Ermənistan Qarabağ savaşını dünyadan gizlətmək istəyir

"Müharibədə iştirak edənlərin çoxunun hərbi biletində orduda sürücü kimi xidmət etdiyi qeyd edilir"

"Ermənistan hakimiyyəti bir tərəfdən müharibə cinayətlərini ört-basdır edir, digər tərəfdən isə öz vətəndaşlarını susdurmaq istəyir"

Ermənistan dəyişməyib, belə getsə heç dəyişməyəcək də. Onlar yenə öz məkrli məqsədlərinə nail olmaq üçün neqativ əməllərindən vaz keçmir. 
Bu günləri Ermənistanda müharibədə iştirak edənlərin çoxunun hərbi biletində orduda sürücü kimi xidmət etdiyi qeyd edilir. Bu barədə erməni KİV-ləri məlumat yayıblar.


Məqalədə deyilir ki, belə neqativ hallar 2016-cı ildə də olub. Xatırladaq ki, Aprel müharibəsindən sonra da erməni əsgərlərin hərbi kitabçalarında döyüşlərdə iştirak etməsinə dair qeydlər olmurdu. Yalnız KİV-in qaldırdığı səs-küydən sonra düzəlişlər edilmiş və bu mövzu həmin dövrdə də qalmaqala səbəb olmuşdu.

Məsələ ilə bağlı fikirlərini "Şərq"lə bölüşən siyasi-şərhçi Azər Həsrət bildirib ki, bu əməlləri ilə Ermənistan öz vətəndaşlarını Dağlıq Qarabağ ərazisində xidmət keçməsini dünyadan gizlətmək istəyir:

"Niyə? Ona görə ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bütün dünya, o cümlədən BMT Azərbaycanı məhz bu torpaqlar da daxil olmaqla tanıyıb. Təbiidir ki, belə olan halda hansısa xarici dövlətin, o cümlədən də Ermənistan əsgərlərinin bu torpaqlarda olması faktının özü qanun pozuntusudur və cinayət əməlidir.

Ona görə də Ermənistan mümkün olan bütün vasitələrlə çalışır ki, öz vətəndaşı olan hərbi qulluqçularının bu ərazidə xidmət keçməsini gizlətsin. Məhz o səbəbdən də hərbi qulluqçularının hərbi biletlərinə guya bir sürücü kimi xidmət etməkləri ilə bağlı yüngüllüşləşdirici qeydlər edirlər.

Yəni hardasa və nə vaxtsa bir araşdırma aparılarsa, yaxud da ki, gedib xarici ölkələrdən birində yaşayarsa və müəyyən məsələlərdə araşdırma aparılarsa, bəlli olsun ki, bunlar sadəcə sürücülük ediblər. Yəni müharibədə iştirak etməyiblər, ümumiyyətlə, döyüş yolu keçməyiblər və adam öldürməyiblər".
 
Siyasi-şərhçi qeyd edib ki, bununla əslində Ermənistan dövləti özünün hərbi cinayətlərini ört-basdır etməyə çalışır:

"Eyni zamanda Ermənistan bu vəziyyətdən istifadə edərək öz vətəndaşlarına gərəkli imtiyazları təmin etməkdən yayınır. Hər kəsə bəllidir ki, Ermənistan dövləti iqtisadi cəhətdən çökmüş vəziyyətdədir.

Müharibə isə ümumiyyətlə, onu çökdürüb. Təbiidir ki, belə olan halda döyüşmüş insanlara hansısa imtiyazların tanınması, təmin edilməsi çox çətin məsələdir.

Ona görə də Ermənistan hakimiyyəti bir tərəfdən müharibə cinayətlərini ört-basdır edir, digər tərəfdən isə öz vətəndaşlarını susdurmaq istəyir".