Bayramovun Ankara səfəri: “Xarici siyasət koordinasiya olunacaq”

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Ankaraya işgüzar səfəri nəzərdə tutulur. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
C.Bayramov 23 fevral tarixində Ankarada keçiriləcək Azərbaycan - Türkiyə - Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Görüşdə müzakirə ediləcək məsələlər barədə “Sherg.az”a danışan siyasi analitik Turab Rzayev bildirib ki, Türkiyə hazırda Azərbaycan üçün birinci dərəcəli xarici müttəfiqdir:

“Bu, bir neçə sahədə özünü göstərir. Onlardan biri hərbi sahədir. Türkiyə ən böyük hərbi dəstəkçimizdir. Digər tərəfdən qardaş ölkə bizim ən nəhəng iqtisadi partnyorlarımızdan biridir. Bütün iqtisadi layihələrimiz Türkiyə üzərindən gerçəkləşir. Xarici ölkələrə nəqliyyat çıxışımız Gürcüstan və Türkiyə üzərindən həyata keçirilir. Bu da Bakı-Tbilisi-Qars xətti vasitəsilə olur. Türkiyə həmçinin diplomatik aləmdə böyük dəstəkçilərimizdən biridir. Bütün bunları nəzərə alsaq, səfər zamanı müzakirə edəcəyimiz məsələlərin çox olduğunu deyə bilərik”.

Analitik vurğulayıb ki, gündəmdə əsasən 3 mövzu var:

“Bunlardan birincisi Türkiyə ilə strateji və hərbi müqavilədir. Düşünürəm ki, belə müqavilə imzalamağa ehtiyac var. Qardaş ölkə ərazi bütövlüyümüzə dəstək verən ən birinci dövlətdir.

Ona görə də rəsmi Ankara ilə rəsmi sənəd imzalamaq yerində olardı. İkincisi, Hərbi əməkdaşlıqdan başqa iqtisadi əməkdaşlıq da mühüm yer tutur.

Hazırda Azərbaycan Türkiyənin bəzi məhsullarına qarşı gömrük rüsumlarına müəyyən endirimlər edib. Amma Türkiyədən daxil olacaq bütün məhsullara bu endirimlər edilməlidir.

Türkiyə də digər MDB ölkələri kimi rüsumsuz ticarətdən faydalanmaldır. Fikrimcə, səfərdə bununla bağlı müəyyən danışıqlar aparıla bilər.

Üçnücü məsələ isə türk vətəndaşlarının Azərbaycana, Azərbaycan vətəndaşlarının da Türkiyəyə pasportsuz səfəri məsələsidir. Ola bilsin bu məsələnin detalları da dəqiqləşdirilə bilər.

Beynəlxalq diplomatik aləmdə Türkiyə Azərbaycanın ən böyük dəstəkçisidir. Bundan sonra beynəlxalq aləmdə hər iki ölkənin xarici siyasəti bir-birinə koordinasiya olunacaq.

Bununla bağlı da ümumi məsləhətləşmələr aparıla bilər. Yəni bundan sonra beynəlxalq arenada siyasi xətt izləniləcək və iki ölkə bir-birini dəstəkləyəcək”.