirlərini göstərdi”


İkinci Qarabağ müharibəsi düşmən ölkənin iqtisadiyyatına böyük zərbə vurdu. Onsuz da Ermənistan iqtisadiyyatı koronavirus səbəbindən çətinliklər yaşayırdı. Müharibənin başa çatmasına rəğmən, Ermənistanda iqtisadi durum gün keçdikcə ağırlaşır. Eyni zamanda ölkə ictimaiyyətində də vəziyyət gərgindir. Ağır iqtisadi durum Paşinyan hakimiyyətinə olan hiddəti daha da alovlandırır. Küçələrdə etiraz aksiyaları davam edir.

Bu günlərdə İrəvanın bələdiyyə sədri də Ermənistanda vəziyyətin gərgin olduğunu açıqlayıb. Bələdiyyə sədri bildirib ki, ölkədə büdcə 49 faizə qədər azalıb. Buna görə də artıq Ermənistanda sosial problemlərin həllinə maliyyənin ayrılmayacağı ehtimal edilir.

İrəvandakı çətin iqtisadi vəziyyəti “Sherg.az”a şərh edən Bakı Dövlət Universitetinin tarix üzrə fəlsəfə doktoru, geosiyasət və konfliktologiya üzrə dosent  Kərəm Məmmədov bildirib ki, Ermənistan cəmiyyəti ölkəmiz tərəfindən vurulan ağır zərbəni həzm edə bilmir.
Dosent qeyd edib ki, düşmən ölkənin daxilindəki ictimai-siyasi və iqtisadi durum müharibə nəticəsində daha da kəskinləşdi:

“Ermənistan müharibədən öncə də iqtisadi böhran içində yaşayırdı. Düşmən ölkə təcavüzkar siyasəti nəticəsnində regional layihələrdən kənarda qaldı. Bu isə iqtisadiyyata külli-miqdarda zərər vurdu.

Ermənistanın daxilindəki ictimai-siyasi vəziyyət, korrupsiya əməlləri ölkə iqtisadiyyatını çökdürdü. Bütün bu proseslər bir yerə cəmləşdi və nəhayət acı nəticələr meydana gəldi.

Nəticələrin daha da kəskinləşməsinə İkinci Qarabağ müharibəsi səbəb oldu. Hərbi cəhətdən belə bir mif yaratmışdılar ki, Ermənistanın məğlubedilməz ordusu var. Lakin biz bu ordunun hansı vəziyyətdə olduğunu 44 günlük savaşda gördük”.

K.Məmmədov vurğulayıb ki, Paşinyan da Koçaryan və Sarkisyan kimi yalnız şəxsi maraqlarını güdür:

“Təbii ki, bu da ölkə iqtisadiyyatını məhv etdi. Paşinyan hakimiyyətə gələndən sonra dağılmış iqtisadi vəziyyətdə olan ölkəni qısa müddətdə dirçəldə bilməzdi. Onun ən böyük səhvi də danışıqlar prosesinə son qoyması oldu.

Danışıqlar prosesi zamanı “Qarabağ Ermənistandır və nöqtə” sərsəm bəyanatını verdi. Əslində Paşinyan bu açıqlaması ilə danışıqlar prosesinə nöqtə qoydu.

Bütün bunlar Ermənistanda daxili vəziyyətə mənfi təsirlərini göstərdi. Müharibədən sonrakı vəziyyət də göz qabağındadır. Hazırda Ermənistanda formal olaraq hakimiyyət var, amma mahiyyətə baxsaq, hakimiyyətin heç bir sturukturu normal şəkildə işləmir. Erməni hərbçiləri ordumuz tərəfindən məhv edildi, onların meyitlərinə sahib çıxacaq bir sturtuktur yoxdur ki, cəsədləri yığıb aparsınlar.

Qorxurlar ki, çoxlu sayda meyit gəlməsi ölkədəki gərgin vəziyyəti daha da şiddətləndirəcək. Neçə gündür ki, işağlçı Ermənistanda mitinqlər keçirilir. Bütün bunlar gec-tez hakimiyyətin dəyişməsinə gətirib çıxaracaq.

Lakin düşünürəm ki, bu, tez zamanda baş verməyəcək. Ən azından Paşinyan üzərində müəyyən öhdəliklər var. Təxminən 1 il ərzində Ermənistanda xaos davam edəcək”.