Risk böyükdür

65 yaşdan yuxarı insanlar fəal olmalıdırlar

"Heç olmasa, 3 milyon nəfər peyvənd olunsa, rahat nəfəs ala bilərik"


Ölkədə koronavirus əleyhinə peyvəndləmənin ikinci mərhələsi icra olunur. Birinci mərhələdə əsasən tibb işçiləri vaksinasiya edildi. Səhiyyə işçilərinin 70 faizinin COVID-19 əleyhinə vaksinasiyadan keçdiyi açıqlandı. 
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, ölkə üzrə 62.398 tibb işçisi peyvənd olunub. İndiyə qədərsə ölkəyə cəmi 848 min doz vaksin gətirilib.

İkinci mərhələdə isə yaşı 65-dən yuxarı olanların vaksinasiyası keçirilir.  

Azərbaycan COVAX platformasında iştirak edir, eyni zamanda vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalarda iştirak edir.
Azərbaycan COVAX platforması çərçivəsində “Sinovac” şirkətinin 2 milyon doza “CoronaVac” vaksini alacaq. Eyni zamanda, “Sinovac” şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib.

İcbari Tibbi Sığorta Agentliyinin məlumatına görə, ikinci mərhələdə peyvənd olunacaq şəxslər yaşı 50 və daha çox olub ən azı bir xroniki xəstəliyi olanlar, tənəffüs xəstəlikləri, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar,

"ASAN Xidmət" və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə (cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksək riskli sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) çalışan şəxslərdir.
Yaşı 65 üstü olanların vaksinasiyasına gəlincə, onlar yaşadıqları ərazi üzrə poliklinikalara zəng edib özləri haqqında lazım olan məlumatları verməlidir. Poliklinika özü onları sistemdə qeydiyyata alacaq.

Ondan sonra da lazım olan vaxt onlara SMS və ya zənglə bildiriş gələcək, onlar da poliklinikaya gedəcək. Qeydiyyatdan keçdikdən sonra vətəndaşlara sms-lə məlumat veriləcək və onlar yalnız bundan sonra peyvəndin birinci dozasını vurdura bilər.

İkinci dozanın vurulma tarixi və digər məlumatlar isə vətəndaşlara tibb məntəqəsində veriləcək "Məlumat forması"nda öz əksini tapacaq, həm də onlara sms-lə ikinci dozanın vurulma tarixi bildiriləcək.

Qeyd edilir ki, həm paytaxt, həm də regionlarda yaşı 65-dən çox olanların peyvəndlənməsi onların qeydiyyatda olduğu poliklinikalarda aparılır.
TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva bildirib ki, insanlar növbəlilik prinsipinə əməl etməklə poliklinikalarda peyvənd oluna bilər: “65 yaşlı şəxslər internet üzərində görüş saatı müəyyən edərək poliklinikaya müraciət edə bilər. Ancaq bu, o demək deyil ki, görüş saatı almadan peyvənd oluna bilməzsən. Şəxs peyvənd olunmaq üçün poliklinikaya telefonla zəng edərək gedə bilər. Poliklinikaya birbaşa gedənlər də geri qaytarılmayacaq. Amma görüş saatını müəyyən etmək həm tibb işçiləri, həm də peyvəndə görə müraciət edən şəxs üçün rahat olacaq".

Peyvənddən niyə çəkinirlər? 

İsrailin Xadassa Eyn-Kerem xəstəxanasının universitet klinikasının şöbə müdiri, immunoloq, professor Polina Stepenskaya "RİA Novosti" ilə söhbətində insanların niyə peyvəndləmədən qaçdığına aydınlıq gətirib:

"Təəssüf ki, əsl alimlərin səsini eşitmirik, ancaq əsassız, qorxuducu xəbərdarlıqlar səslənir. Hərə bir tərəfdən bu cür bəyanatlar verir, sonra da təəccüblənirlər ki, insanlar peyvənddən qaçırlar". 

Professor ümumilikdə İsrailin Səhiyyə Nazirliyinin bu barədə narahatlığını əbəs sayıb. Bu ölkədə 3.5 milyon nəfərə peyvənd vurulub. Daha 700 min insan koronavirusa yoluxub. Yəni 4.2 milyon insanın artıq immuniteti var. Ancaq Stepenskayanın sözlərinə görə, ölkədə neçə uşağın COVID-19-a tutulduğu yoxlanılmayıb: "Çünki onlar xəstəliyi simptomsuz olaraq keçiriblər.

