Rusiya-ABŞ qarşıdurması: Bu ölkələr Rusiyadan qoparılır? - Baydenin hədəfi !

ABŞ Prezidenti Cozef Bayden postsovet ölkələrini Rusiyadan qoparmaq üçün səylərini aktivləşdirir. Bunu rusiyalı senator Aleksey Puşkov deyib. Onun sözlərinə görə, Vaşinqtonun diqqət mərkəzinə, xüsusilə, Belarus, Özbəkistan, Ermənistan və Qazaxıstan düşəcək: “Bu, qarşımıza müttəfiqlərimiz olan ölkələrdə öz təsirimizin saxlanılması üçün yeni hədəflər qoyur”.

Puşkov Vaşinqtonun bundan sonra da Kiyevlə hərbi tərəfdaşlığı gücləndirəcəyini bildirib. Senatorun fikrincə, Ukrayna ərazisində Amerikanın hərbi dəniz bazaları peyda olacaq. ABŞ-ın Ukraynaya hücum silahları verəcəyini iddia edən Puşkov Vaşinqtonun Kiyevi aktiv şəkildə Qərb hərbi strukturlarına inteqrasiya edərək, NATO-nun qeyri-rəsmi üzvünə çevirəcəyini bildirib.



Siyasi mənzərəni "Şərq"ə təhlil edən politoloq Əhəd Məmmədli qeyd edib ki, Rusiyada daxili vəziyyətin gərgin olması Azərbaycanın maraqlarına cavab verir. Politoloq qeyd edib ki, yaranmış bu cür məqamdan Azərbaycan maksimum istifadə etməlidir:

"Bildiyimiz kimi, Rusiyada artıq daxili qarşıdurma başlayıb. Rusiyalı senator Aleksey Puşkov da Vaşinqtonun diqqət mərkəzində olan ölkələrin adlarını sadaladı.

Qeyd edim ki, Ermənistanda onsuz da inqilab oldu. Bundan başqa Belarusda da inqilaba cəhd olundu. Qazaxıstan isə kifayət qədər Amerikanın nəzarətindədir". 

Politoloq onu da vurğulayıb ki, Rusiya-Amerika qarşıdurması Azərbaycanın maraqlarına cavab verir:
"Çünki Rusiyanın başı nə qədər digər regionlara qarışsa, bu, Azərbaycana bir o qədər xeyirlidir. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan bundan hər zaman uğurlu çıxıb.

Məsələn, 1917-ci ildə rus-burjua inqilabından 1 il 3 ay sonra Azərbaycanda Cümhuriyyət müstəqilliyini elan etdi. Həmçinin, Azərbaycan Sovetlər Birliyi də süquta uğrayandan sonra Azərbaycan müstəqilliyinin bərpasına nail oldu.

Bu onu göstərir ki, Rusiyaya nə qədər çox hücumlar olacaqsa, bu da Azərbaycanın mənafeyinə cavab verəcək. Yəni Rusiyanın diqqəti Qarabağda olmayacaq. Hesab edirəm ki, Azərbaycan da bu məqamdan maksimum istifadə etməlidir".