Minsk qrupunun “kitabı bağlandı”! – “Makron bunu həzm edə bilmir”

“Fransa beynəlxalq hüquq normalarının qəbul edilməsində mühüm rol oynayan dövlətlərdən biri idi”

“Amma indiki prezident öz dövlətinin qəbul etdiyi normalara biganə yanaşır”

“Başqa dövlətin daxili işlərinə müdaxilə etməklə iç üzünü göstərir”
Noyabrın 9-da kapitulyasiya sənədi imzalandıqdan bir neçə gün sonra Fransa prezidenti Emmanuel Makron erməni icmasının nümayəndələri ilə naharda iştirak edib. Bu barədə Ermənistanın "Qraparak" nəşri yazıb.


Məqalədə qeyd olunub ki, E.Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib, sonra isə erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. Makron müharibə zamanı dəfələrlə onunla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS yazdığını bildirib. Deyib ki, doğrudur, Paşinyan tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.

Bundan başqa, Makronu xüsusilə təəccübləndirib ki, Paşinyan nə noyabrın 9-da sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlamayıb və ona belə bir sənədi qəbul etdirdiklərini bildirməyib və ya nəticələrini yumşaltmaq üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu soruşmayıb.

Makron deyib: "Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?".

Makron müharibə vaxtı Paşinyana sms-mesajlar göndərdiyini etiraf etməklə qatı ermənipərəst mövqeyini bir daha göstərdi. Açıq-aydın görünür ki, o, Fransanın ATƏT in Minsk qrupu həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində anlayıb və buna uyğun hərəkət edib.

Bakı Dövlət Universitetinin tarix üzrə fəlsəfə doktoru, geosiyasət və konfliktologiya üzrə dosent  Kərəm Məmmədov “Sherg.az”a bildirib ki, Makron siyasətdə tamamilə təsadüfi bir adamdır.

Ekspert vurğulayıb ki, Makronun müharibədən əvvələr həm ölkə daxilində, həm də beynəlxalq aləmdə atdığı addımlar Fransa kimi dövlətçilik ənənəsi olan ölkəyə yaraşmayan davranışdır:

“ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi tamamilə bitərəf olmalıdır. Lakin biz Makronun timsalında bunun əksini gördük. O, İkinci Qarabağ müharibəsində verdiyi bəyanatlarla bir daha ermənipərəst olduğunu göstərdi. Hətta Vətən müharibəsi zamanı söylədi ki, Azərbaycana imkan verilməməlidir ki, Dağlıq Qarabağı azad etsin. 

K.Məmmədov qeyd edib ki, Minsk qrupu Azərbaycan-Ermənistan münasibətlərini dinc yola qoymaq üçün yaradılıb. Lakin bu qurum 28 il ərzində öz işinin öhdəsindən gələ bilmədi:

“Bu da Fransanın bitərəfli siyasətinin nəticəsidir. Ona görə Minsk qrupunun “kitabı bağlandı”, Qarabağ münaqişəsinin həllində oyundan kənar vəziyyətdə qaldı. Makron isə bunları həzm edə bilmir. Sözügedən SMS yazışmaları bir dövlət başçısına yaraşmayan hərəkətdir.

Onun erməni diasporu qarşısında çıxışı daxili auditoriyaya, daha çox erməni icmasına hesablanıb. Makronun Paşinayana SMS yazması o deməkdir ki, Fransa Ermənistana bir əyaləti kimi baxır. Fransa beynəlxalq hüquq normalarının qəbul edilməsində mühüm rol oynayan dövlətlərdən biri idi.

Amma Makron öz dövlətinin qəbul etdiyi normalara biganə yanaşır, başqa dövlətin daxili işlərinə müdaxilə etməklə iç üzünü göstərir”.