Sülhün dayanıqlığı bir az da möhkəmləndi

Qarabağda yeni hərbi, siyasi reallıqlar yaranıb

Monitorinq Mərkəzi rus sülhməramlılarının addımlarına da nəzarəti artıracaq

Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması təkcə Qarabağda deyil, ümumilikdə Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olunması, eləcə də region ölkələri arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin reallaşması baxımından böyük əhəmiyyət kəsb edir. 



Politoloq Nurlan Qələndərli də "Şərq"ə açıqlamasında bildirib ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması regionda uzunmüddətli təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir. Politoloq qeyd edib ki,  effektiv nəzarət mexanizmi rolunu oynayan Mərkəzin funksiyalarına atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək, bu barədə məlumatlar və faktları toplamaq, problemləri araşdırmaq, atəşkəsin qorunması ilə bağlı birgə tədbirlər görmək məsələləri daxildir:

"Şübhəsiz ki, bu istiqamətlər üzrə səmərəli fəaliyyətin təşkil olunması sabitliyin qorunması kimi strateji hədəfə nail olmağa imkan verməklə yanaşı, bölgədə gələcək əməkdaşlıq üçün etibarlı zəmin və yeni perspektivlər yaradacaq. Bu günləri dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək zirvədə olması reallıqdır. Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmlənməsi, inkişafı da daim diqqət mərkəzindədir. Bütövlükdə, iki ölkə arasında çoxşaxəli əməkdaşlıq həm regional, həm də beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə fundamental töhfədir. Türkiyə hərbçilərinin azad olunmuş ərazilərdə xidmətə başlaması Vətən müharibəsində qələbə qazanmış Azərbaycanın yeni geosiyasi reallıqlar yaratması nəticəsində mümkün olub. Ümumiyyətlə, Azərbaycan-Türkiyə tərəfdaşlığı Cənubi Qafqaz bölgəsində həm sabitlik və təhlükəsizlik, həm də dayanıqlı regional inkişaf üçün müstəsna əhəmiyyətə malikdir".



Politoloq Tural İsmayılov "Şərq" açıqlamasında qeyd edib ki, Türkiyə hərbçilərinin azad olunmuş ərazilərdə xidmətə başlaması regionda yaranmış yeni geosiyasi reallığın nəticəsidir:

"Bu reallığı Azərbaycan Prezidentinin qətiyyətli siyasəti, Azərbaycan-Türkiyə tərəfdaşlığı yaratdı. Bu tərəfdaşlıq Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı üçün böyük önəm kəsb edir. İki ölkə arasındakı bağlar və siyasi müttəfiqlik təkcə iki xalqa deyil, bütövlükdə regionun taleyinə təsir göstərir. Azərbaycan rəhbərliyinin dəqiq siyasi konturları ilə Türkiyə bu gün Qarabağdakı proseslərin fəal iştirakçısıdır. Nəticədə əgər Ermənistan rəhbərliyi danışıqlar prosesi ilə qane olmayıb yenə təxribatlar edəcəksə, təkcə iki ölkəyə qarşı deyil, həm də Rusiya və İrana qarşı getmiş olacaq".



Siyasi-şərhçi Xəyal Bəşirov "Şərq"ə açıqlamasında deyib ki, ilk olaraq bu Mərkəz təyinatından da göründüyü kimi sülhə və təhlükəsizliyə riayət edilməsi məqsədilə yaradılır:

"Regionda işğala son qoyan Azərbaycan üçün hazırda ən önəmli məsələ sülh və təhlükəsizlikdir. Buradan aydın olur ki, həmin mərkəz, əsasən sülhə təhlükə olan ermənilərin fəaliyyətinə nəzarət edəcək. Elə Ermənistanın narahatçılığının arxasında duran əsas amil də budur. Digər tərəfdən bu mərkəz məntiqlə regionda sülhməramlı missiyasını üstlənmiş Rusiyanın da maraqlarına uyğundur. Çünki 10 noyabrdan başlayaraq erməni tərəfinin müxtəlif təxribat xarakterli ərköyünlüklərinə son vermək tələbi üçün rus hərbçilərinə ciddi əsas verəcək. Artıq ruslar ermənilərin kaprizlərinə son qoymaq üçün türk faktorundan istifadə edəcəklər. Eyni zamanda, o ərazilərdə hələ də gizlənmiş erməni terrorçularının tərksilah edilməsi və qarşı tərəfə həmin şəxslərə hərbi əsir adını vermək cəhdləri alınmayacaq. Çünki artıq bu prosesə dördüncü tərəf də nəzarət edəcək".

Politoloq əlavə edib ki, Mərkəz həm də rus sülhməramlılarının zaman-zaman bizi təəssüfləndirən bəzi addımlarına nəzarət ilə bağlı da mühüm əhəmiyyət daşıyır:

"Yəni daha sülhməramlılar xəritə çəkmək və əsassız toponimlər kəşf etməklə deyil, mövcud qanuni xəritələr əsasında öz missiyalarını həyata keçirəcəklər. Qeyd edim ki, bu mərkəz Rusiyanın digər yerlərdəki sülhməramlı missiyalarından fərqlənəcək. Həm də bu mərkəzdə fəaliyyət göstərəcək türk hərbçilərinin ora gəlməsi ilə, yüz il sonra Türkiyə yenidən Cənubi Qafqaza daxil olur. Bununla da, regionda yeni bir tarixi prosesin əsası qoyulur".