Ruhidən yeni doğulan şəhid övladı ilə bağlı paylaşım: “Bir çiçək bitər: Nilufər" - Fotolar

Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının üzvü, xeyriyyəçi, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva şəhid Süleyman Bağırovun onun şəhadətindən sonra dünyaya gələn övladı Nilufərlə görüntülərini paylaşıb. O, şəhidin həyat yoldaşının doğum əməliyyatında da iştirak edib. Nilüfərə hər zaman dəstək olacağını söyləyib.
“Sherg.az” xəbər verir ki, R.Əliyeva həmin videoya qeyd də yazıb:
“Deyirlər, Tanrının qədəmi dəyən yerdə yalnız bir çiçək bitərmiş: Nilufər. Bu üzdən həmin çiçək də, onun adı da qutsaldır. Bu əfsanənin doğruluğundan əmin olmasam da, qucağıma aldığım körpə Nilufərin həqiqətən də müqəddəs bir qandan, candan doğulduğunu bilirəm. Çünki o, özünü Vətən üçün fəda edən igidlərimizdən birinin -şəhid Süleyman Bağırovun övladıdır.

Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhadətə qovuşan qardaşımız qızının doğulacağı günü səbirsizliklə gözləyib. İlk övladını qucağına almağı, onu əzizləməyi çox arzulayıb.Təəssüf ki, bu günü görmək ona  nəsib olmadı.  Süleyman qardaşımız həyatda olmasa da, onun dünyaya gələn körpəsinin, bir gözü gülüb, digəri  ağlayan həyat yoldaşının yanında durmağa çalışdıq.
Həm körpə dünyaya gələn an, həm evinə yola salınanda şəhid xanımına “qəlbimizlə, sevgimizlə sizin yanınızdayıq”-, demək istədim.
Qoy, Süleyman qardaşımızın gözü arxada qalmasın. Xanımı da, körpə qızı da ən dəyərli əmanətimizdir. Balaca Nilufər atasının əziz xatirəsinə olan sevgimizi daim hiss edəcək”.