“Azərsu” və Mərkəzi Banka ittiham: “Bahalı binalara nə ehtiyac var axı?!” – Maxenasiya !

“Unutmayaq ki, tikinti sektoru ən böyük korrupsiya mənbəyidir”

“Çox qəribədir ki, dövlət gəlirləri artdıqca vətəndaşların həyat şəraiti də ağırlaşır”

“Bu nə məntiq, bu nə ritorikadır?! Əgər bina tikmək istəyirlərsə, onda özləri qənaət etsinlər”


Bilindiyi kimi, iki böyük qurum - Mərkəzi Bank və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti özlərinə yeni bina tikməyə qərara alıblar. Özü də nə bina...Məsələn, Mərkəzi Bankın yeni binasının maya dəyəri 218 milyon avrodur. Xeyirdimi?! Bu qədər pula şəhid ailərinə, qazilərə və kasıb təbəqəyə xeyli dəstək göstərmək olar axı...Hələ bu azmış kimi, “Azərsu” da eyni həvəsə düşüb və qərarından dərhal sonra suyun qiyməti yüz faiz bahalaşdı.

“Azərsu” ASC-nin İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin rəisi Elçin Camalov isə bilirib ki, suyun qiymətinin bahalaşmasının bu məsələyə heç bir aidiyyəti yoxdur. “Bu tikintidə xərclənən 1 manat belə qurumun tariflərində mövcud deyil. Bu fikir yanlışdır, tariflərin artırılmasını bu məsələ ilə izah etmək doğru deyil”- deyə, o. bildirib. Elə isə olmaz olsun belə təsadüf...



Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu “Sherg.az”a açıqlamasında bahalı binaların tikilməsinə münasibət bildirib: 

“Nə ehtiyac var axı?! Cah-cəlal, bər-bəzək nə mənaya gəlir?! Nə deməkdir?! Üstəgəl, unutmayaq ki, tikinti sektoru ən böyük korrupsiya mənbəyidir. Qaçqın və köçkünlər Qarabağa yerləşəndən sonra xeyli boş bina qalacaq. Həmin tikililərdə hər iki qurumun əməkdaşları üçün ofis yaratmaq mümkündür. Çox qəribədir ki, dövlət gəlirləri artdıqca vətəndaşların həyat şəraiti də ağırlaşır. Sosial-iqtisadi tələblərə görə qonşu Rusiyadakı iğtişaşlar hamıya məlumdur. Həmin narazılıq dalğasının Azərbaycana siraət etməməsi üçün diqqətli olmalı, daxili sabitliyi qorumalıyıq”.

S. Cəlaloğlu, həmçinin Tarif Şurasının yeni qərarını tənqid edib:

 “Su yaşayış üçün ən vacib nemətdir. Deməli, indi pulu olmayan susuzluqdan ölməlidir?! Bu nə məntiq, bu nə ritorikadır?! Əgər bina tikmək istəyirlərsə, onda özləri qənaət etsinlər. Əslində indiki məqamda su pulsuz olmalı və su idarəsinin xərclərini dövlət qarşılamalıdır. Xüsusilə nəzərə almalıyıq ki, Qarabağ azad olunandan sonra suya olan tələbatımızın ödənməsində yeni perspektivlər açılıb. Belə getsə, birazdan havanı da pullu edəcəklər...Biz məsələ ilə bağlı Prezidentdən Tarif Şurasının qərarının ləğv olunmasını xahiş etmişik. Əslində bütün bunlar daxildəki “beşinci kolon”un işidir. Onlar vətəndaşlarda  hökumətə qarşı etimadsızlıq yaratmaq, daxili sabitliyi pozmaq və Qarabağ problemini unutdurmaq istəyirlər.
Hərçənd, Qarabağ məsələsi hələ tam həllini tapmayıb. Müharibə hər an yenidən başlana bilər”.