Musiqili meyxana sənət nümunəsidirmi? – Fikirlər haçalandı! – QALMAQAL !

Vaqif Şıxəliyev: “Enişsiz-yoxuşsuz, plagiat musiqiləri meyxana sözlərinə qoşub ifa etmərəm”

Afət Fərmanqızı: “Meyxanaya bənzər mahnılar repertuarımda çoxdur. Son vaxtlar bu janra üstünlük verirəm. Oxumaqdan da məmnunam”

Musiqili meyxana janrında və ya bayağı tərzdə ifa edən estrada müğənniləri zaman-zaman tənqidlərə məruz qalırlar. Onlara yalnız dinləyicilər deyil, sənət dostları da irad bildirir, bu janrın musiqi mədəniyyətimizdən kənar olduğunu söyləyirlər. Lakin illərdir meyxanasayağı mahnılar ifa olunur. Maraqlıdır ki,  belə ifaların  dinləyicisi də, sevəni də çoxdur. “YouTube”da həmin kliplərə baxış sayı daha çox olur. Bu səbəbdən də iki tərəf - musiqili meyxana ifa edənlər və bu janra müraciət etməyənlər arasında mübahisə yaranır.  

Bəs hansı tərəf haqlıdır?  Gəlin, hər iki cəbhəni də dinləyib, bir nəticə çıxaraq.

Məsələn “Sherg.az”la söhbətləşən müğənni Vaqif Şıxəliyev deyib ki, hazırda əksəriyyət musiqili meyxana dinləyir:

“Onları qınamaq da olmur. Çünki hər adam musiqini dərindən bilmir. Zövqlü və ya ailəsində musiqiçi olan adam yaxşı əsərdən anlayır. Dinləyici klassik musiqini başa düşməlidir. İnsanların çoxu isə bunu dərk etmir. Musiqili meyxanalarda ilk növbədə söz üstünlük təşkil edir. Xalqa uyğun, hamının başa düşəcəyi sözlər yazılır.

Sonra ritmik  musiqilərlə oxuyurlar və xit olur. Kütlə nəyi bəyənirsə, onu ifa edirlər. Məsələn mənə də təklif ediblər ki, sən də belə mahnılar oxu. Demişəm ki, sırf o tərzdə ifa etmirəm. Amma arada belə ifalarım olub.  Baxmışam ki, zövqə uyğundur, yaxşı səslənir oxumuşam. Lakin enişsiz-yoxuşsuz, plagiat musiqiləri meyxana sözlərinə qoşub ifa etmərəm. Yəqin aldığım təhsildən irəli gəlir. Bakı Musiqi Akademiyasını bitirmişəm, konservatoriyada təhsil almışam. Elə müğənnilər var ki, musiqi təhsilləri yoxdur. Sadəcə öz fəaliyyəti var, musiqinin dərinliyini bilmir.  Onu da deyim ki, ali təhsilli müğənnilər də bəzən musiqili meyxana ifa edirlər.

Onları da qınamıram. İstəyirlər pul qazansınlar, ev, maşın ala bilsinlər.  Heç olmasa onların səsləri var, ifaları da sanballı səslənir. Amma müğənni olmaq istəyənlər  yüngülvari musiqili meyxana oxuyurlar. Bir həftəyə  2 mindən çox baxış sayı toplayır, kütlə onları tanıyır. Sənətkarlar da baxır ki, illərdir sənətdədirlər bu qədər sevilə bilmirlər. Məcbur olub belə musiqilərə üz tuturlar. Savadlı ifaçını kütlə tanımasa da, sənətə xatir düzgün mahnılar oxuyur.

Onun da öz dinləyicisi var. Amma 80 faiz musiqili meyxana janrını dinləyir. O da xalqın öz istəyidir. Bir söz deyib, müdaxilə edə bilmərəm. Çünki insanlar  da pis qarşılayır. Baxırsan musiqini bilmir, hansı xoşuna gəlirsə, onu dinləyir. Elə klassik mahnılar var ki, insanlar qulaq asmırlar. Deyirlər zövqümüzcə deyil. Ona görə xalqın işinə qarışmaq olmaz. Kim nə istəyir, onu dinləyir. Fikrimcə daha bu məsələyə qayıtmağa ehtiyac yoxdur. Deyək ki, efiri düzəltdik. Bəs “YouTube”u nə edək? Bu sistemi dəyişmək mümkün deyil. Necə sevirlərsə, elə də dinləyirlər. İllərdir həmin yanaşma davam edir”.

Repertuarında meyxanaya bənzər mahnılara yer verən Afət Fərmanqızı düşünür ki, dinləyici nə istəyirsə, müğənni də onu oxumalıdır:

“Şəxsən öz adıma deyirəm, dinləyici nə bəyənirsə, onu ifa edirəm. Fikrimcə, musiqili meyxana ifadəsi düzgün deyil. Musiqisiz də meyxana olur? Hamısında musiqi var. Meyxanaya bənzər düzgün səslənir və elə mahnılar repertuarımda çoxdur. Son vaxtlar bu janra üstünlük verirəm. Oxumaqdan da məmnunam. Dinləyicilər də çox sevir. Məsələn Vasif Əzimov, Uzeyir Mehdizadə, Talıb Tale  sevərək dinlənilirlər. Gənclər bu janrı bəyənir”.