Səfirlərimiz geri çağırılır - Nöqsana yol verənlər yola salınır 

"Dövlətin xarici siyasətinə uyğun davranmayanlar üçün “vida mərasimi” keçiriləcək”

Prezident İlham Əliyev Azərbaycanın Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Murad Nizami oğlu Nəcəfbəylinin vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Əlbəttə, indiki zamanda ən çox səfirlərin fəaliyyətinə ehtiyac var. Elə isə niyə onlar vəzifələrini layiqincə yerinə yetirmirlər? Nə üçün Prezidentin onlara olan ümidini doğrultmurlar?


Siyasi analitik Turab Rzayev bu barədə “Sherg.az”a danışarkən bildirdi ki, kadr dəyişikliklərinin davam edəcəyi istisna deyil: 

“Səfirliklərin bir neçəsində ciddi nöqsanlar, çatışmazlıqlar mövcuddur. Hətta keçmiş XİN dövründə elə səfirlər var idi ki, fəaliyyət göstərdikləri ölkəni tanımırdılar. Əlbəttə, belə olmaz.

Müharibə dövründə səfirlərin fəaliyyətinə ehtiyac var idi. Elə indiki islahatlar da onların savaş dövründəki fəaliyyətləri nəzərə alınaraq həyata keçirilir. Səmərəli çalışanlar vəzifələrində qalacaqlar.

Lakin kim ki, dövlətin xarici siyasətinə uyğun davranmayıb onlar üçün “vida mərasimi” keçiriləcək”.