Prezidentin sərəncamı tezliklə müsbət nəticəsini verəcək

Nəqliyyat sahəsində həqiqətən çox pərakəndəlik və sistemsizlik mövcuddur

Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL), “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər. Qeyd olunan nəqliyyat sektorları ilə bağlı mütəmadi şikayətlərlə rastlaşırıq.

Görülən tədbirlərə və atılan addımlara rəğmən, bu sahələrdə mövcud problemlər aradan qalxmır. Ancaq hesab edilir ki, adıçəkilən qurumların İnvestisiya Holdinqinin nəzarətində olması və idarəetmənin vahid mərkəzə həvaləsi müsbət nəticə verəcək. 

Dövlət başçısının qərarını “Şərq”ə dəyərləndirən “Altay” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bunun çox təqdirəlayiq addım olduğunu deyib. Ekspertin sözlərinə görə, nəqliyyat sahəsində həqiqətən çox pərakəndəlik və sistemsizlik var:

“Bu sahənin idarəetməsi, investisiyalaşdırılması, optimallaşdırılması üçün vahid mərkəzdən koordinasiya olunması vacibdir. Başqa sahələrdə olduğu kimi nəqliyyatda da vahid idarəetmə olmalıdır. Həm ölkədaxili, həm şəhərdaxili, həm də beynəlxalq daşımalarda vahid, sistemli və optimal idarəetmə vacibdir. Hazırda bu sahədə problemlər çoxdur, avtobus nəqliyyatında, marştutların təşkilində qarışıqlıq var. Dəmir yol xəttində rentabellik aşağıdır, həmçinin yeyintilər var. Hava nəqliyyatında da monopoliya ortadadır. AZAL astronomik qiymətlər tətbiq edir. Bütün bu məsələlər mütləq tənzimləməlidir. Yalnız metropoliten normal işləyirdi, o da pandemiya ilə bağlı fəaliyyətini dayandırdı. Ümumiyyətlə, ölkə üzrə nəqliyyatın işi sistemləşdirilməlidir. Xüsusən, Bakı şəhərində sərnişindaşıma yenidən qurulmalıldır. Bu dəyişikliyin tezliklə müsbət nəticə verəcəyinə şübhə etmirəm”.