Hesab edirəm ki, biz nəhəng addımlarla kollektiv immunitetə yaxınlaşırıq". 

"Adi koronavirus üçün belə hesablanıb ki, kollektiv immunitetin yaranması üçün insanların 43-75 faizi immunlaşdırılmış olsun - yəni ya xəstələnib sağalsın, ya da peyvənd olunsun.

Bu, elmi mətbuatda dərc olunmuş məlumatlardır", - professor deyib. O əlavə edib ki, hətta COVID-19-un Britaniya ştammına yoluxma şərtlərində əhalinin 75 faizinin immunitetinin olması yetərlidir. 

Bundan bir qədər öncə Knessetdə ölkənin İctimai Səhiyyə Xidmətinin direktoru Şaron Alroi-Prays deyib ki, uşaqlar peyvəndləmədən kənarda qalırlar, bu isə o deməkdir ki, kollektiv immunitetin yaranmasında problem olacaq. 
Stepenskaya qeyd edib ki, bu cür narahatlıqların heç bir elmi əsası yoxdur. 

“Uşaqlara lazım deyil, yaşlılara isə…”

Pediatr Vaqif Qarayev “Şərq”ə açıqlamasında bildirib ki, 65 yaşdan yuxarı insanlar risk qrupuna aiddirlər, bu səbəbdən də onların peyvəndlənməsi vacibdir: 

- Peyvəndləmə könüllüdür. Heç kimi zorla peyvənd etmirlər. Amma yaşı 65-dən yuxarı olanlar risk qrupuna daxildirlər. Yaşlı insanların orqanizmi zəiflədiyi üçün  virusa davamlılıqları da zəif olur. Pandemiya dövründə də görürük ki, koronavirusa yoluxanlar arasında yaşlı insanlar və yanaşı xəstəlikləri olanlar çoxluq təşkil edir. Bütün dünyada vaksinasiya kampaniyası gedir.

Virusdan qorunmağın 2 yolu var; ya gərək aylarla, bəlkə də illərlə evdə oturasan, evdən bayıra çıxmayasan, özünü ətraf aləmdən təcrid edəsən, ya da gərək peyvənd olunub təhlükəni atladasan. Biz həkimlər əvvəldən bunu deyirik, tövsiyə edirik ki, peyvənd olunmaq lazımdır. İnsanların peyvəndlə bağlı şübhələri var. Hardan qaynaqlanır?

Sosial şəbəkələrdən, əsassız məlumatlardan, diletantların danışığından. Əhalini peyvəndlərin təhlükəsizliyinə inandırmaq lazımdır. Bunun üçün də gərək, birincisi, peyvəndlər keyfiyyətli və təhülkəsiz olsun, ikincisi, effektli olsun, üçüncüsü isə texniki şərtlərə ciddi əməl edilsin. Bu da peyvəndlərin daşınması, saxlanma şəraiti ilə bağlıdır. 70 min tibb işçisi artıq peyvənd olunub.

Çünki yoluxanların əksəriyyəti tibb işçiləri oldu, koronavirus neçə dəyərli həkimi əlimizdən aldı. Tibb işçiləri də xəstələrlə çalışdıqlarına görə risk qrupuna daxildirlər. Qaldı uşaqların peyvənd olunması məsələsinə, bugünədək dünyada uşaqların yoluxması ilə bağlı təhlükəli statistika mövcud deyil. Ona görə də uşaqlar peyvənd edilmir. Mən də razı deyiləm uşaqların peyvənd olunmasıyla. Amma belə bir xəbər də var ki, uşaqlar üçün xüsusi peyvənd hazırlanır.

“Uşaqlar peyvənd edilməyəcəksə, kollektiv immunitet formalaşmayacaq” fikri ilə mən də razı deyiləm. Artıq belə bir yanaşma var ki, əhalinin 60-70 faizi peyvənd olunarsa, bu, kollektiv immunitetin yaranması üçün kifayət edəcək. Azərbaycanda əhalinin sayı 10 milyondursa, bunun 2 milyonunu uşaqlara çıxsaq, qalır 7-8 milyon nəfər. Heç olmasa, 3 milyon nəfər peyvənd edilsə, o zaman rahat nəfəs ala bilərik.