Valideynə şərt qoymaq qanunsuzluqdur

"Çünki təhsilə cavabdeh Təhsil Nazirliyinin simasında dövlətdir"

"Amma valideynlərə bildirmək ki, övladını məktəbə göndərmirsənsə, təhsil almasını özün təmin etməlisən, bu, düzgün deyil" 

Təhsil Nazirliyi məktəbdə əyani dərslərə gəlməyən şagirdlərin təhsil almasını valideynlərin üzərinə atır. Orta məktəblərin ibtidai sinifləri üzrə əyani dərslərin bərpa olunmasına dair izahında Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib ki, övladının məktəbə göndərilməsini istəməyən və bunun üçün iltizam yazan valideyn mütləq uşağının müstəqil öyrənməsini təmin etməlidir.

Onun sözlərinə görə, məktəblərdə şagirdlərin sıxlığının qarşısının alınması üçün siniflər iki yarımqrupa bölünüb. Bununla əlaqədar müəllimin dərs yükü iki yarımqrup arasında bölünür. Bu səbəbdən müəllimlərin dərs yükü həmin şagirdlər üçün onlayn dərslərin təşkilinə imkan vermir.
Nazirlik rəsmisi qeyd edib ki, nəzəri olaraq, bütün sinfin valideynlərinin öz övladlarını məktəbə göndərməsindən imtina etməsi də mümkün ola bilər. Bu halda müəllim əvvəlki rejimdə bütün sinif üçün dərsləri virtual keçə bilər.

V.Yaqublu hazırda məktəblərdə sanitar-epidemioloji vəziyyətdən irəli gələn bütün tələblərə əməl edildiyini, onların dezinfeksiyaedici məhlullarla təmin edildiyini nəzərə çatdırıb.

Buna baxmayaraq valideynlər övladlarını məktəbə göndərməkdən ehtiyatlanır. Fevralın 1-dən ibtidai siniflər üzrə əyani tədris bərpa olunar-olunmaz 1 müəllim, 2 şagird və 1 direktor müavinində koronavirus infeksiyası aşkarlanıb. Görünür, valideynləri narahat edən və övladlarını məktəbə göndərməkdən çəkindirən də məhz bu amildir. Verilən məlumatlarda qeyd olunur ki, ibtidai təhsil səviyyəsi üzrə təhsil alan 182 018 şagirddən 1106-nın valideyni övladının tədris prosesində əyani iştirakdan imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb. 

Bununla vaıideyn həm də övladının təhsil almasını da üzərinə götürmüş olurmu? 

Təhsil eksperti Nabatəli Qulamoğlu “Şərq”ə açıqlamasında bildirdi ki, övladını məktəbə göndərməmək valideynin hüququdur: 
- Azərbaycanda təhsil qanunla tənzimlənir. Təhsil icbaridir və cavabdeh də dövlətdir. Lakin, məlumdur ki, fors-major hallar yarana bilir. Koronavirus pandemiyası kimi. Belə hallarda qanun qüvvəsini itirir. Belədə vəziyyətdən çıxış yolları axtarılır. Onlayn tədrisə keçid də buna görə qərara alındı. Amma valideynlərə bildirmək ki, övladını məktəbə göndərmirsənsə, təhsil almasını özün təmin etməlisən, bu, düzgün deyil. Çünki bayaq dediyim kimi təhsilə cavabdeh Təhsil Nazirliyinin simasında dövlətdir. Nazirlik məktəbə gəlməyən, əyani dərslərdə iştirak etməyən şagirdlərin onlayn formada tədrisini təmin etməlidir. İndiki şəraitdə heç kim valideyni nəyəsə məcbur edib onun qarşısına şərt qoymamalıdır. Valideynlər yoluxmadan ehtiyatlanır və buna əsasları da var. Övladını məktəbə göndərməmək valideynin hüququdur. 

Nazirlik rəsmisinin “məktəblərdə şagirdlərin sıxlığının qarşısının alınması üçün siniflər iki yarımqrupa bölünüb. Bununla əlaqədar müəllimin dərs yükü iki yarımqrup arasında bölünür. Bu səbəbdən müəllimlərin dərs yükü həmin şagirdlər üçün onlayn dərslərin təşkilinə imkan vermir” açıqlaması ilə
N.Qulamoğlu  razılaşmadı: 

- Üz-üzə təhsil tam gücü ilə bərpa edilməyib. Şagirdlər həftədə 3 dəfə dərsə gedir. Dərs saatları da azaldılıb. Dərslərin əyani keçilmədiyi günlər və saatlarda müəllimlər onlayn tədrisə cəlb edilməlidir. Şagirdlə onlayn görüşün vaxtını məktəb rəhbərliyi, müəllimlər təyin etməlidir. Bunu təşkil etmək lazımdır. Şagird və valideyn qarşısına “məktəblər açılıb, dərslər başlayıb, gəlməsəniz, özünüz öyrənəcəksiniz” şərtinin qoyulması qanunsuzdur. Bu, məsuliyyəti üzərindən atmaqdır.