İşəgötürən və işçiyə nəzarət güclənəcək

Elektron sistem bir çox problemləri həll edəcək

"Elektronlaşma bir çox yükləri azaldacaq və statistik hesabatların, vergi hesabatlarının aparılmasının şəffaflığını təmin edəcək"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yaxın vaxtlarda Əmək münasibətləri və məşğulluq altsisteminin (ƏMAS) tətbiqi nəzərdə tutulur. Nazirlikdən verilən məlumata görə, ƏMAS bütün işəgötürənlər və işçilər, habelə dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolu oynayacaq.

Yeni sistem əmək müqaviləsinin elektron formada bağlanılması, rəqəmsal kadr uçotu sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsinə xidmət edəcək. ƏMAS-ın tətbiqi ilə əmək və məşğulluq sahəsində kağız üzərində aparılan bütün əməliyyat və yazışmaların, işçilərlə əmək münasibətlərinə dair məlumatların, stat cədvəllərinin və s. elektronlaşması təmin olunacaq.

Altsistemin tərkibində risk əsaslı yoxlama, elektron audit və s. ilə bağlı modullar da yaradılacaq. Vakansiya bankının daha təkmil formalaşdırılması və xüsusi alqoritmlərlə işəgötürən üçün işçi, işçi üçün isə işəgötürən seçimi təşkil ediləcəkdir. Nəticə etibarilə ƏMAS işəgötürənlər (xüsusilə də kiçik və orta sahibkarlar) üçün əmək münasibətlərinin daha rahat şəkildə tənzimlənməsində mühüm önəm kəsb edəcək. Bəs görəsən, bunun hansı üstünlükləri olacaq?

İqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında bildirib ki, elektron sistem nəticəsində işəgötürən və işçiyə nəzarət güclənəcək. R.Qarayev əlavə edib ki,  bu yaxınlarda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığortanın elektron əmək müqaviləsində əks olunması bir çox məsələləri ortaya qoydu:

"Bəzi işəgötürənlər sığortadan yayınmaq üçün, sığorta şirkətləri ilə yazılı müqavilə bağlamağa üstünlük verirlər. Təbii ki, bunu müəyyən tanışlıq və pul müqabilində edirlər. Ümid edirlər ki, yazılı müqavilə ilə işləri yekunlaşacaq. Amma güman etmirlər ki, sistemdə bu qeyd olunmayıbsa, məsuliyyətdən yan qaça bilməyəcəklər. Sığorta şirkətləri müqavilə bağlayanda kağız üzərində bağlanan müqaviləni sistemə daxil etmirlər. Bu yaxınlarda vətəndaşlardan biri mənə müraciət etdi. Qeyd etdi ki, sığorta şirkəti ilə yazılı müqavilə bağlayıb. Amma yazılı müqavilədə qeyd olunan bütün işçilərinin sistemə vurulmadığından şübhələnib. Çünki elektron hökumət portalına daxil olduqda işçinin bir neçəsinin Fərdi İdendifikasiya Nömrəsi hələ də sistemdən asılı olaraq qalıb. Qeyd olunan məqamlar onu göstərir ki, sistemin elektronlaşmağı bir çox gizli məqamların aşkar olunmasına təkan verəcək". 

Ekspert qeyd edib ki, bundan əlavə əmək kitabçalarının elektronlaşmasının böyük üstünlükləri var:

"Bir çox hallarda işəgötürən əmək kitabçalarına xüsusi formada diqqət etmirdi. Nəticədə əmək kitabçası ya işçiyə açılmırdı və ya orada xüsusi qeydlər aparılmırdı. Digər məqam isə kitabçaların işəgötürən tərəfindən girov kimi  saxlanması, onları işçiyə təhvil verməməsi və ya işçinin əmək kitabçasının vaxtında işəgötürəndən götürməməsi bir çox məhkəmə mübahisələrinə belə gedib çıxırdı.

Amma elektron sistem bir çox məsələləri həll edəcək. Bir məqamı da qeyd edim ki, bu sistemin mükəmməlləşməsi üçün müəyyən vaxt lazımdır. Çünki hazırda görülən işlərdə bəzi çatışmazlıqlar var. İşçinin işə qəbulu, başqa işə keçirilməsində sistemdə çatışmazlıqlar mövcuddur.

Bu da yəqin ki, zamanla həll olunacaq. Ümumilikdə, hesab edirəm ki, elektronlaşma bir çox yükləri azaldacaq və statistik hesabatların, vergi hesabatlarının aparılmasının şəffaflığını təmin edəcək".