Ruslar sülhməramlı yox, katalizatordurlar: “Revanşistlərə dəstək... ”  

“Onlar erməni silahlı birləşmələrini revanşa hazırlaşdırılır”

“Xankəndi və ətraf əraziləri qapalı məkana çevirirlər. Ermənistandan Qarabağa silahlı dəstələr daşıyırlar”

“Rusiya sülhməramlılarının sülhyaratma statusundan kənar fəaliyyətə son qoyulmasını tələb etməliyik”

“Ya Kəlbəcərdə, ya Laçında, ya da Şuşada Türkiyə hərbçilərinin bazasını yaratmalıyıq”

“Xankəndi və ətraf ərazilərdə bütün kommunikasiya xətləri, ilk növbədə də Tərtər- Ağdərə-Kəlbəcər yolu təxirəsalınmadan açılmalıdır ki, Kəlbəcər və Laçın rayonlarının ərazisində qış şəraitində yerləşən Azərbaycan əsgərlərinin təminatında heç bir problem yaşanmasın”.
Bu sözləri BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli özünün “Facebook” hesabında yazıb. Onun fikrincə, bu hal mövcud vəziyyətdə bizim üçün əlavə avantaj olar.


Dünən Hadrut istiqamətində törədilən təxribat da bu cür təşəbbüsü zəruri edir. Bir istəyirsən, təəccüblənəsən,amma sonra düşünürsən ki, yox, söhbət ermənilərdən gedir. Onlardan gözlənilən məhz elə budur. Deməli, atalar misalında deyildiyi kimi, nə olur olsun, ehtiyatı əldən verməməliyik. 



Sabir Məmmədli bu barədə “Sherg.az”a danışarkən  “bu xəmirin hələ çox su aparcağını” belə izah edib: 

“Noyabrın 10-da imzalanmış  bəyanata əsasən Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və ətraf ərazilərdə Rusiya sülhməramlıları yerləşdirilmiş və oradan Ermənistan silahlı qüvvələrinin qalıqlarının və terrorçu dəstələrinin çıxarılması, tərk-silah edilməsi nəzərdə tutulmuşdu. Bununla belə, indiyədək Xankəndi və ətraf ərazilərdə Azərbaycanın suveren hüquqları bərpa olunmayıb.

Dağlıq Qarabağ ərazisində qondarma terrorçu rejim öz mövcudluğunu davam etdirir. Erməni silahlı dəstələri və terrorçu qrupları tərk-silah edilməmiş qalır. Onlar  hələ də bölgədən çıxarılmayıblar.

Üstəlik, bu cür fəaliyyətə heç cəhd də edilməyib. Eyni zamanda Rusiya sülhməramlıları beynəlxalq sülhyaratma missiyası ilə bir araya sığmayan fəaliyyətlə məşğul olur. Xankəndi və ətraf əraziləri qapalı məkana çevirirlər. Onlar davamlı olaraq Ermənistandan Qarabağa silahlı dəstələr daşıyır, yarıhərbiləşdirilmiş qruplar təşkil edir.  Müxtəlif vasitələrlə revanşist qüvvələrə dəstək verməkdədirlər.

Məlum bəyanata uyğun olaraq müharibənin son günlərində Ağdərə və Xocavənd istiqamətində olan 20-25 minlik Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan çıxarılmalı idi. Amma erməni silahlı birləşmələri bu günədək nəinki çıxarılmayıb, əksinə, bu qüvvələr kazarma şəraitinə keçirilir, yenidən komplektləşdirilir və açıq şəkildə revanşa hazırlaşdırılır. Rusiya sülhməramlıları özlərini Dağlıq Qarabağın sahibi kimi aparır. Qondarma terrorçu rejimin başçısı ilə görüşlər keçirir, birgə fəaliyyət göstərir. Qondarma qurumun bayrağı altında sənədlər imzalayırlar. Rusiya sülhməramlıları Ermənistandan Dağlıq Qarabağa 45 mindən artıq erməni qaçqınını gətirdiyi halda bir nəfər də olsun azərbaycanlı məcburi köçkününü Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və ətraf yaşayış məntəqələrinə yerləşdirməyiblər. Halbuki həmin ərazilərdə olan bir çox kənd və qəsəbələrdə münaqişəyədək yalnız azərbaycanlılar yaşayıblar”.

