Rəsmi İrəvan açıqlayacaq: Mehri və Zəngəzur dəhlizinə “hə” deyəcək?

Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistana vurduğu ziyanın miqdarı əhəmiyyətli dərəcədə böyükdür. Bura Ermənistanın ordusunun məhv edilməsi, iqtisadiyyatının işğalçı siyasətin nəticəsi olaraq çökməsi və əhalisinin acınacaqlı vəziyyətə düşməsi daxildir. Milli Ordumuz şanlı qələbə sayəsində işğal altında olan torpaqlarımızın azad edilməsindən əlavə Ermənistanın ordusunu çarəsiz qoyub.

Ermənistan ordusunun tərkibində işğal altındakı torpaqlarda xidmət apararkən əsgərlər ən pis halda zərərsizləşdirilir, ən yaxşı halda isə fərariliyi seçirdilər. Rəsmi məlumatlar onu göstərir ki, Ermənistanda fərarilik faktları ilə əlaqədar açılan cinayət işlərinin sayı 10 mini keçib. Bu barədə Ermənistanın “Joxovurd” qəzeti də yazıb. Qəzetin məlumatına əsasən, müstəntiqlər insanların ifadələrini qanuni baxımdan necə qiymətləndirəcəyini bilmirlər.


“Onlar asanlıqla müharibəyə getdilər, ancaq alovlar göydən tökülürdüsə və dostları gözlərinin önündə külə çevirilirdisə, nə etməliydilər? Başqa seçimimiz yox idi, xilas olmaq üçün qaçmalı idik”, - deyə qəzet ermənilərin etiraflarını yazır.Ermənistan mətbuatının qələmə aldığı bu fakt onu göstərir ki, ermənilər Azərbaycan ordusu ilə müharibəyə girməkdən qorxublar və çıxış yolunu yalnız fərarilik etməkdə görüblər. 

Deməli, Ermənistan ordusu ətrafında yaradılan “güclü” və “məğlubedilməz” ifadəsi sadəcə mif və yalandan başqa bir şey olmayıb. 44 gün ərzində Azərbaycan Ordusu qarşısında ağ bayraq qaldıran və dabanına tüpürərək qaçmağı seçən Ermənistan ordusu yaratdığı mifin yalan olmasını bununla təsdiq etmiş olub.



 Düşmən ölkədəki fərarilik halları barədə “Sherg.az”a danışan politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, Ermənistan artıq geri addım atmağa məcburdur: 

“Rəsmi İrəvanın düşüncələrində dönüş var. Onlar bir neçə gün əvvələdək qatı antitürk idi. Lakin Ermənistanın xarici işlər naziri Ara Ayvazyan indi Türkiyəyə yalvarır. Maraqlı məqam hətta müxalifətində mövqeyindəki korrektələrdir.

Əlbəttə, A.Ayvazyanın mövqeyi baş nazir Nikol Paşinyanın diktəsi ilə dəyişib. Ona təsir edən isə gücü Azərbaycan dövlətidir. Belə getsə, yaxın vaxtlarda maraqlarımıza uyğun daha bir neçə dəyişiklik olacaq. Məsələn, kommunikasiya xəttlərinin taleyi xeyrimizə həll olunacaq.

Mehri və Zəngəzur dəhlizinin əleyhinə olan və hətta İranın timsalında özlərinə tərəfdar qazanan ermənilər “hə” deməyə məcbur qalacaqlar. Fikrimcə, rəsmi İrəvan yaxın vaxtlarda ciddi açıqlamalar verəcək”.