S.Məmmədlinin fikrincə, rəsmi Moskvanın adı “sülhməramlı” olsa da, özü katalizatordur: 

“Bütün bu hadisələr fonunda biz hadisələrə adekvat cavab verə bilmirik. Hadisələrin gedişi, cəmiyyətə təqdim olunan informasiya onu göstərir ki, monitorinq mərkəzinin işinin təşkilində və gələcək fəaliyyətində Rusiya ilə Türkiyə arasında böyük narazılıqlar var.  Bu məsələ dünya mətbuatında da təkrar-təkrar vurğulanırdı.

İstər Kremldən gələn açıqlamalar, istər Monitorinq Mərkəzinin əlverişli yerdə seçilməməsi bunu açıq göstərir. Məhz bir çox ekspertlər bunları əvvəlcədən görürdü və təklif edirdi ki, Monitorinq Mərkəzi Şuşada yerləşdirilsin. İndi isə müxtəlif səbəblər gətirməklə bu iş xeyli yubadıldı. Yəni Ağdamda bina tikiləcək, infrastruktur yaradılacaq və s. Üstəlik, Türkiyə kontingenti də çox gec gəlməyə başladı. Görünür, başqa ziddiyyətlər də var.

Çünki bu prosesi təşkil etmək hərbçilər üçün o qədər böyük vaxt aparmalı deyil.  Rus sülhməramlılarının davranışı və Azərbaycan-Türkiyə tərəfinin qismən ləng tərpənməsi, habelə hadisələrə münasibət onu göstərir ki, ermənilərə monitorinq prosesi az təsir edəcək. Çünki onların arxasında birmənalı olaraq Kreml dayanır. Biz isə lazımından artıq ehtiyatlı davranırıq”.

Professorun sözlərinə görə, vaxt əleyhimizə işləyir. Vaxtında zəruri addımları atmasaq, daha ciddi problemlərlə üzləşə bilərik: 

“Biz Xankəndi və ətraf ərazilərdən Ermənistan hərbi qüvvələrinin və terrorçu dəstələrinin çıxarılmasını təmin etməli, lazım olarsa, antiterror əməliyyatı keçirməliyik.  Rusiya sülhməramlılarının özbaşnalığının qarşısını almalıyıq. Onların beynəlxalq sülhyaratma statusundan kənar fəaliyyətə son qoyulmasını açıq şəkildə tələb etməliyik. Və suverenliyimizin təhdid edilməsinə imkan verməməliyik.  Nəzərə almaq lazımdır ki, Xankəndi və ətraf ərazilərdə suverenliyimizin təmin edilməsi hər gün daha da çətinləşir. Bu proseslərin qarşısının alınmasından ötrü təcili tədbirlər görülməlidir. Paşinyanın bu gün səsləndirdiyi sərsəm bəyanat onu deməyə əsas verir ki, artıq Ermənistan öz üzərinə götürdüyü öhdəliklərdən geri çəkilir. Artıq o, məsələni belə qoyur ki, Naxçıvandan Ermənistana dəhliz verilməlidir, ermənilər Naxçıvana qayıtmalıdır və s. Şübhəsiz, bunlar onun öz sözləri deyil, Moskvanın diktəsidir. Ona görə də bizim qətiyyətimizdən, Ankara ilə birgə çalışmaq istəyimizdən çox şey asılıdır. Azərbaycanın qarşılaşdığı və gələcəkdə gözlənilən problemin bir açarı var - ya Kəlbəcərdə, ya Laçında, ya da Şuşada Türkiyə hərbçilərinin bazasını yaratmaq. Belə olarsa,  bütün problemləri asanlıqla aradan qaldıra bilərik”.